Kişinyovun kövrək müdafiəsi, yoxsa qorxaqlıq?| Pozulmuş neytrallıq və aldadıcı ümidlər

  Kişinyovun kövrək müdafiəsi, yoxsa qorxaqlıq?|  Pozulmuş neytrallıq və aldadıcı ümidlər
454     19:52     17 05 2022    
Moldova Müdafiə Nazirliyinin ABŞ-dan olan yüksək vəzifəli şəxslərin bəyanatlarını açıq şəkildə rədd etməsi qeyri-adi haldır. Nazirliyin sosial media hesabındakı qeydlərindən biri ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Hainesin sözləri ilə ziddiyyət təşkil edir. Çərşənbə axşamı (10 may) Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı çıxış edən Haines bildirib ki, Rusiya Donbas əraziləri ilə Moldovanın Dnestryanı bölgəsi arasında “quru körpüsü” yaratmağa çalışır. Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti “cəmiyyətdə narahatlıq və qorxu vəziyyətinin yaradılmasının” qarşısını almaq üçün milli mediadan “hər hansı fərziyyələrdən çəkinməyi” və “[…] Avril Hainesin bəyanatlarını kontekstdən çıxarmamağı” xahiş edib.

Moldovada çaxnaşma və qorxunun qarşısını almaqla bağlı bu narahatlıq 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı yenidən işğalı başlayandan bəri siyasi rəhbərliyin və müdafiə nazirliyinin əsas məqsədi olub. Qurumların əsas mesajı ondan ibarətdir ki, Dnestryanı bölgəni əhatə edən hər hansı hərbi eskalasiya üçün qaçılmaz təhlükə yoxdur. Bununla belə, bu arqumentlər ölkədə artan narahatlıq, getdikcə daha çox narahat olan media sorğuları və bəzən ekspert tənqidləri fonunda irəli sürülür, lakin indiki Rusiya-Ukrayna müharibəsinin başlamasından əvvəlki dövrlə müqayisədə milli müdafiə siyasətində və strategiyasında heç bir əsaslı dəyişiklik yoxdur. Estoniya kimi Avropanın cəbhəyanı dövlətləri Rusiyanın potensial hərbi müdaxiləsinə qarşı ümummilli hərbi müqavimətə hazırlaşmaq səylərinin bir hissəsi olaraq mülki şəxslərin də iştirak etdiyi təlimlər keçirsə də, Moldovada belə bir şey olmayıb.

Bu passivlik, demək olar ki, sağlam düşüncəli milli müdafiə və təhlükəsizlik planlamasına ziddir. Moldova rəsmilərinin başqa bir arqumenti hökumətin Rusiyanın diqqətini çəkməmək üçün təhlükəsizlik və müdafiə hazırlığının hər hansı ictimai nümayişinə müqavimət göstərməsidir, çünki belə bir hazırlıq Kreml tərəfindən təxribatçı və qıcıqlandırıcı hərəkət kimi görülə bilər. Bunun əvəzinə hakimiyyət humanitar kampaniyalara diqqət yetirərək, “Ukraynalılar üçün sülh düşüncələri və müharibə əleyhinə mesajlar vasitəsilə həmrəyliyi ifadə etmək” üçün ümummilli “Sülh naminə Moldova” təşəbbüsünü inkişaf etdirməyi seçib. Fəaliyyət və Həmrəylik Partiyasının rəhbərlik etdiyi hökumət indi ölkənin özünü elan etdiyi, təminatsız neytrallığından ümidsizcəsinə yapışır.

Hökumətin mümkün işğala qarşı yüksək təmkinli siyasətini rəhbər tutan fərziyyələrini ilk dəfə işıqlandıran bu yaxınlarda verdiyi müsahibədə baş nazir Natalia Qavrilița Rusiyanın Moldova ərazisində hərbi eskalasiyasının mümkünsüz olduğunu iddia etdi. O, bunun Moldovanın “heç vaxt NATO-ya [Şimali Atlantika Müqaviləsi Təşkilatına] qoşulmaq istəmədiyi və səy göstərmədiyi” neytral ölkə olması ilə əlaqədar olduğunu iddia edib. Bundan başqa, Moldova parlamentinin spikeri İqor Qrosu Kiyevə bu yaxınlarda səfəri zamanı ukraynalı həmkarının Moldovanın müstəqilliyindən sonra Kişinyovun silahlanmasında olan 6 MiQ-29 qırıcısını təhvil vermək tələbini rədd edib. Bu döyüş təyyarələri işlək olmasa da, ehtiyat hissələri ukraynalılar üçün faydalı ola bilər. Qrosu imtinasını Moldovanın neytral statusuna istinad etməklə əsaslandırıb.

Bununla belə, Qrosunun arqumenti bir sıra mübahisəli fərziyyələrə əsaslanır. Birincisi, Rusiya 2022-ci ilin fevralında Ukraynanı açıq şəkildə işğal etdiyindən və aktiv döyüşən tərəfə çevrildiyindən Dnestryanı bölgəsində 1500 rus hərbçisinin davamlı olması Moldovanın beynəlxalq hüquqa əsasən neytral statusunu pozur və Kişinyov qarşısında bu məsələni həll etməyə qanuni öhdəlik qoyur. Buna baxmayaraq, rəsmi Kişinyov hələ də dövlətlərarası münaqişə tərəfi olan Rusiyanın Moldovanın beynəlxalq hüquqa uyğun olaraq neytral statusunu qorumaq üçün qüvvələrini geri çəkməsi ilə bağlı heç bir ictimai tələb səsləndirməyib. Üstəlik, hökumət humanitar narahatlıqların onun birtərəfli olaraq öz bitərəfliyinin arxasında gizlənmək qabiliyyətinə necə təsir göstərə biləcəyini düşünməyib. Moldova hökuməti Ukraynaya humanitar yardım edəcəyini elan edib, lakin Kiyevi Rusiyanın təcavüzündən qorumaq üçün hərbi yardım göstərməyib. Rusiyayönlü Sosialistlər partiyası (PSRM) neytrallıq bəndinin artıq Konstitusiyaya daxil edilməsinə və beynəlxalq hüquq müddəaları əsasında onun ölkədaxili tətbiqinin yaxşı işlənib hazırlanmasına baxmayaraq, Moldovanın “daimi neytrallığını” ifadə edən yeni qanun layihəsi hazırladı. Məsələ ondadır ki, Sosialistlər partiyası bu qanun layihəsi vasitəsilə Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qüvvələrini neytrallıq məhdudiyyətlərindən azad etmək istəyir. Nəzərə alsaq ki, Sosialistlər partiyası müntəzəm olaraq Rusiyanın Kişinyovdakı səfirliyinin direktivi ilə fəaliyyət göstərir, o zaman buradan anlaşılır ki, ruslar öz maraqları üçün Moldovanın neytrallıq statusunda olan mövcud çatışmazlıqları görürlər və buna görə də Moskva bu statusa dəyişiklik etmək üçün qanun hazırlanmasını tələb edir.

Moldova hakimiyyət orqanları Ukraynanın qonşu Odessa vilayətində və dolayısı ilə Dnestryanıda Rusiyanın eskalasiyasının mümkünsüz olduğuna inansalar belə, Kişinyovun indiki yanaşması ən yaxşı halda çaşqınlıq yaradır. Haines Rusiyanın Dnestryanı və onun ətrafında müharibəni daha da gücləndirmək üçün daha çox əsgərə ehtiyac duyacağını bildirsə də, belə bir ssenarinin mümkünlüyünü qəti şəkildə rədd etmədi. Əslində, Rusiya oradakı qeyri-kafi sayını daha effektiv qüvvəni cəlb etməklə, artan atəş gücü və Ukraynanın Bessarabiya (Odessa vilayəti) üzərindən Dnestryanıya quru körpüsü açmaq üçün uyğunlaşdırılmış strategiya ilə kompensasiya edə bilər. Keçmiş hərbi əməliyyatlarına əsaslanaraq, Rusiya digər donanmalarından (Baltik, Sakit okean, Şimal) və ya Xəzər donanmasından əlavə dəniz piyadaları gətirə bilər. Rusiya desant endirdiyi bölgənin yerini gizlətmək üçün bir neçə istiqamətdə Ukrayna mövqelərini ağır bombardmanlardan (hər bir vasitə nəzərdə tutulur – red.) istifadə edərək vura bilər. Odessa bölgəsindəki sahil zonası genişlənir və onu müdafiə etmək asan deyil. Habelə bu əməliyyatı həyata keçirmək üçün Rusiyanın total səfərbərliyə ehtiyacı yoxdur.

Odessa bölgəsində desant endirilməsi Moskvaya böyük üstünlük gətirəcək. Bu, Rusiyaya Ukraynanın Qara dənizə çıxışını qadağan etməyə, güclü rusiyapərəst əhalinin məskunlaşdığı postsovet məkanında nəzarət etdiyi sonuncu “dondurulmuş münaqişə” eksklavına qoşulmağa, Moldovaya effektiv hərbi təzyiq yaratmağa və Qərbin Ukraynaya hərbi yardım daşıyan marşrutlarına daha yaxşı nəzarətə imkan verəcək. Bununla belə, bu ssenarinin həyata keçirilməsinin mümkünlüyünə və Moldova üçün yaratdığı kritik risklərə baxmayaraq, Kişinyov hökuməti ona belə bir potensial fəlakətin tələb edəcəyi diqqət və ya ciddilik səviyyəsində yanaşmır. Moldova rəhbərliyi Rusiyanın ehtimal edilən hərbi çatışmazlıqlarına və ya Ukrayna Silahlı Qüvvələrinin rusları cəbhə xəttində sıxışdırmasına ümid etməkdənsə, mümkün qədər təsirli cavab hazırlamağa borcludur.
Strategyvision.org

Teq: Moldova   ABŞ   Rusiya   NATO  


Oxşar məqalələr
Son əlavə olunanlar