İsrail və İran arasında mümkün müharibə ola bilərmi?

 İsrail və İran arasında mümkün müharibə ola bilərmi?
615     14:21     28 12 2021    
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri ötən həftə beş günlük “Böyük Peyğəmbər 17” adlı hərbi təlim keçirib. Təlimlərdə ilk dəfə olaraq İranın “Şahid-136” kamikadze Pilotsuz Uçuş Aparatlarının buraxılış qurğusu nümayiş etdirilib və təlimin yekun mərhələsində İranın ballistik raketləri və kamikadze dronları birgə sınaqdan keçirilib. İran təlimlərdə İsrailin Dimonadakı nüvə tədqiqat mərkəzinə hücumu simulyasiya edib.

“Bu təlimlərin çox aydın mesajı var idi. Bu, sionist rejimin hakimiyyət orqanlarına xəbərdarlıq idi”, - deyə İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami dövlət televiziyasında bildirib. O qeyd edib ki, həqiqi əməliyyatlarla hərbi təlimlər arasındakı fərq sadəcə raketlərin buraxılış bucaqlarının dəyişməsidir.

İranın manevrləri İsrail Hərbi Hava Qüvvələrinin 2022-ci ilin yazında Aralıq dənizi üzərində böyük hərbi təlim keçirmək planları barədə məlumat yaymasından bir neçə həftə sonra baş tutub. İsrailin təlimlərində F-15 və F-16 qırıcıları, F-35 qırıcı-bombardmançı təyyarələri, “Gulfstream G550” kəşfiyyat təyyarələri və havada yanacaq doldura bilən təyyarələrin iştirakı planlaşdırılır. İsrail təyyarələri 1000 km-dən çox məsafədə - İranın nüvə obyektlərinə hücum zamanı İsrail təyyarələrinin qət etməli olduğu məsafədə zərbələr tətbiq edəcək.

İsrail ordusunun hər an İran ərazisinə zərbə endirməyə hazır olması faktı son illər dəfələrlə dilə gətirilib. İsrail ABŞ da daxil olmaqla, heç kimdən icazə istəməyəcəklərini vurğulayır.

“Biz imkan verməyəcəyik ki, İran uranın zənginləşdirilməsi sürətini artırsın, nüvə proqramını inkişaf etdirsin və nəticədə nüvə dövlətinə çevrilsin. Bizim vətəndaşlarımızı, onların həyatına və dövlətin özünün mövcudluğuna təhlükə yaradan şeylərdən qorumaq bizim təkcə hüququmuz deyil, həm də bununla bağlı öhdəliyimiz var”, - deyə İsrail Xarici İşlər naziri Yair Lapid Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirib.

Bu yaxınlarda “Times of Israel” qəzetində dərc olunan məqalədə İsrail ordusunun İrana mümkün əməliyyatının uğuru şübhə altına alınır. Çünki İranın bəzi obyektləri yerin dərinliklərində yerləşir və İsrailin onları məhv etmək üçün raket növləri yoxdur, bunlardan yalnız ABŞ-da var.

“Ordu İrana qarşı hərəkətə keçməyə hazır deyil və bu planı həyata keçirməyə aylar və ya daha çox vaxt qalıb”, - deyə qəzet yazıb. Analitiklər bunu nəzərə alaraq qeyd edir ki, İsrailin Vaşinqtonun razılığı olmadan əməliyyat keçirməsi hələlik mümkün deyil. Amerikalıların İrana zərbə endirmək üçün yaşıl işıq yandırıb-yanmayacağı hələ bəlli deyil. İranın nüvə proqramı ilə bağlı Vyana danışıqlarının taleyindən çox şey asılıdır.

SEPAH komandiri Hüseyn Salami keçən həftə İsrailin nüvə reaktoruna zərbə endirilməsini simulyasiya edən təlimi “İsrailə xəbərdarlıq” adlandırıb. Bu, İsrailin 2022-ci ilin yazında İranın nüvə obyektlərinə hücumu sumulyasiya edən təlimlər keçirmək planları ilə bağlı məlumatlara cavabdır. İsrail Suriya ərazisində Tehrana qarşı mübarizə aparır. İsrail təhlükəsizlik rəsmiləri təsdiqləyiblər ki, son üç il ərzində İsrail Müdafiə Qüvvələri İranla sıx əlaqədə olan Livanın “Hizbullah” qruplaşmasının onlarla hədəfinə hücum edib.

Bazar günü “Jerusalem Post” qəzetində “İranın yeni “Şahid-136” dronları oyunu dəyişəcəkmi?” başlığı ilə məqalə dərc olunub. Qəzet yazır ki, İran bu sistemləri İraq, Suriya, Livan və ya Yəmənə göndərsə, bu, İsraillə gələcək hər hansı münaqişədə yeni təhlükə yaradar, bununla belə, İranın müttəfiqlərinə artıq ötürdüyü texnologiyalar belə İsraili təhdid edə bilər. Məqalədə xatırladılır ki, İran Yəməndə “Ənsar Allah” qruplaşmasına (husilər), Qəzza zolağında Fələstin qruplarına “Qasef” adlı kamikadze PUA-larının yaradılmasında köməklik edib.

İsrailin ALMA tədqiqat mərkəzinin son hesabatlarında qeyd olunur ki, Livanın “Hizbullah” hərəkatında 2 minə yaxın PUA-nın ola biləcəyi təxmin edilir, onların çoxu İran istehsalı modellərdir. İran PUA-ları hazırda Afrika dövlətlərində və ABŞ-ın Florida ştatından 2 min km aralıda yerləşən Venesuelada da istifadə edilir. ALMA qeyd edir ki, İrana qarşı tətbiq edilən sanksiyalar PUA-ların istehsalına təsir etməyib, çünki onların bir çox komponentləri internetdə asanlıqla əldə edilə bilən standart hazır hissələrdir.

Tədqiqatçılar yazır ki, İran PUA-ları kəşfiyyat məlumatları toplamaq, raketlər və bombalar atmaqla və ya partlayıcı qurğularla terror aktı həyata keçirməklə yer və ya hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Mərkəzin hesabatında, həmçinin İran, İraq, Suriya və Livanda 20-dən çox istehsal, saxlama və buraxılış mərkəzlərinin olduğu qeyd olunur.

Ekspertlər qeyd edir ki, İranın təhdidləri əsassız deyil. Təlim zamanı ümumilikdə 16 ədəd “Zelzal”, “Zülfüqar”, “Dezful”, “Qədir”, “Emad” və “Sejil” raketləri atılıb. Bunlardan dördü İrandan birbaşa İsrailə çata bilər. “Dezful” raketləri 1000 km, “Qədir”, “Emad” və “Sejil” raketləri isə təxminən 1600-2000 km uçuş məsafəsinə malikdir.

Suriya İran və İsrailin qarşıdurma bölgələrindən birinə çevrilib. İsraillilər çox nadir hallarda bu ölkəyə qarşı müntəzəm xarakter almış zərbələri təsdiq edirlər. “Walla” nəşri bazar günü İsrail təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, İsrail ordusu son üç il ərzində Suriyada “Hizbullah”ın onlarla hədəfinə hücum edib və bu təşkilatın cənub Colan təpələrində və sərhəd üçbucağında möhkəmlənmək üçün maddi-texniki və əməliyyat səylərinə ciddi əngəl törədib. Bununla yanaşı, sayt qeyd edir ki, “Hizbullah”ın İranın köməyi ilə Suriyadan İsrailə hücum etməsi təhlükəsi hələ də mövcuddur.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar