Vladimir Putinin Ukraynada Pirr qələbəsi üçün seçimlər – ABŞ nə etməlidir?

 Vladimir Putinin Ukraynada Pirr qələbəsi üçün seçimlər –  ABŞ nə etməlidir?
754     15:56     07 06 2022    
Ukraynanı fəth etmək planında uğursuzluğa düçar olan Vladimir Putin daha məhdud planlar qurdu: Şərqi Ukraynaya nəzarət. Lakin o, indi burada da uğursuzluğa düçar olur. Əsas müzakirə olunası suallar ondan ibarətdir ki, Putin bundan sonra nə edəcək və biz nə etməliyik?

Putinin Şərqi Ukraynadakı uğursuzluğu döyüş meydanında özünü göstərir. Mariupolda davam edən Ukrayna müqaviməti Rusiya üçün biabırçılıq mənbəyinə çevrilib, buraya “Moskva” raket kreyserinin batması, onlarla və ya daha çox rus generalının öldürülməsi və Xarkovu azad etmək üçün uğurlu Ukrayna hücumunu da əlavə etmək olar.

Lakin ukraynalılar bu uğurun bədəlini ağır ödəyirlər. Rusiyanın Ukrayna infrastrukturuna qarşı cəza hücumları faciəli insan itkilərinə səbəb olur. Yenə də Ukraynanın əhval-ruhiyyəsi və qətiyyəti yüksək olaraq qalır. Rusiyanın Ukrayna ordusunun tezliklə tükənəcəyi ilə bağlı fərziyyəsi özünü doğrultmadı. Rusiyanın Qərbin münaqişədən kənarda qalacağına dair ehtimalı da eyni dərəcədə yanlış idi.

Putin, ABŞ prezidentliyinin zəif olduğunu və Amerika ictimaiyyətinin Ukraynaya müdaxilə etmək üçün müharibədən çox yorulmuş olduğunu yanlış mühakimə edərək, işğalının vaxtını diqqətlə təyin etdiyini düşünürdü. O, NATO-nun parçalandığına və vahid cavab verə bilməyəcəyinə inanırdı. Onun bütün fərziyyələri yanlış idi.

İndi görünür, Rusiya üçün vəziyyət daha da pisləşəcək. Ukraynanın qətiyyəti və Rusiyanın qəddarlığına qarşı qəzəb Qərbin öhdəlikləri barədə yenidən düşünməsinə səbəb olub. Qərb indi müharibənin ilkin mərhələsində olduğundan daha çox silah verir. 105 mm və 155 mm-lik artilleriya qurğuları kimi müasir silah sistemləri Rusiya qüvvələrini düz ərazilərdə dəf etmək üçün xüsusilə effektivdir. Texniki yardım və təlimlər Ukraynanın özünü müdafiə etmək və Rusiya qüvvələrinə əhəmiyyətli zərbələr vurmaq qabiliyyətini artırır. Bütün bunlar Rusiyanın Donbasdakı irəliləyişini əhəmiyyətli dərəcədə yavaşlatmağa kömək edir. Putin Qərb yardımının müharibədə keyfiyyət dəyişikliyi etməyəcəyinə inanırdı.

Putinin variantları

Mövcud tendensiyalar davam edərsə, çox güman ki, Putin tezliklə üç çətin seçim qarşısında qalacaq:

Birincisi, Ukraynanın əzmini qırmaq və məsələni zamanla həll etmək ümidi ilə yaxın gələcək üçün hazırkı yanaşmasına sadiq qala bilər. Bundan əlavə, o, Qərbin Ukraynanı dəstəkləməkdən yorulacağına ümid edir. Bu cür “ümidlərə əsaslanan” yanaşma Rusiyanın qələbəsinə çevrilməyəcək. Bu, Əfqanıstanda Sovet İttifaqının üzləşdiyi kimi Ukraynada da Rusiyanı bataqlığa ilişdirəcək. İtkilər artdıqca və Rusiya iqtisadiyyatına təsir uzandıqca müharibədən narazılıq artacaq. Xüsusilə artan beynəlxalq sanksiyalar rejimi fonunda üzləşdiyi iqtisadi təcrid nəzərə alınarsa, bu yol Putin üçün əhəmiyyətli xərclərinə səbəb olacaq. Hal-hazırda olduğu kimi, Rusiya elektron sistemlər üçün mətbəx cihazlarından istifadə edir və mülki məqsədli GPS qurğularını təyyarələrə quraşdırır. İtkilər artdıqca bu, daha da pisləşəcək. Bu perspektivli variant deyil.

İkincisi, Putin eskalasiyaya qərar verə bilər. O, Krım kimi Donbası da Rusiya Federasiyasına birləşdirə, Rusiya ərazisinin müdafiəsi üçün müharibə elan edə və ümumi səfərbərlik əmri verə bilər. Bundan sonra o, belə bir cəsarətli addımın Qərbin Ukraynaya dəstəyinə təsir edəcəyini və Qərb alyansını parçalayacağını güman edə bilər.

Putinin düşünə biləcəyi başqa bir eskalasiya variantı, Ukraynaya əlavə maddi dəstəyin göstərilməsinin qarşısını almaq məqsədilə qonşu NATO ölkəsinə qarşı zərbə endirməkdir. NATO belə bir eskalasiyaya hazır olmalıdır. NATO buna sürətli reaksiya verməlidir. Sürətli cavab verməmək Putini ittifaqın etibarını sarsıtmağa yönəlmiş daha çox bu cür hücumlarla irəliləməyə sövq edə bilər.

Eskalasiyanın ən ciddi forması Ukraynaya, NATO ölkəsinə və ya ABŞ-a qarşı yönəlmiş məhdud nüvə zərbəsi olardı. Putinin müşavirləri dairəsində bu cür aktın tərəfdarları var, amma bu, mümkündürmü? Rusların təcrid olunmuş Ukrayna hərbi hədəfinə qarşı nüvə silahından istifadə etməyi düşünə biləcəyi ehtimal edilir. Belə bir strateji zərbənin məqsədi həm Ukraynanı terrora məruz qoymaq, həm də ən əsası, avropalıları müharibənin həddən artıq təhlükəli olduğuna inandırmaq və bütün tərəfləri Rusiya üçün əlverişli şərtlərlə müharibəyə son qoymağa həvəsləndirmək olardı.

Bu variant - nüvə zərbəsi Putin üçün ən təhlükəli variantdır və Rusiyanın hərbi davranış modelinə uyğun gəlmir. Kəşfiyyat rəsmiləri Rusiyanın belə bir hücuma hazırlığını görmədiklərini deyirlər. Buna baxmayaraq, Putin bununla bağlı hədələr səsləndirib. Bu, sırf blef ola bilər, ancaq Putin bəzi məsələləri yenidən səhv hesablaya bilər, deməli, Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını tamamilə rədd etmək olmaz.

Üçüncüsü, o, siyasi həlli qəbul edə bilər. Onun düşüncə tərzi və qiymətləndirmələri fərziyyə məsələsidir. Putinin səhv hesablamalarının miqyasını dərk edib-etmədiyini, hətta onun hərbi uğursuzluğunu açıq-aydın tanıyıb etibarlı şəkildə məlumatlandırıldığını bilmirik. Biz onun çıxış strategiyası axtardığını, Ukrayna hökuməti və ya ABŞ ilə razılaşma əldə etmək variantlarını nəzərdən keçirib-keçirmədiyini bilmirik. Biz bilirik ki, prezident Zelenski dəfələrlə diplomatik həllin tərəfdarı olduğunu bəyan edib, ancaq ölkəsinə dəyən zərər, insan hüquqlarının pozulması ilə bağlı hesabatlar artdıqca və Ukrayna ordusu yaxşı işlər görməyə davam etdikcə, Ukraynanın mövqeyi xeyli sərtləşə bilər.

ABŞ nə etməlidir?

Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanın eskalasiyasının qarşısını almağa çalışmalı və çəkindirmə uğursuz olarsa, onun uğur qazanmasının qarşısını almalıdır. Bu, Ukraynanın yanında olmağa və onu dəstəkləməyə davam etmək deməkdir. Gərginliyin qarşısını almaq üçün ABŞ nəinki istənilən ilhaqdan imtina edəcəyini, həm də Ukraynaya dəstəyini davam etdirəcəyini və hətta hərbi dəstəyini artıracağını açıq şəkildə bildirməlidir.

Vaşinqton Ukraynaya qarşı nüvə silahından istifadənin qarşısını almaq üçün belə bir addımın Qara dənizdəki rus birləşməsini məhv etməklə və ya Ukraynadakı əsas Rusiya quru birləşməsini hədəfə almaq kimi qisasla nəticələnəcəyini göstərməlidir. Bu cavablar nəzərdən keçirilməli və hazırlıq görülməlidir. Birləşmiş Ştatlar həmçinin açıq şəkildə bildirməlidir ki, nüvə zərbəsi Rusiyanın tam beynəlxalq təcridinə gətirib çıxaracaq, bu, o cümlədən Çin, Hindistan və bu günə qədər Putinin müharibəsinə ikimənalı yanaşan digər dövlətlərə də aiddir.

Buradan belə nəticə çıxır ki, Vaşinqton bu ikili siyasət yürüdən dövlətləri bu məsələdə özünə cəlb etməlidir. Bu dövlətlərdən bəziləri ABŞ-ın bu yanaşmasını qorxu yaratmaq kimi görsələr də, onların Birləşmiş Ştatların məsələyə çox ciddi yanaşdığını bilmələri vacibdir.

Hərbi cəbhədə nüvə silahından istənilən istifadə Ukraynaya bu vaxta qədər göndərilməsi dayandırılmış silahların, o cümlədən qırıcı təyyarələrin verilməsi ilə nəticələnməlidir, uçuşa qadağan zona yaradılması məsələsinə yenidən baxılmalıdır.

İqtisadi cəbhədə nüvə silahının istifadəsi Rusiya Mərkəzi Bankının qalan hissələrinin SWIFT sistemindən çıxarılması və neft və qaz da daxil olmaqla Rusiya mal və xidmətlərinin idxalına tamamilə qadağa qoyulması ilə nəticələnməlidir.

Münaqişədə hansı nəticəni axtarmalı olduğumuzu və buna nail olmaqda hansı rolu oynaya biləcəyimizi və oynamalı olduğumuzu düşünməyə başlamağımız da vacibdir.

Genişlənən hərbi reallıqları nəzərə alsaq, daha bir variant, Rusiya qüvvələri Ukraynadan, o cümlədən Krımdan çıxarılana və Putin əvəzlənənə qədər müharibənin davam etdirilməsinə dəstək vermək və Rusiyaya artan zərbələr endirmək olardı. Belə bir nəticə axtarmaq, emosional baxımdan bəlkə doğru ola bilər, ancaq həddən artıq genişdir.

Müharibəyə son qoymaq üçün daha az riskli variant Putinə hərbi məğlubiyyəti ilə barışmağa kömək etməkdir. O və onun komandası başa düşməlidir ki, bu hərbi macəranın uğursuzluğunu qəbul etmək çətin olsa da, davam edəcəyi təqdirdə işlər daha da pisləşəcək. Onlar başa düşməlidirlər ki, Putin vəziyyəti daha da gərginləşdirərsə, masada rejim dəyişikliyi ola bilər.

Əksinə, Ukrayna öz suverenliyindən, müstəqilliyindən və ya ərazisindən imtina etmədən müharibəni bitirmək və status-kvo “ante bellum” vəziyyətinə qayıtmaq müqabilində Rusiya özünün qanuni təhlükəsizlik narahatlıqlarını, o cümlədən Ukraynanın NATO-ya üzv olmaq istəməmək öhdəliyi də daxil olmaqla, beynəlxalq səviyyədə qəbulunu alacaq və bu yaxınlarda tətbiq edilmiş sanksiyaların tədricən aradan qaldırılması ilə nəticələnəcək. Rusiya ilə müharibənin dayandırılması şərtlərini müzakirə etməyə başlamazdan əvvəl ABŞ ukraynalılar və müttəfiqləri ilə bunu etməli və anlaşma əldə etməlidir. Bundan əlavə, Ukraynanın yenidən qurulması və gələcək təhlükəsizliyi üçün böyük beynəlxalq öhdəlik olmalıdır.

Birləşmiş Ştatların etdiyi seçim həyati əhəmiyyət kəsb edir. Və bu, Ukrayna və onun NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə edilməlidir. Müharibənin bitməsi ilə bağlı ruslarla münasibətdə ABŞ-ın rolu da eyni dərəcədə əhəmiyyətli olacaq.
Strategyvision.org

Teq: NATO   Ukrayna   Putin  


Oxşar məqalələr
Son əlavə olunanlar