Dağıdıcı texnologiyaların təsiri ilə bağlı uzaqgörən strategiyaların əhəmiyyəti – STRATEJİ BAXIŞ

Dağıdıcı texnologiyaların təsiri ilə bağlı uzaqgörən strategiyaların əhəmiyyəti – STRATEJİ BAXIŞ
752     11:13     21 06 2023    
Avstriyalı iqtisadçı Cozef Şumpeterin əsərindən yaranan “yaradıcı məhv” termini XX əsrdən bu günə qədər müzakirə edilən bir anlayışa çevrilərək sənayenin transformasiyasında müəyyənedici rolunu gündən-günə gücləndirdi.

Şumpeter iqtisadi artımın qurulmuş sənayeləri poza və yenilərini yarada biləcək sahibkarlıq və innovasiyadan qaynaqlandığına inanırdı. O bu yaradıcı məhv prosesinin uzunmüddətli iqtisadi artım və tərəqqi üçün vacib olduğunu müdafiə edirdi. Şumpeter sahibkarları bu prosesin hərəkətverici qüvvəsi kimi görürdü, çünki hesab edirdi ki, onlar risk götürməyə və yeni texnologiyalara, ideyalara sərmayə qoymağa hazırdırlar (McCraw, 2007).

Şumpeterin yaradıcı məhvlə bağlı fikirləri bu gün “dağıdıcı texnologiyalar”ın yaratdığı sənaye mutasiyaları prosesində öz etibarlılığını başqa ölçüyə daşıyıb. Süni Zəka (SZ), blokçeyn və əşyaların interneti kimi yeni texnologiyalar ortaya çıxmağa davam etdikcə, onların mövcud sənayeləri pozması və yenilərini yaratması qaçılmazdır. Yaradıcı məhv prosesi iqtisadi artım və tərəqqiyə təkan verməkdə mühüm rol oynamağa davam edəcək.

Bu kontekstdə siyasətçilərin və biznes liderlərinin üzərində məhvin və yenidən qurulan strukturların cəmiyyətə təsirinin necə idarə olunması ilə bağlı mühüm öhdəliklər var.

Dağıdıcı Texnologiyalar

Dağıdıcı texnologiyalar sənayenin iş prinsiplərini və rəqabət mühitini əsaslı şəkildə dəyişdirən və müəyyən edilmiş texnikanın istifadə dəyərini aradan qaldıran texnologiyalardır. Konsepsiya ilk dəfə innovasiya üzrə ekspert Kleyton Kristensen tərəfindən öz kitabında istifadə edilib və burada o, ən elit şirkətlərin niyə hər şeyi düzgün etdiyini, lakin bazar liderliyini itirdiyini araşdırır.

Dağıdıcı texnologiyalar məhsul və xidmətlərin təkmilləşdirilməsini nəzərdə tutan davamlı texnoloji inkişaflardan fərqli olaraq iqtisadiyyatda, sənayedə və sosial həyatda köklü dəyişikliklərə səbəb olur (Kristensen, 1997).

2025-ci ilə qədər sənayedə əsaslı dəyişikliklər yaratmaq potensialına malik olan 12 dağıdıcı texnologiya mövzusu aşağıdakı kimi sıralana bilər (“McKinsey Global Institute”, 2013):

˧ Qabaqcıl Materiallar,
˧ Mobil İnternet,
˧ Koqnitiv İşin Avtomatlaşdırılması,
˧ Əşyaların İnterneti,
˧ Bulud Texnologiyası,
˧ Qabaqcıl Robototexnika,
˧ Avtonom və Yarımavtonom Vasitələr,
˧ Yeni Nəsil Genetika,
˧ Enerji Saxlama,
˧ 3D Printerlər,
˧ Qabaqcıl Neft və Təbii Qaz Kəşfiyyat Texnologiyaları
˧ Bərpa Olunan Enerji.

Dağıdıcı texnologiyaların mümkün risklərinə əməyin disfunksionallaşması ilə bağlı təhdidlər, ənənəvi iş rollarının pozulması və bacarıq boşluğunun genişlənməsi daxildir. Avtomatlaşdırma və digər dağıdıcı texnologiyalar səbəbindən işdən çıxarılmış şəxslər xüsusilə yeni iş rolları üçün lazım olan bacarıqlara malik olmadıqda yeni iş tapmaqda çətinlik çəkə bilərlər. Bu, işsizliyə, məşğulluq problemlərinə və gəlir bərabərsizliyinə səbəb ola bilər.

Bununla belə, dağıdıcı texnologiyalar işçilər, bizneslər və siyasət strateqləri üçün də imkanlar təqdim edir. İşçilər məlumat elmi, maşın öyrənilməsi və blokçeyn mühəndisliyi kimi sahələrdə yeni iş imkanlarından yararlana bilərlər. Müəssisələr avtomatlaşdırma və digər dağıdıcı texnologiyalar tətbiq etməklə öz səmərəliliyini və məhsuldarlığını artıra bilər. Siyasətçilər işçilərə yeni iş rolları üçün lazım olan bacarıqları əldə etməyə kömək edən təhsil və təlim proqramlarına sərmayə qoymaqla işçiləri və biznesləri dəstəkləyə bilərlər.

Türkiyənin Dağıdıcı Texnologiyalara Qarşı Strategiyaları

Türkiyənin qlobal rəqabət qabiliyyətini artırmaq, iqtisadi və texnoloji müstəqilliyini təmin etmək üçün kritik texnologiyalarda sıçrayış təmin edəcək strategiyalar Türkiyə Sənaye və Texnologiya Nazirliyinin “Milli Texnologiya Hərəkatı” yanaşması ilə çərçivələnib. Türkiyə “Milli Texnologiya Hərəkatı” öz strategiyasını üç konsepsiya üzərində qurur. Coğrafi baxımdan bir bölgəyə aid olmağı ifadə edən “yerlilik”, millətə aid olmağı ifadə edən “millilik” və əqli dəyəri olan məhsulun bilavasitə başqa əqli nəticələri ehtiva etmədiyini, yəni öz əqli dəyərinin olduğunu ifadə edən “orijinallıq” anlayışları bu təməlləri təşkil edir.

“Milli Texnologiya Hərəkatı”nın hədəfləri arasında dağıdıcı texnologiyalar üçün strategiyalar mühüm yer tutur. 2019-cu ildə nəşr olunan 2023 Sənaye və Texnologiya Strategiyası sənədində hədəflər və strategiyalar aşağıdakı kimi sıralana bilər:

· “Milli Texnologiya Hərəkatı”nın əsas sahələrini və prioritetlərini müəyyən etmək üçün dağıdıcı texnologiyalarda şirkətlərin, universitetlərin və tədqiqat infrastrukturlarının səviyyəsini aşkar etmək üzrə tədqiqat və inkişaf səriştələri xəritəsi hazırlanacaq.

· Hələ hazır olmayan və sıfırdan investisiyanın vaxt tələb etdiyi SZ və maşın öyrənmə, robototexnika və əşyaların interneti kimi dağıdıcı texnologiyaların sürətlə tətbiqi üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcək.

· Ənənəvi məhsul və xidmətlər sensorlar, əşyaların interneti, SZ, robototexnika və bulud hesablamaları kimi dağıdıcı texnologiyaların yayılması ilə ağıllı məhsul və xidmətlərlə əvəz olunur. Türkiyənin bu transformasiyada ən azı dağıdıcı texnologiya sahələrindən birində dünya lideri bazar payına və ya marka dəyərinə malik ən azı 23 ağıllı məhsulu bazara çıxarması hədəflənir (2023 Sənaye və Texnologiya Strategiyası, 2019).


Strateji Araşdırmalar və Səmərəlilik Ümumi Müdirliyi (2021) texnoloji inkişaf dalğalarının ölkələrin məşğulluq kompozisiyalarının fərqliliyindən asılı olaraq müxtəlif nəticələr verəcəyini təhlil edərək ümumilikdə 22-44% arasında olan ölkələrin məşğulluğuna təsir edəcək çevrilmədə Türkiyənin ən çox üçüncü dalğa olaraq da adlandırılan avtonomluq dalğasından təsirlənəcəyini təyin edib və bu məqsədlə işlər həyata keçirib

İnformatika Vadisi: Dağıdıcı Texnologiyalara İnsan Kapitalı İnvestisiyaları

İnformatika Vadisi “Milli Texnologiya Hərəkatı” vizyonunu reallaşdırmaq üçün Türkiyənin müdafiə sənayesindəki uğurlarının mülki texnologiyalara köçürülməsində mühüm rol oynayır. Dağıdıcı texnologiyaların təsiri altına düşən mobillik, əlaqə texnologiyaları, kibertəhlükəsizlik, proqram təminatı və dizayn kimi sahələrdə sahibkarlıq ekosistemini gücləndirən İnformatika Vadisi bu sahədə insan kapitalına yönəlmiş fəaliyyətləri ilə də potensial məşğulluq risklərini sənaye transformasiyasında üstünlüklərə çevirir.

İnformatika Vadisinin layihə koordinatoru və TÜBİTAK TÜSSIDE-nin layihə ortağı olduğu Türkiyə Açıq Mənbə Platforması Layihəsi ilə Türkiyədə proqram təminatı istehsalçılarının sayını artırmağı və ölkəni proqram, texnologiya ixracatçısı etməyi hədəfləyən 42 Proqram Məktəbləri dağıdıcı texnologiyaların sənayedə dominant rol oynamasına qarşılıq olaraq yaranacaq bacarıq boşluğunu da aradan qaldırmağa yönəlmiş strategiyalardan biridir.

Bundan əlavə, İnformatika Vadisi dağıdıcı texnologiyaların ehtiyac duyduğu insan dəyərini artırmaq, innovativ təhsil modelinin gələcək nəsillər üçün davamlı olması məqsədilə Türkiyənin təhsil müəssisələri ilə inteqrasiyalı tədqiqatlar aparır. İnformatika Vadisində Açıq Mənbə Əsaslı Robot Kodlaşdırması və Süni Zəka Seminarında giriş səviyyəli robototexnika, qabaqcıl “Arduino” əsaslı kodlaşdırma məntiqini öyrətmək məqsədi daşıyan təhsil imkanı təklif olunur.

Bu sayədə 2025-ci ilə qədər sənayedə əsaslı transformasiyalar yaratmaq potensialı daşıyan “əşyaların interneti, bulud texnologiyası və qabaqcıl robototexnika” sahələrində ehtiyac duyulan bacarıqların insan kapitalı baxımından təmin edilməsi təşkil edilir.

Əvvəldə deyildiyi kimi, dağıdıcı transformasiyada əsas təsir köklü qurumlar əvəzinə sahibkarlar tərəfindən həyata keçirilir. İnformatika Vadisi Türkiyədə sahibkarlıq ekosisteminə güclü töhfələr verən proqramları və dəstəkləri ilə bu sahədə mövcud potensialın reallaşdırılması üzrə həyata keçirilən strategiyalar üçün əhəmiyyətli bir model təşkil edir.
Strategyvision.org

Teq: Süni-Zəka   Avtonomluq  


Oxşar məqalələr
Son əlavə olunanlar