Yom Kippur müharibəsi və Ukrayna böhranının sonu

  Yom Kippur müharibəsi və Ukrayna böhranının sonu
804     20:35     01 06 2022    
Ukraynada Rusiyanın regional güc balansını pozmaq məqsədi ilə başlatdığı hücum Moskva və Vaşinqton arasında qarşıdurmanı alovlandırıb və Amerikanın dəstəklədiyi Ukrayna müharibədə üstünlük əldə etdikcə rusların nüvə silahından istifadə edəcəyi ilə bağlı qorxular artıb.

Ukrayna müharibəsi ilə tarixdə baş verən qarşıdurmalar arasında paralellər aparan zaman ehtiyatlı davranmaq lazımdır. Yom Kippur müharibəsi kimi də tanınan və 1973-cü ildə ərəblərlə israillilər arasında baş verən toqquşma şübhəsiz ki, Ukraynada davam edən müharibə kimi deyildi. Lakin bəzi mənalarda bu müharibə iki nüvə supergücü arasında birbaşa hərbi qarşıdurmadan qaçmaq üçün model kimi qiymətləndirilən 1961-ci il Kuba Raket Böhranı ilə müqayisədə Ukraynadakı müharibəyə daha çox uyğun görünür.

Kuba Raket Böhranından fərqli olaraq Rusiya-Ukrayna müharibəsi kimi 1973-cü il müharibəsi ənənəvi müharibə idi. Hər iki müharibə liderlərin – Misir prezidenti Ənvər Sadat və Rusiya prezidenti Vladimir Putinin strateji məqsədlərinə çatmaq üçün regionların güc balansını dəyişməyi hədəfləyən hücumlarla başladı. Misir Sinayı geri qaytarmaq, Rusiya isə Ukraynada dominant mövqe yaratmaq istəyirdi. Hər ikisində bu cür qərarlar strateji baxımdan məna kəsb etmir və hərbi təcavüzkar üçün çox baha başa gəlib. Sədat İsrailin Misirin hərbi üstünlüyünə qalib gələ bilməyəcəyini və döyüş meydanında məğlub olacağını düşünürdü. Putin də müharibədən əvvəl Ukrayna ilə bağlı eyni düşüncələrə malik idi. Lakin illərlə davam edən diplomatik danışıqlar və iki illik müharibə İsraili Sinaydan çıxara bilmədi, habelə Rusiyanın diplomatik və hərbi təzyiqlərinə baxmayaraq, Ukrayna NATO və Avropa İttifaqı ilə əlaqələrini möhkəmləndirmək niyyətində görünür.

Əksər tarixçilərin düşündüyü kimi, Misir hücumunun yəhudi dövləti üçün yaratdığı ekzistensial təhlükə ilə bağlı İsrailin qorxularına baxmayaraq, Sədatın məqsədləri daha məhdud idi. O, Süveyş kanalını keçmək və İsrail qoşunlarını öz torpaqlarını müdafiə etməyə məcbur etmək məqsədini güdürdü. Yarımadadakı mövqelər Qahirəyə Sinayı Misirə qaytarmaq üçün ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyətə təzyiq etməyə imkan verirdi. Tarixçilər uzun illər Putinin Ukraynaya hücum etməklə nəyə nail olmaq istədiyini dəqiq müəyyən edə bilməyəcəklər. Onlar Putinin məqsədinin hökuməti devirmək və ölkənin böyük bir hissəsini işğal etmək, yoxsa sadəcə Donbası ilhaq etmək və Krımın təhlükəsizliyini təmin etmək olub-olmamasını müzakirə edəcəklər.

Bununla belə, hər iki halda Birləşmiş Ştatlar öz tərəfdaşına tam miqyaslı silah tədarükü həyata keçirmək, hərbi və diplomatik dəstək verməklə dolayı yolla müharibəyə müdaxilə etmək qərarına gəlib. Vaşinqton 1973-cü il müharibəsində Moskvanın dəstəklədiyi Misirin, indi isə Rusiyanın məqsədlərini puça çıxarmağa kömək edir. İki müharibə dərin tarixi və mədəni köklərə malik regional münaqişədən iki fövqəldövlət arasında böyük geostrateji sınaq meydanına çevrilib. Fərq ondadır ki, 2022-ci ildən fərqli olaraq 1973-cü ildə Birləşmiş Ştatlar diktaturaya qarşı demokratiyanı müdafiə edərək səlib yürüşünə rəhbərlik etdiyini iddia etmədi, lakin o, tərəfdaşı vasitəsilə qlobal rəqibinə zərbə vurmağa çalışdığını bildirdi, Vaşinqtonun indi etməyə çalışdığı da məhz budur.

Həqiqətən də, ABŞ-ın hərbi yardımı İsrailə Misirin hücumunu, eləcə də SSRİ-nin dəstəklədiyi digər dövlət olan Suriyadan hücumu dayandırmağa imkan verdi. Müharibənin sonunda İsrail Misirin paytaxtından təxminən 101 kilometr uzaqlıqdakı mövqelərə irəliləmiş və Qahirə-Süveyş yolunu kəsərək və Misirin Üçüncü Ordusunun əsas hissəsini mühasirəyə alaraq 1600 kvadrat kilometr ərazini nəzarət altında almışdı və şimalda Dəməşqə doğru irəliləyirdi. Sovet hərbi yardımı döyüş meydanında qüvvələr balansını dəyişdirə bilmədi və Moskvadakı liderlər müharibəyə birbaşa müdaxilə edəcəkləri ilə hədələdilər. Amerikalılar, İsraili ölkənin silahlı qüvvələrinin irəliləyişlərini dayandıracaq atəşkəsə razılaşmağa məcbur edə bilməsələr, Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyindən narahat idilər.

Dövlət katibi Henri Kissincerin başçılıq etdiyi Amerika diplomatiyası iki fövqəldövlət arasında qarşıdurmadan qaçmağa, müharibəni dayandırmağa, atəşkəsə nail olmağa və siyasi razılaşmanın əsasını yaratmağa müvəffəq oldu. Kissincer bunu heç bir tərəfin, o cümlədən Vaşinqtonun dəstəklədiyi dövlətin qalib kimi çıxmayacağını təmin etməklə həyata keçirdi. Nəticədə ABŞ hərbi dalana dirənmiş vəziyyətə son qoymağa kömək etdi.

Bu baxımdan, Ukraynaya kömək etməklə, Vaşinqton və onun Qərb müttəfiqləri tezliklə ABŞ-ın 1973-cü il Yaxın Şərq Müharibəsinin sonunda olduğu kimi vəziyyətə düşəcək və Ukraynaya ABŞ-ın birbaşa hərbi müdaxiləsi olmadan Moskvanın hücumunu dayandırmağa, Rusiyaya döyüş meydanında qan tökməyə imkan yaradacaq.

Amerika yalnız hərbi durğunluq zamanı, hər hansı qalibin olmamasından istifadə edərək atəşkəsə nail olmaq və siyasi razılaşmanın əsasını yaratmaq üçün hərəkətə keçəcək. 1973-cü ildə olduğu kimi, sazişdə təkcə Birləşmiş Ştatların tərəfdaşı - Ukraynanın müstəqilliyini və Qərblə əlaqələrini dəstəkləmək deyil, həm də qarşı tərəfin maraqları nəzərə alınacaq, istənilən həll variantı Rusiyanın Ukraynadakı maraqlarını tanıyan sazişə birləşdiriləcək.
Strategyvision.org

Teq: Ukrayna   Yom-Kippur   Rusiya  


Oxşar məqalələr
Son əlavə olunanlar