Ukraynanın cənubunda Rusiyanın işğal siyasəti – I HİSSƏ

 Ukraynanın cənubunda Rusiyanın işğal siyasəti –  I HİSSƏ
926     17:15     23 04 2022    
Rusiya qüvvələri 2022-ci il fevralın 24-də iki istiqamətdən, hər ikisi 2014-cü ildən işğal olunmuş Krım və Donetskdən Ukraynanın cənubunu işğal etməyə başladı. Rusiyanın ikinci işğalı 2022-ci il martın ortalarına qədər Ukraynanın bütün Xerson vilayətini, Zaporojye vilayətinin əhəmiyyətli hissəsini və Donetsk vilayətinin sahilyanı hissəsini ələ keçirməklə nəticələndi.

Hazırda Rusiya Ukraynanın Donetsk vilayətinin hələ də seperatçıların nəzarətindən kənarda olan hissələrini ələ keçirməyə çalışır. Rusiya cənubda Mariupolu praktiki olaraq ələ keçirib və Donetsk şəhərinin qərbinə doğru irəliləməyə çalışır.

Rusiyanın formalaşmaqda olan işğalçılıq siyasəti bir tərəfdən Donetsk vilayətində yeni işğal olunmuş ərazilər, digər tərəfdən isə Xerson və Zaporojye (və əgər ələ keçirilərsə, Ukraynanın potensial olaraq digər əyalətləri) əraziləri arasında fərq qoyur. Rusiya Ukraynanın qanuni hakimiyyət orqanlarını Xerson və Zaporojye əyalətlərindən çıxarmağa başlasa da, bu ərazilərlə bağlı nə edəcəyinə hələ qərar verməyib. Donetsk vilayətindəki yeni işğallar isə Rusiyanın Ukraynanın 2014-cü ildən əvvəlki Donetsk vilayətinin inzibati sərhədləri daxilində “müstəqil dövləti” tanımaq siyasətinə uyğun olaraq seperatçılara birləşdirilməlidir.

Seperatçılar 24 fevral 2022-ci ilə qədər Ukraynanın 2014-cü ildən əvvəlki Donetsk vilayətinin yalnız üçdə birini ələ keçirmişdi və hazırda, yerdə qalanı tutmağı hədəfləyir. Aprelin 1-də seperatçıların “lideri” Denis Puşilin “fərman” (ukaz) verib ki, Ukraynanın nəzarətindən təmizlənmiş ərazilərdəki mobil və hərəkətsiz Ukrayna dövlət aktivləri onlara məxsus aktivlərin reyestrinə daxil edilsin. Eynilə, yeni zəbt edilmiş ərazidəki bələdiyyələrin aktivləri (nəqliyyat və enerji infrastrukturu, ictimai binalar, məktəblər və xəstəxanalar da daxil olmaqla) onlar tərəfindən təyin edilmiş orqanların idarəçiliyinə verilir. Puşilinin “ukaz”ı verildiyi gündən qüvvəyə minib.

Rusiya qüvvələrinin nəzarəti altında olan separatçılar aprelin 4-də yerli vətəndaşların yığıncağında Kostiantın İvaşçenkonu Mariupolun meri vəzifəsinə “yekdilliklə” təklif etdiklərini bildiriblər. Həmin iclasın iştirakçıları 2014-cü ildə ilk dəfə olaraq seperatçıların müstəqilliyini elan edən “referendum”un nəticəsini dəstəkləməyə səs veriblər. Aprelin 6-da Puşilin İvaşenkonu “vəzifəyə” təyin etdi və ona yeni bələdiyyə administrasiyasını təşkil etməyi tapşırdı.

Mariupoldan olan İvaşçenko yaxın vaxtlara qədər Ukraynanın ən böyük ağır avtomobil inşaatçılarından biri olan “Azovmaş”ın baş direktoru olub. İvaşşenko 2014-cü ilə qədər Viktor Yanukoviçin prezidentliyi dövründə Regionlar Partiyası ilə, ondan sonra “Naş Kray” (Ukraynanın cənub bölgələrində ruslaşmış yerli siyasətçilərin hərəkatı), daha sonra isə açıq-aşkar Rusiyayönlü Naşi partiyası (Ukraynanın neytrallığını, “federallaşması”nı və rus dili üçün imtiyazları təbliğ edən) ilə siyasi əlaqədə olub. 2019-cu ildə İvaşçenko Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı ən yaxın müttəfiqi Viktor Medvedçukun milli səviyyədə rəhbərlik etdiyi “Müxalifət Platforması – Həyat Naminə” partiyasının siyahısı ilə Mariupol bələdiyyə şurasına seçilib.

İndi qovulmuş Mariupolun qanuni yerli hakimiyyət orqanları Ukraynaya sarsılmaz şəkildə sadiq olduqlarını sübut etdilər. Bu şəhər uzun müddətdir ki, iki polad zavodunun (“Azovstal” və “İliç”), Mariupol şəhəri və dəniz limanındakı digər əsas aktivlərinin sahibi Rinat Axmetovun nəzarəti altında olub. 2014-cü ildə Axmetovun nəzarətində olan bələdiyyə şurası polad zavodlarının rəhbərliyi və onların işçi qüvvəsi Azov batalyonu gəlib döyüşdə düşmən silahlı birləşmələri məğlub edənə qədər Mariupolun seperatçılar tərəfindən tam ələ keçirilməsinin qarşısını alıb. 2015 və 2019-cu ildə Axmetovun polad konserninin keçmiş direktoru Vadim Boyçenko birincinin dəstəyi ilə bələdiyyə sədri seçilib. Mariupolun Rusiya qüvvələri tərəfindən məhv edilməsinə qədər onun müdafiəsində hərbçilərlə yanaşı bələdiyyə orqanları da böyük rol oynayıb.

Puşilinin “fərmanı” ilə İvaşçenkonun təyin edilməsi proseduru Mariupol və Zaporojye vilayətinin sərhəddinə qədər ətraf ərazilərin rəsmi olaraq Rusiya Federasiyasına deyil, birbaşa seperatçılara birləşdirildiyini vurğulamaq üçündür. Buna baxmayaraq, Rusiya faktiki olaraq işğalçı dövlətdir.

Rusiya dövlət mediasına müsahibə verən Puşilin Rusiyanın maliyyəsi ilə Mariupolun “yenidən qurulması” proqramını elan edib. İlk addım olaraq, seperatçı rejim Rusiyanın müvafiq hökumət nazirliklərinin rəhbərliyi altında “məşğulluq mərkəzləri” (işçilərə rublla kompensasiya veriləcək) açmaq və şəhərin sənaye müəssisələrini yenidən işə salmağa cəhd etmək niyyətindədir.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar