İnformasiya sahəsində ABŞ-ın çoxsaylı çatışmazlıqları var?| Düşmən eyni zamanda quru, fəza və kiberməkanda hücuma keçə bilər

  İnformasiya sahəsində ABŞ-ın çoxsaylı çatışmazlıqları var?|  Düşmən eyni zamanda quru, fəza və kiberməkanda hücuma keçə bilər
623     11:24     28 07 2021    
100 il bundan əvvəl Birinci Dünya müharibəsi ölkələri silahlı müharibəni sənaye dövrü texnikası və milliyətçilik ideyası ilə birləşdirdi. 4 il davam edən öyrənmə yarışı nəticəsində müharibə konsepsiyası transformasiya, hətta inqilab yaşadı. Artilleriya, silahlı maşınlar, tanklar və təyyarələrin müharibəyə inteqrasiyası həm çətinliklər, həm də fürsətlər yaratdı.

Bugünkü informasiya əsri də özü ilə bərabər həm problemlər, həm fürsətlər gətirib. Kiberməkan, qabaqcıl hesablama sistemləri, insansız hərbi avadanlıqlar və sosial şəbəkələr müharibədə informasiya inqilabına gətirib çıxarıb. Ekspertlər bildirir ki, potensialından tam istifadə edə bilməsi üçün ABŞ ordusu qeyri-ölümcül informasiya müharibəsi konsepsiyası ilə barışmalıdır. İnformasiyanı formalaşdırmaq, idarə və manipulyasiya etmək üçün ABŞ ordusunun informasiya müharibəsinə baxışında dəyişiklik etmək lazımdır. Bu dəyişikliyə, daha yaxşı hərbi təlimlər və hərbi xidmətlərdə planlama və əməliyyatlar zamanı informasiya xidmətlərinin inteqrasiyası yolu ilə çatmaq olar.

İnformasiya müharibəsi olduqca yeni termindir, xarici elmi ədəbiyyatlarda hərbi sahə üçün bu termin “Ordunun düşmənlərin qərarvermə prosesinə təsir edən informasiyanı manipulyasiya edilərək dəyişdirməsi və eyni zamanda öz qərarvermə mexanizmi üçün lazım olan informasiyanı qoruması” kimi izah edilir.


ABŞ Müdafiə naziri Ceyms Mettisin də qeyd etdiyi kimi orduya informasiya bölməsinin əlavə edilməsi onun müasir texnologiya və sosial şəbəkələr dövründə hərbi əməliyyatlar üçün nə qədər vacib olduğunu göstərir.

İnformasiya həm resurs, həm də silahdır. Gələcəyin döyüş meydanlarının hazırkından çox fərqli olacağı düşünülür. Düşmən qüvvələri eyni zamanda quru, fəza və kiberməkanda hücuma keçəcək. Məşhur tarixçi Xristofor Reyn qeyd edir ki, müharibə məkanlarına fəza və kiberməkanın əlavə edilməsi informasiya müharibəsini daha da kompleksləşdirib.

İnformasiyanın müharibədə istifadə edilməsi yeni deyil, lakin bu, ABŞ ordusunu hələ də qorxudur. İnformasiya əməliyyatları fırıldaqçılıqdan tutmuş ictimatiyyətdəki kiber aktlara qədər gedib çıxır, ABŞ ordusu isə tarixi olaraq öz silah gücünə və manevralarına etibar edib. Amerikanın döyüş üsulu yüksək dərəcədə inteqrasiya edilmiş komandanlıqlar və idarə şəbəkələri ilə düşmən məntəqələrinin və nəzarət nöqtələrinin ələ keçirilməsini əhatə edir. Bu üsul ənənəvi döyüş meydanlarında olduqca uğurlu olsa da, informasiya mühitinin strateji, operativ və taktiki səviyyədə istifadə edilməsini özündə ehtiva etmir.


ABŞ ordusu informasiya məkanındakı manevrləri – qeyri-ölümcül və qeyri-şəffaf tədbirləri – sevmir. Lakin, Mettisin də 2009-cu ildə qeyd etdiyi kimi gələcəyin müharibələrində düşmənlərdən geri qalmamaq üçün ABŞ ordusu informasiya müharibəsinin ona yaratdığı çətinliklərin öhdəsindən gəlməlidir.

ABŞ ordusunun informasiya müharibəsi ilə bağlı tək problem bu da deyil. Hərbi rəsmilər döyüşləri, siyasətçilər isə həmin döyüşlərin ortaya çıxardığı diplomatik mübarizələri qazanmağa çalışır. İnformasiya müharibəsi sahəsində araşdırmalara üstünlük verilmir.

ABŞ informasiyanı ayrıca bir döyüş funksiyası kimi görməyə başlayarsa onun ümumi hərbi strategiya və milli güc instrumentlərinə təsirini də nəzərə almalıdır. Çünki, müharibələr siyasətlə idarə olunur, siyasət isə informasiyanın təsiri altındadır. Buna görə də ordu ABŞ mülki-hərbi münasibətlərini də nəzərdən keçirməlidir. Məsələn, Birinci Körfəz müharibəsi zamanı koalisiyanın hücumlarını dayandırmasının əsas səbəbi İraq magistral yolunun dağıdılmasını göstərən video və fotoların yayılması oldu. Başqa sözlə desək, ordu informasiya müharibəsi üçün bacarıqlarını inkişaf etdirərkən, liderlər də planlar və əməliyyatların milli strategiya ilə uyğunluq təşkil etməsini nəzarətdə saxlamalıdırlar.


İnformasiya məkanının istismar edilməsi tarix boyu baş verib. İrimiqyaslı ilk informasiya müharibəsi isə Birinci Dünya müharibəsində simsiz rabitə vasitələrinin ələ keçirilməsi vasitəsilə informasiya əməliyyatları həyata keçirilərkən olub. Müharibə başlayarkən Böyük Britaniya Almaniyaya gedən teleqraf xətlərini kəsdi, bununla da almanlar kommuniyasiya blokadasına məruz qaldılar.


1917-ci ilin aprelində almanlar informasiyadan o günədək bənzəri görülməmiş formada istifadə etdilər: Həmin vaxt İsveçrədə sürgündə olan Vladimir Lenin və tərəfdaşlarını “möhürlü qatar” adlandırılan və yoxlanışdan azad olan qatarla Petroqrada göndərdilər. Almanlar şərq cəbhəsində ruslara qarşı döyüşərkən, Lenin də ortaya atdığı iddialarla Rusiya monarxiyasının dağılmasını asanlaşdırdı. Almanlar rusların davranışlarına təsir etmək üçün Lenini insan silahı olaraq istifadə etdilər.


İkinci Dünya müharibəsi zamanı müttəfiqlər Normandiyada gizləndikləri məntəqələri gözəgörünməz etmək üçün müxtəlif elektron avadanlıqlardan istifadə etdilər. Xristofor Reyn qeyd edir ki, İkinci Dünya Müharibəsində həyata keçirilən informasiya əməliyyatları daha qarmaqarışıq idi, ordu və siyasətçilər arasında çoxsahəli koordinasiya tələb edirdi.


Birinci Körfəz müharibəsində, ABŞ koalisiyası İraqın qərarvermə mexanizmlərinə təsir etmək üçün irimiqyaslı informasiya əməliyyatları həyata keçirdi. ABŞ donanması iraqlıların diqqətini yayındırarkən, eyni zamanda Fransa peyk sistemlərinin Səddam Hüseynə koalisiya əməliyyatları ilə bağlı görüntülər verməsinin qarşısını aldı.

Daha sonralara baxsaq, Rusiya Ukraynadakı konfliktlərdə hibrid müharibədən istifadə etdi. Krımı uğurlu informasiya kampaniyası nəticəsində bir atış belə həyata keçirmədən ələ keçirdi. Krımı birləşdirdikdən sonra, Rusiya informasiya əməliyyatlarına davam etdi. Sualtı naqillər vasitəsilə ölkədə istifadə olunan internet xidmətlərini filtrləməyə nail oldu.


Gerasimov doktrinasında da deyildiyi kimi, siyasi və strateji məqsədlərə çatmaq üçün qeyri-hərbi vasitələrin istifadəsi getdikcə artır və onların gücü artıq ənənəvi silahların gücündən daha çoxdur.

Hərbidə 1990-cı illərdə ortaya çıxan informasiya inqilabı şəbəkə mərkəzli müharibə, sensorlar, kompüterlər və peyklərə əsaslanan əməliyyatlar kimi yeni konsepsiyalarla hədəfləri daha sürətli və dəqiq vurmağa imkan yaratdı.

İnformasiya sahəsində ABŞ-ın çoxsaylı çatışmazlıqları var, ABŞ ordusu, adətən, informasiyanı ənənəvi həllərə köməkçi olaraq istifadə edir. Ənənəvi döyüş və döyüş planlaması sahələrində ABŞ əsrlərdir dominantlıq etsə də, məsələ qeyri-ölümcül və diplomatik yollara gələndə o, geri qalır. ABŞ hərbi mədəniyyəti nəticəsi bəlli olan standart əməliyyatları psixoloji vasitələrdən üstün tutur.

Bütün potensialı ilə istifadə edilərsə, informasiya müharibəsi döyüş məkanını qələbə üçün hazırlaya bilər. İnformasiya düşmənin döyüş ruhunu düşürə bilər, aldada, yaxud qərarvermə prosesinə təsir edə bilər. Xüsusilə, KİV-lərin informasiyanı saxta məlumat vermək, yaxud manipulyasiya etmək üçün asanlıqla istifadə edə bildiyi bir dövrdə informasiya raketlərdən daha təhlükəli silahdır. Lakin, düşmənlərə informasiya ilə təsir etmək hər kəsə əlçatan olan “Twitter” sosial şəbəkəsində məlumatlar yaymaq kimi asan görünsə də, onların dili, tarixi və mədəniyyətini geniş şəkildə araşdırıb başa düşmədən mümkün deyil.


Digər bir məsələ isə etik normalardır. Bu gün hərbi və kəşfiyyat agentlikləri informasiya sistemləri, sosial şəbəkələr və digər sensorlar vasitəsilə məlumat toplaya və onları dəqiqələr içində komandanlıqlara göndərə bilər. Lakin, mülki infrastrukturlarda fəaliyyət göstərən bu sistemlərdən informasiya “oğurlanması” nə qədər etikdir?

Kiberməkanın inkişafı ilə döyüş məkanı olduqca genişlənib. Emi Zeqarta görə, kiber aktların 5 növü var: oğurlamaq, casusluq, pozmaq, məhv etmək, aldatmaq. Bu aktların hər biri informasiya sistemləri ilə saniyələr içində həyata keçirilə bilər, buna görə də müdafiə olunmalı sahələr də artıb.

İnformasiya müharibəsi sahəsindəki boşluqları doldurmaq üçün uzun müddətli və ən effektiv həllin həm hərbçilər, həm siyasətçilər, həm də diplomatlar üçün təklif ediləcək, əlçatan professional hərbi təhsil olduğu düşünülür. Yalnız bu sayədə hərbçilər asanlıqla dəyişən müharibə şərtlərinə adaptasiya olmağı öyrənə bilərlər.
Strategyvision.org
Oxşar məqalələr
Son əlavə olunanlar