Çirkli bombalar və saxta PUA-lar: Rusiyanın dezinformasiya təlimi, yoxsa qəsdən “Casus Belli” yaratmaq cəhdləri?

  Çirkli bombalar və saxta PUA-lar:  Rusiyanın dezinformasiya təlimi, yoxsa qəsdən “Casus Belli” yaratmaq cəhdləri?
4     14:22     23 11 2019    
Fevralın 3-də beynəlxalq mediada Rusiyanın Ukraynanı yenidən işğal etmək üçün bəhanə uydurmağı planlaşdırdığına dair xəbərlər yayılıb. Müxtəlif xəbər agentliklərinin Amerika Birləşmiş Ştatları rəsmilərinə istinadla verdikləri məlumata görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı rusdilli vətəndaşlarına hücumunu əks etdirən saxta videodan istifadə etməyə cəhd edə bilər. Bundan sonra Moskva insidenti Rusiyanın milli maraqlarına qarşı təcavüz elan edəcək və potensial olaraq Rusiya 2008-ci ildə Gürcüstana qarşı müharibə və ya yanvar ayında Qazaxıstanda olduğu kimi “sülhə məcbur etmək” missiyasını yerinə yetirmək üçün öz hərbi qüvvələrini göndərəcək. ABŞ səlahiyyətliləri Rusiyanın mümkün dezinformasiya kampaniyasının qarşısını almaq üçün bu məlumatı açıq şəkildə yayımlayıb.

Maraqlıdır ki, Rusiyanın informasiya müharibəsi planı hazırlaması ilə bağlı xəbər Belarus mediası, hərbçiləri və diplomatlarının Minskin Ukraynaya məxsus PUA-nı ələ keçirdiyini iddia etdiyi gün yayılıb. Bu iddialara görə, Ukraynadan buraxılan kəşfiyyat PUA-sı Brestskidəki təlim poliqonunda Rusiya-Belarus “Müttəfiq Qətiyyəti 2022” birgə hərbi təlimi (rəsmi olaraq fevralın 10-dan 20-dək davam edəcək) haqqında kəşfiyyat məlumatı toplamaq üçün Belarusun hava məkanını pozub. İddialar ilk olaraq Belarusun ATN dövlət media kanalında, daha sonra Xarici İşlər Nazirliyi tərəfindən yayılıb. Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında Ukraynaya məxsus PUA-nın buraxıldığı iddia edilən gün – yanvarın 24-ü kimi əlavə təfərrüatlar da yer alıb. Nazirliyin məlumatına görə, PUA-nı aşkar etdikdən sonra Belarus Silahlı Qüvvələri radioelektron mübarizə vasitələrindən istifadə edərək onu yerə enməyə məcbur edib. Belarus diplomatları iddia ediblər ki, PUA-nın bort kompüterinin təhlili uçuşun məqsədinin qeyri-qanuni kəşfiyyat məlumatlarını toplamaq olduğunu sübut edib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Ukrayna tərəfinin bu qeyri-dost addımları regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Lakin Belarus məlumatı tez bir zamanda şübhə altına alındı. Ələ keçirildiyi iddia edilən Ukraynaya məxsus PUA-nın fotoşəkilləri ATN tərəfindən yayılsa da, orada bir sıra uyğunsuzluqlar vardı. Əvvəla, “Spectator M1” ilə müqayisədə ələ keçirildiyi iddia edilən PUA-nın qanadları və burnu yanlış formadadır. Həmçinin, şəkildəki PUA-da Ukrayna ordusuna məxsus heç bir identifikasiya nişanı yox idi. Ukraynanın “InformNapalm” adlı açıq mənbə kəşfiyyat şəbəkəsi PUA mütəxəssisi Yevhen Hriniova istinad edərək bildirib ki, Belarus Xarici İşlər Nazirliyinin nümayiş etdirdiyi platforma Ukrayna PUA-larının məlum istehsal modelindən struktur olaraq fərqlidir. Böyük boltlarla bərkidilmiş “hava girişinə”' xüsusi diqqət yetirilməlidir, bu, zavod istehsalı parametrlərinə uyğun gəlmir. Bu, onlayn mağazalardan alınmış hissələrlə yığılmış PUA-ya bənzəyir. O, ancaq bəzi qaçaqmalçılar tərəfindən yığılıb istifadə edilə bilərdi.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko ələ keçirilən PUA-nın və onun yayılan fotoşəkillərinin təxribat əməliyyatı olduğunu iddia edib. O, ölkəsinin Belarusa hər hansı PUA göndərdiyini inkar edib və Minski Rusiyanın Ukraynaya qarşı sabitliyi pozmaq cəhdlərinə müqavimət göstərməyə çağırıb. Bu xəbərin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Belarusa səfəri ilə eyni vaxta təsadüf etdiyini də vurğulamaq yerinə düşərdi. Şoyqu hərbi təlimlərə hazırlığı yoxlamaq, habelə prezident Aleksandr Lukaşenko ilə görüşmək üçün gəlmişdi.

Ancaq PUA-lar Rusiya təbliğatını əhatə edən yeganə mövzu deyildi. Bəzi Moskvayönümlü “Telegram” kanallarında Milli Korpus Partiyasının üzvləri olduğu iddia edilən ukraynalı millətçilər tərəfindən əldəqayırma partlayıcı qurğuların necə qurulduğunu və onlardan seperatçılara qarşı partizan müharibəsində necə istifadə olunacağını göstərən video yayımlanıb. Milli Korpus Partiyası Azov batalyonu ilə birlikdə Rusiya təbliğatında istifadə edilir. Videoda danışan şəxs hətta çirkli bomba yaratmaq üçün radioaktiv materialdan istifadə etməyi məsləhət görür. Lakin kadrlarda bir sıra səhvlər var, məsələn, Milli Korpusun loqosunun səhv olması və Ukrayna dilindəki subtitrlarda qrammatik səhvlər mövcuddur və bu, rusların səliqəsiz dezinformasiyasının məşhur nümunəsidir. Milli Korpus hekayənin rəsmi şəkildə təkzib edib.

Yanvarın 14-də Ukraynanın dövlət qurumlarının bir neçə saytına hücum edən hakerlərin mesajında da oxşar səhvləri müəyyən edilib. Son illərdə Ukrayna və Polşada oxşar saxta loqo təxribatları dəfələrlə baş verib. Keçən il Polşanın Müstəqillik Günü (11 Noyabr) ətrafında yayılan ən son məlumatlardan birində, Polşanın I Dünya müharibəsindən II Dünya müharibəsinədək lideri olan Cozef Piłsudskinin Krakovdakı abidəsinin “Ukrayna millətçiləri” tərəfindən vandalizmə məruz qaldığı bildirilirdi.

Son zamanlar dezinformasiya və təbliğat fəaliyyətlərinin artması, çox güman ki, davam edən “Müttəfiqlərin Qətiyyəti 2022” ilə əlaqələndirilir. Hərbi təlimlər zamanı Rusiya xüsusi təyinatlıları tez-tez əsas bölmələrin müntəzəm döyüş tapşırıqlarını dəstəkləmək üçün nəzərdə tutulmuş psixoloji əməliyyatlar (psy-ops) həyata keçirirlər. “Müttəfiqlərin Qətiyyəti” davam etdiyi üçün Avro-Atlantik alyansa və Ukraynaya qarşı bu cür əməliyyatların daha çox keçirilməsi ehtimalı var.

Lakin bütün bu kimi hadisələr “saxta xəbərlər”, həmçinin hərbi təlimlərlə bağlı olsa belə, onlar yenə də daha böyük hədəfin – Rusiya Federasiyasının Ukraynaya hücumu üçün “casus belli” yaratmaq cəhdinin bir hissəsi ola bilər. Həqiqətən də, ələ keçirilmiş Ukrayna kəşfiyyat PUA-sının müharibə üçün bəhanə ola biləcəyi fikri Lukaşenkonun məşhur rus təbliğatçısı Vladimir Solovyovla bu yaxınlarda verdiyi müsahibə zamanı müzakirə olundu.

Ukraynanın keçmiş müdafiə naziri, hazırda Müdafiə Strategiyaları Mərkəzini idarə edən Andriy Zaqorodnyuk deyib ki, ABŞ administrasiyası Rusiyanın planları və imkanları ilə bağlı kəşfiyyat məlumatlarını qabaqcadan yaymaqda haqlıdır. Onun fikrincə, Rusiyanın işğala haqq qazandırmaq üçün hazırladığı iddia edilən sui-qəsd “bir az ekzotik” səslənir, lakin o, bu tip yalançı əməliyyatların Rusiya üçün xarakterik olması ilə razılşır və çünki bu, Kreml tərəfindən əvvəllər də sınaqdan keçirib. Bu cür psixoloji əməliyyatlar olduqca ciddi qəbul edilməlidir.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar