Rusiyanın taktiki nüvə silahından istifadə etməsi blef, yoxsa realdır?

 Rusiyanın taktiki nüvə silahından istifadə etməsi blef, yoxsa realdır?
618     21:00     20 04 2022    
Martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqlarının raundu başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin ritorikasında ehtiyatlı nikbinlik yaranıb. Lakin bunun ardınca Rusiya mediasında ümumiyyətlə danışıqların getməsi barədə kəskin mənfi tənqidlər səslənib. Bu kəskin ictimai qınaq, Kiyevətrafı Buçada Rusiyanın hərbi cinayətlərinin ifşası ilə birlikdə hazırda münaqişənin sülh yolu ilə həllinin mümkün olub-olmadığına dair yeni şübhələr yaradıb. Bunu nəzərə alaraq, bəzi ukraynalı ekspertlər Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmək riskinin artmasından ehtiyat edirlər.

İstanbulda keçirilən son danışıqlardan sonra Rusiya Müdafiə Nazirliyinin nümayəndələri “xoşməramlı jest” kimi qoşunların Kiyev və Çerniqovskidən çıxarılmasını elan ediblər. Bununla belə, Ukrayna tərəfinin nümayəndələri qeyd ediblər ki, ruslar Kiyev yaxınlığında öz məqsədlərinə nail ola bilmədiklərinə görə geri çəkilirlər. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi Pentaqonun Rusiyanın hərəkətini geri çəkilmək yox, qüvvələrin yenidən qruplaşdırılması kimi qiymətləndirdiyini və Kiyev üçün təhlükənin azalmadığını vurğulayıb.

Ukrayna ilə sülh yolu ilə nizamlanmanın mümkünlüyünə gəlincə, Rusiya mediası istənilən belə təşəbbüsə qarşı güclü kampaniya aparıb. Çoxlu sayda təbliğatçı və rəsmilər danışıqları “xainlik” və “milli maraqların təslim edilməsi” adlandırıblar. Çeçenistan lideri Ramzan Kadırov Kiyevi ələ keçirmək və “banderitləri, nasistləri və iblisləri məhv etmək” də daxil olmaqla, başlayan işin başa çatdırılmasının vacibliyini vurğulayıb. Rusiyalı “mütəxəssislər” insanlara xatırlatmağa başlayıblar ki, Moskvanın məqsədi bütün Ukrayna əhalisini “de-nasifikasiya” etməkdir.

Bu səbəbdən danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski Dövlət Dumasının (parlamentin aşağı palatası) deputatları ilə birlikdə danışıqlar qrupunun hərəkətlərinə haqq qazandırmağa və onların üzvlərinin “təslim olmağa meylli olmadığını” izah etməyə məcbur olublar. Buna baxmayaraq, aqressiv təbliğat xətti bildirib ki, “Rusiyada kapitulyasiya partiyasının perspektivi yoxdur”. Buça şəhərinin meri Anatoli Fedoruk Rusiya qüvvələrinin Ukrayna şəhərini tərk etməsindən ilə yüzlərlə insanın öldüyünə dair dəlilləri ortaya qoyduqdan sonra Rusiya mediası ritorikanı daha da kəskinləşdirib. Fedoruk bildirib ki, şəhərin küçələri cəsədlərlə doludur. Əlləri bağlı olan mülki şəxslərin cəsədlərinin fotoşəkilləri nümayiş etdirilib.

Buna cavab olaraq, Rusiya KİV-ləri müdafiə nazirliyinin göstərişi ilə hadisə yerindən görüntülərin səhnələşdirildiyini iddia edib. Tanınmış rus təbliğatçısı Vladimir Solovyev Moskvaya qarşı irəli sürülən müharibə cinayətləri ittihamlarını Böyük Britaniyanın “Rusiyanı tamamilə məhv etmək” məqsədi ilə həyata keçirdiyi təxribat adlandırıb. Bundan sonra o nəticə olaraq bildirib ki, danışıqlarda “nasistlərlə oynamağı dayandırmağın” və “Rusiya ordusunun bütün istiqamətlərdə fəaliyyət göstərməsinə mane olmamağın” vaxtı çatıb.

Bu fonda bəzi ukraynalı hərbi ekspertlər Rusiyanın Ukraynaya qarşı nüvə və ya kimyəvi silahdan istifadə etmə riskinin artdığını düşünürlər. Onlar qeyd ediblər ki, Rusiya hakimiyyəti əhalini belə bir ssenariyə hazırlayır və Moskvanın öz hərəkətlərinə görə cavab verəcəyinə inanmamalarını təklif edir. Ekspertlərin gəldiyi nəticə Rusiya mətbuatında ukraynalılara nifrətin artması və Rusiyanın getdikcə aqressivləşən müharibə təbliğatı ilə yanaşı, münaqişənin sülh yolu ilə həllini mümkünsüz edən nümunələrlə uzlaşdırılmalıdır.

Rus sosioloqlar prezident Vladimir Putinə xalq dəstəyinin rekord dərəcədə artdığını bildirirlər və insayderlər yazır ki, Qərb sanksiyaları Rusiya elitasını Putinin ətrafında sıxlaşdırıb. Bu cür qiymətləndirmələrin düzgünlüyündən asılı olmayaraq, onlar Putinin beynində onun hər bir işini əhalinin və elitanın bəyənəcəyi illüziyası yarada bilər. Eyni zamanda səfərbərlik ruhunu qorumaq üçün Kremlə adi silahlarla nail ola bilməyəcəyi hərbi qələbələr lazımdır.

Ukraynalı hərbi mütəxəssis Anton Mixnenko aprelin 2-də qeyd edib ki, Putinin nüvə zərbəsi endirmək üçün heç bir siyasi səbəbi yoxdur, çünki belə bir halda o, hətta Çin və digər qeyri-Avropa ölkələrinin dəstəyini itirəcək. Bununla belə, strateji silahlardan fərqli olaraq, taktiki nüvə silahlarının istifadəsinə qarşı psixoloji maneənin artıq aradan qaldırıldığını nəzərə alsaq, hərbi mənada Rusiya elitası belə bir nəticəni kifayət qədər ağlabatan hesab edə bilər.

“Nüvə zərbəsi endirmək qərarına gəldiklərini göstərən əlamətlərdən biri Ukrayna ərazisinə radioloji, kimyəvi və bioloji mühafizə bölmələrinin yerləşdirilməsi ola bilər, bu, Rusiya qoşunları hərbi əməliyyatlara başlamazdan əvvəl çirklənmiş ərazinin sonradan dezinfeksiya edilməsini təmin edəcək”, - deyə ukraynalı analitik bildirib. Bununla belə, Mixnenko qeyd edib ki, əgər Putin bütün ölkə ərazisini ələ keçirməyi planlaşdırmasa, ancaq ukraynalıların müqavimətini qırmağa ümid edərsə, belə bir hücum baş verə bilməz.

Digər ukraynalı ekspert, “Defense Express” informasiya və konsaltinq firmasının direktoru Valeri Ryabıx deyir ki, hazırda belə bir zərbənin baş vermə ehtimalı aşağı-orta səviyyədədir, lakin Qərb adekvat addımlar atmağa hazır olduğunu nümayiş etdirməsə, bu ehtimal arta bilər. Belaruslu analitik Yuri Tsarik oxşar ssenari ilə bağlı xəbərdarlıq edərək, bunun hətta Belarus ərazisində də keçirilə biləcəyini qeyd edir.

Rusiyalı müxalif siyasətçi, keçmiş siyasi məhbus və “Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski qeyd edib ki, Ukrayna ərazisində taktiki nüvə zərbəsi riski azalır, çünki Putin və ordu arasında problemlər var. “Putin başa düşməlidir ki, kiməsə qırmızı düyməni basmağı əmr etsə və hərbçilər onun əmrini yerinə yetirməsələr, satqın damğası almamaq üçün onu öldürməli olacaqlar”, - deyə Xodorkovski bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin kimyəvi və ya nüvə silahından istifadə ediləcəyi təqdirdə Putinə “adekvat cavab” veriləcəyi barədə bəyanatı da Rusiya prezidentinin qətiyyətini zəiflədə bilər, çünki bu, onun üçün əlavə qeyri-müəyyənlik yaradır. Əksinə, bəzi Avropa liderlərinin “heç bir halda müharibəyə getməyəcəkləri” barədə bəyanatları Putinin cəzasızlıq hissini gücləndirə bilər. Yaxın günlərdə və həftələrdə Qərb alyansı tərəfindən koordinasiya edilmiş siqnallar mühüm əhəmiyyət kəsb edəcək.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar