Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ

Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
1291     12:04     29 09 2023    
İran İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda tarazlığın dəyişməsini özünün milli təhlükəsizliyinə, eləcə də orta və uzunmüddətli perspektivdə geosiyasi və geoiqtisadi maraqlarına təhdid kimi qiymətləndirir. Buna uyğun olaraq, indiyə qədər bəzi siyasi, diplomatik və hərbi reflekslər inkişaf etdirib.

İran rəsmi siyasət olaraq Qarabağın müharibə nəticəsində Azərbaycana qaytarılmasını alqışladı. Lakin bu müharibə nəticəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikası quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin qəti əleyhinədir. Çünki Tehran bilir ki, bu dəhliz reallaşarsa, ikitərəfli münasibətlər kontekstində Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi üzərindəki imtiyazını itirəcək.

İranın geosiyasi əhəmiyyətinin azalması

Zəngəzur dəhlizinin reallaşması ilə İran nəinki yuxarıda qeyd olunan üstünlüyünü itirəcək, həm də regional səviyyədə geosiyasi əhəmiyyəti azalacaq. Şimal və şimal-qərbdə yerləşən türk respublikalarının birbaşa quru əlaqəsi Türkiyənin Asiya və Orta Asiya ilə əlaqəsini də təmin edəcək və İranın türk dünyasında geosiyasi əhəmiyyətini xeyli zəiflədəcək.

Bundan əlavə, qlobal səviyyədə Çindən Qərbə uzanacaq Şərq-Qərb dəhlizi Zəngəzur dəhlizi vasitəsilə reallaşarsa, İran təkcə regional deyil, həm də qlobal miqyasda sahib olduğu geostrateji üstünlüklərini böyük ölçüdə itirmək ehtimalı ilə üzləşir. Bu vəziyyət Tehranın 1990-cı illərdən bəri İranı mərkəzləşdirərək yaratmağa çalışdığı, lakin heç vaxt reallaşdıra bilmədiyi Şərq-Qərb dəhlizinin tamamilə boşa çıxması deməkdir.

1990-cı illərdən İran Pakistan və Hindistan üzərindən Çinə təbii qaz kəməri çəkməyə çalışıb. Layihə uzun müddət gündəmdə qaldı. Lakin Pakistan və Hindistan arasındakı mənfi rəqabət və qarşıdurma, eləcə də Çin və Hindistan arasındakı rəqabət nəticəsində o, günü-gündən reallaşmaq imkanını itirib. Eyni layihənin qərb ayağı kimi Türkiyə vasitəsilə Avropaya çatmaq cəhdi də Türkiyə ilə razılığa gələ bilmədiyi üçün uğursuzluğa düçar oldu.

Bundan əlavə, Türkmənistan və Qazaxıstanın enerji ehtiyatlarının Xəzər dənizinin dibi ilə Azərbaycana, oradan isə Türkiyə və Avropa bazarlarına nəqlini nəzərdə tutan layihələr də gündəmdədir. Bu layihələr həmçinin İranı Türkmənistan qazının Azərbaycan və Türkiyəyə nəqli marşrutundan kənarlaşdırıb. Bütün bu səbəbləri nəzərə alsaq, Zəngəzur dəhlizinin açılması ilə Tehranın türk dünyasına təsiri xeyli azalacaq və İran regionda təkcə iqtisadi deyil, həm də siyasi üstünlüklərini itirə bilər.

İrandakı türklər

İranda əhəmiyyətli sayda türk əhalisi var. Tehran türk dünyasının inteqrasiya səylərinə töhfə verəcək yuxarıda qeyd olunan geosiyasi dəhlizlərin İran türklərinin gələcəkdə bu inteqrasiyanın bir parçası olmaq istəyini və tələblərini gücləndirəcəyini düşünür. Bu səbəbdən də Tehran öz ərazi bütövlüyü və orta və uzunmüddətli perspektivdə milli birlik və həmrəylikdən narahatdır. Bu kontekstdə Zəngəzur dəhlizinin türk dünyasının inteqrasiyasına verdiyi töhfəni sırf iqtisadi baxımdan dəyərləndirməyən İran rəsmiləri istəmədən də olsa, şüuraltı narahatlıqlarını dilə gətiriblər.

Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak etdiyi proqramda ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına “Biz olmasaq, iki həftəyə hakimiyyətinizi itirərsiniz” ifadəsindən yola çıxaraq, İran üçün “Biz olmasaq, iki həftəyə türkcə danışarsınız” bənzətməsini vermişdi.

Azərbaycan türkləri, türkmanlar və qaşqay türkləri İranın şimalında, şimal-qərbində və cənubunda səpələniblər. Ölkənin ikinci ən böyük etnik ünsürü olan türklərin əhalisi bir çox türk dövlətlərinin türk əhalisindən daha çoxdur. Bu vəziyyət 100 il əvvələ qədər türk dövlətləri və sülalələri tərəfindən idarə olunan və türk dünyasının mühüm bir parçası olan İranın narahatlıqlarını canlı saxlayır. Çünki İran türkləri müstəqil dövlət olmaq istəklərini Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dəstəyi ilə İkinci Dünya müharibəsi və İslam İnqilabından sonra muxtariyyət tələbləri ilə nümayiş etdiriblər. Ona görə də İran türklərinin türk dünyasının bir parçası olmaq istəyi sadəcə bir tələb deyil və şərait imkan verdiyi zaman reallaşa bilər.

İran türk əhalisi ilə yanaşı, həm də türk dünyasının son min illik tarixinin, mədəniyyətinin və sivilizasiyasının tərkib hissəsidir. Ona görə də Ankara İran və İran türklərini bu tənlikdən kənarlaşdırmaq əvəzinə İran və İran türklərini bu prosesə inteqrasiya etmək üçün “qazan-qazan” prinsiplərinə əsaslanan 3+3 düsturunu təqdim edərək, Tehranın yeni qazanclardan pay almasına zəmin yaratdı. Tehranın indiyə qədər inkişaf etdirdiyi reflekslər Türkiyə və Azərbaycanın təşəbbüsü ilə bir tənliyin parçası olmaqdansa, bu tənliyi rədd edən bir anlayışa əsaslansa da, prosesi tamamilə pozmaq imkan və qabiliyyətinə malik deyil.

Çünki İranın ən yüksək səviyyədə səsləndirdiyi “Bölgədəki mövcud siyasi sərhədlərin dəyişməsinə imkan verməyəcəyik” ritorikası Rusiyanın münasibətindən asılı olaraq indiyədək dayandırılmış vəziyyətdə qalıb. İranın Rusiya və Ermənistanın razılığı ilə reallaşacaq dəhlizə faktiki olaraq müdaxilə etmək şansı yoxdur. İranın “müdaxilə edəcəyik” dedikləri Azərbaycanın Zəngəzur dəhlizinin keçəcəyi Qafan şəhərini hərbi əməliyyatla nəzarətə götürməsi ehtimalına cavab olaraq ifadə olunub. Tehran İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Moskvanın münasibətinə dəstəkləyici mövqe nümayiş etdirməməyə çalışsa da, Rusiyanın hadisələrin gedişatına münasibətindən o qədər də məmnun deyildi. Tehranda Rusiyanın bu prosesi son ana qədər pozacağına inananlar hələ də az deyil. Ona görə də Tehran son ana qədər Moskvanın addımlarını gözləməyə davam edəcək.

Ukrayna müharibəsi səbəbindən Rusiyanın Türkiyə ilə münasibətlərinin nə dərəcədə inkişaf etdiyini bilən İran Moskvanı dəstəkləyən mövqe nümayiş etdirsə də, Moskvaya Cənubi Qafqazda balansı İranın xeyrinə dəyişməyə imkan verəcək müdaxilə səviyyəsinə keçməyib.

İranın daxili ictimai rəyi konsolidasiya etmək üçün inkişaf etdirdiyi Turan-NATO dəhlizi diskurusu çərçivəsində Zəngəzur dəhlizinin Rusiya və Çini də hədəf aldığı yönündəki iddialarının əksinə dəhliz Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə mühüm töhfələr verəcəyindən Pekinin də maraqlarına uyğun gəlir. İranın türk dünyasının Zəngəzur dəhlizi ilə əldə edəcəyi üstünlüyü gələcəkdə Çinə təzyiq etmək üçün istifadə olunacaq “kozır” kimi Pekinə təqdim etmək cəhdləri hələlik uğursuzluğa düçar olub.

Digər tərəfdən, Şimal-Cənub dəhlizini işlək vəziyyətə salmaqla Rusiyanın rolunu azaltmaq cəhdləri heç bir reaksiya ilə qarşılanmayıb. Ona görə də İranın Zəngəzur dəhlizinin qarşısına qoymağa çalışdığı regional və qlobal maneələr Tehranın arzuladığı istiqamətdə inkişaf etməyib və hələlik bu məsələdə tək qaldığı üçün mümkün müdaxilə imkanlarını məhdudlaşdırıb.

Nəticə etibarilə Zəngəzur dəhlizi təkcə 36 kilometrlik quru əlaqəsi və ya enerji resurslarının tranziti üçün marşrut deyil, regional və qlobal tarazlıqlara təsir etmək gücünə malik bir layihə olmaqla yanaşı, İranın daxili balanslarına da təsir etmə potensialına malikdir. Bu vəziyyət Tehranda dərin narahatlıqlara səbəb olur və Ankaranın “qazan-qazan” formulu ilə irəli sürdüyü 3+3 formatı İran üçün ən sərfəli variant kimi görünsə də, Tehranın qalib gəlməkdənsə, uduzmamaq məntiqi ilə hərəkət etdiyi üçün bir müddət fərqli həll yolları axtarmağa davam edəcəyi gözlənilir.
Strategyvision.org

Teq: Zəngəzur-Dəhlizi   İran   Azərbaycan  


Oxşar məqalələr
Son əlavə olunanlar