Nanotexnologiya bazarının həcmi durmadan artır - 2026-cı ilə qədər 35%-dən çox artım?

 Nanotexnologiya bazarının həcmi durmadan artır -  2026-cı ilə qədər 35%-dən çox artım?
1181     15:01     31 12 2021    
Texnologiya müasir dünyada cəmiyyətlərin inkişafına imkan verən mühüm aktorlardan biridir. Keçmişdən bu günə qədər sürətlə ortaya çıxan hər bir yeni texnologiya əvvəlki texnologiyaların təsirlərinin azalmasına və ya tamamilə yox olmasına səbəb olur. XXI əsrin inqilabi texnologiya sahələrindən biri olaraq görülən nanotexnologiya da bu yeni texnologiyalar arasındadır. Bu gün sürətlə inkişaf edən nanotexnologiya həyatın bütün sahələrində öz təsirini göstərməyə başlayıb. Nanotexnologiyanın mühüm tətbiq sahələrindən biri də hərbi sahədir. Orduda nanotexnologiyanın mümkün təsirlərindən xəbərdar olan ölkələr öz milli nanotexnologiya təşəbbüslərini yaradıb və bu sahədə fəaliyyətə başlayıblar.

Nanotexnologiya qlobal miqyasda geniş sənaye sahələrinin diqqətini çəkən, inkişaf edən texnologiyadır. Qısa müddət ərzində nanotexnologiya tədqiqat və inkişafa böyük dövlət sərmayəsi qazandırıb ki, bu da eyni zamanda özəl sektor investisiyalarını artırıb.

Bir çox hökumətlər, həmçinin əlaqədar riskləri və qeyri-müəyyənlikləri nəzərə alaraq nanotexnologiyanın inkişafı və tətbiqini təşviq etmək üçün strategiyalar hazırlayır. Nanotexnologiya tamamilə yeni məhsulların, proseslərin və xidmətlərin inkişafı və təkmilləşdirilməsinə imkan verir.

Nanotexnologiyanın aerokosmik, enerji, səhiyyə və hərbi kimi bir çox son istifadə sənayesində potensial tətbiqi var. Bundan əlavə, nanotexnologiya ətraf mühitdəki çirkləndiricilərin monitorinqi, ölçülməsi və idarə olunmasını təkmilləşdirmək üçün yeni imkanlar təklif edir. Məsələn, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) nanotexnologiyanın faydalarını araşdırmaq və inkişaf etdirməklə məşğuldur.

Nanotexnologiya məhsulları COVID-19-un diaqnostikası, qarşısının alınması və müalicəsi ilə bağlı çoxlu funksiyalar üçün qabaqcıl həllər təklif edir. Nanotexnologiyadan COVID-19-a qarşı biotibbi tədqiqatlar sahəsində, o cümlədən spesifik dərmanların aktiv tərkib hissəsinin inkapsulyasiyasına əsaslanan köməkçi vasitə kimi nanohissəciklərdən istifadə edən çoxsaylı vaksinlər istifadə olunur.

COVID-19 üçün nanotexnologiya daha yüksək filtrasiya effektivliyi, nəfəs alma qabiliyyəti, virus əleyhinə xüsusiyyətlər və yuyulma qabiliyyəti təklif etmək üçün nanokompozitlər, nanoliflər və nanohissəciklərin tənəffüs maskalarına tətbiqi kimi müxtəlif sahələrdə istifadə olunur.

“Researchandmarkets” nəşrinin məlumatına görə, nanotexnologiya bazarının həcmi 2021-ci ildə təxminən 5.2 milyard dollar olacaq. Proqnozlara görə, bu rəqəm hər il ortalama 35.5% artımla 23.6 milyard dollara qədər artacaq.

Şimali Amerikanın nanotexnologiya bazarı 2021-ci ildə 1.6 milyard dollar, Asiya-Sakit Okean bazarı isə 1.2 milyard dollar olub. Hər iki bazarın 2026-cı ilə qədər 35%-dən çox artacağı ehtimal edilir.

ABŞ Ordusu silah sistemlərinin həm əhatə dairəsini, həm də dağıdıcı gücünü daha da artırmaq üçün nanotexnologiyalar çərçivəsində mühüm araşdırmalar aparır. Ordunun döyüş qabiliyyətinə bilavasitə töhfə verəcək bu tədqiqatlardan biri onun ABŞ Energetika Departamenti ilə silah sistemləri üçün yanacaq və partlayıcı maddələrin hazırlanmasında yeni enerji komponenti kimi plazma ilə təmizlənmiş alüminium nanohissəcikləri üzərində birgə tədqiqatıdır.

ABŞ-da aparılan bu tədqiqatlara bənzər olaraq, Yaponiya, Çin, Cənubi Koreya və Tayvan kimi bir çox ölkədə araşdırma və inkişaf işləri sürətlə davam edir. 60-dan çox ölkədə nanotexnologiya proqramlarına əhəmiyyətli maliyyə vəsaitləri ayrılır. Məsələn, ABŞ Yaponiya (1,3 milyard dollar), Rusiya (974 milyon dollar) və Almaniya (617 milyon dollar) ilə rəqabət aparır. Nanotexnologiya ilk dəfə Avropa İttifaqında 4-cü Çərçivə Proqramı tərəfindən dəstəklənib. Avropa İttifaqı Horizon 2020 çərçivəsində nanotexnologiyalar da daxil olmaqla, Sənaye Texnologiyaları üçün 13 milyard avrodan çox büdcə ayırıb.

Yüksək həssas nanosensorların rolu əməliyyat sahəsində lazım olan kəşfiyyat məlumatlarının ani yaradılması və paylanması üçün çox vacibdir. Sensor sistemləri hərbi nanotexnologiya tədqiqatlarının əsas tədqiqat nöqtələrindən biridir. Nanotexnologiyadan istifadə edilməklə istehsal ediləcək həssas nanosensorlar sərhəd boyunca terrorçuların keçidlərinin aşkarlanması və müəyyən edilməsi, həmçinin minaların aşkarlanması üçün işarələnməyə imkan verəcək. Yüksək təsvir həssaslığına malik sensorlar düşmən bazasını, terror fəaliyyətinin xarakterini və vurulan zərəri aşkar etmək üçün kəşfiyyat istehsal fəaliyyətlərində lazım olan ən mühüm sistemlərdən biridir.
Strategyvision.org

Teq: Nanotexnologiya   Qloba-bazar  


Oxşar məqalələr
Son əlavə olunanlar