“Huawei”: Uğur hekayəsi, yoxsa Troya atı?

  “Huawei”:  Uğur hekayəsi, yoxsa Troya atı?
802     15:46     07 02 2022    
Beynəlxalq münasibətlərin gedişatını anlamağa çalışan və yaxınlaşan geosiyasi fırtınalardan cəmiyyətləri məlumatlandırmaq iddiasında olan “strateqlər”in proqnozlarına baxmayaq, gözləntilərin əksinə olaraq Çin-ABŞ münaqişəsi Cənubi Çin dənizində deyil, rəqəmsal müstəvidə və telekommunikasiya peyklərinin dolaşdığı dünyanın alçaq hündürlük orbitində, hətta adi mobil telefon dilerlərində qızışıb.

Kəşfiyyat mərkəzli bu yeni qarşıdurmada nüvə sualtı qayıqlarının daşıdığı raketlər əvəzinə casusluq ittihamları havada uçuşur, düşmən əsgərləri deyil, korporativ rəhbərlər, fəallar və hətta akademiklər əsir və ya bir növ girov saxlanılır. Çin və ABŞ... Bu iki fövqəldövlət arasında qarşıdurma cəbhə xəttində deyil, Çin Kommunist Partiyasının göz bəbəyi, 1996-cı ildən Pekin hökumətinin və Çin Xalq Ordusunun etibarlı tərəfdaşı olan “Huawei” telekommunikasiya şirkətinin qlobal həcminə birbaşa mütənasib olaraq beynəlxalq müstəvidə baş verir.

Hədəf ölkənin güclü sektorları sıradan çıxarılır

Keçmiş prezident Reyqan dövrünün mirası olan Ağ Evin Milli Təhlükəsizlik komandasında “şahinlər”in sayının artması ilə ABŞ-ın təhlükə kimi qəbul etdiyi ölkələrə qarşı bir neçə cəbhədə eyni vaxtda hücumunu görürük. Cəbhələr hələlik Rusiya, İran, Venesuela və Çinlə məhdudlaşıb. ABŞ-ın hücum strategiyası hədəf ölkələri güclü olduqları sektorlardan vurmağa yönəlib. Rusiya, İran və Venesuelanın enerji gəlirlərini hədəf alan sanksiyalar və diplomatik manevrlər bir-birinin ardınca tətbiq edilərkən, Çin Xalq Respublikasına gəlincə, ucuz texnologiya məhsulları və telekommunikasiya infrastrukturunda irəliləyişlərlə beynəlxalq bazarlarda dominantlığını tədricən möhkəmləndirən “Huawei” və ZTE kimi Çin markaları hədəf lövhəsində yer alır.

2018-ci ildə ABŞ-ın “Huawei”i hədəf alan sanksiyaları və hüquqi əməliyyatları beynəlxalq və Türkiyə mətbuatında işıqlandırılsa da, Çin brendinin casusluq şübhəsi ilə izlənilməsi 2012-ci ilə təsadüf edir. Burada mötərizə açmaqla “Huawei”in 5-ci nəsil mobil telekommunikasiya sistemlərinin ölkələrinə daxil olmasını qadağan edən və ya “Huawei” rəhbərlərinə qarşı casusluq ittihamlarını gündəmə gətirərək məhkəmə prosesi başlatan ölkələri qeyd etmək faydalı olardı. Xronoloji olaraq ümumiləşdirsək, ilk addım 2018-ci ildə ABŞ ordusunun üzvləri tərəfindən “Huawei” markalı mobil telefonların istifadəsinə qadağa qoyulması ilə gəldi. Bunun ardınca ABŞ-ın sabiq prezidenti Trampın Amerika istehsalı olan texnoloji avadanlıqların “Huawei” və ZTE şirkətlərinə satışını qadağan etmək təklifi irəli sürülüb. 2018-ci ilin avqustunda Avstraliya və noyabrda Yeni Zelandiya öz ölkələrində “Huawei”nin 5-ci nəsil mobil telekommunikasiya infrastrukturundan istifadəni qadağan edib. Həmin ilin dekabr ayında “Huawei”nin yüksək səviyyəli icraçı direktoru, şirkətin qurucusu Ren Zhenqfeinin qızı Menq Vancou İrana qarşı embarqoları pozmaqda ittiham olunaraq Kanadada saxlanılıb. Menq şərti olaraq girov müqabilində sərbəst buraxıldı. Çin Xalq Respublikası isə Menqin ABŞ-a ekstradisiya ehtimalına cavab olaraq bəzi Kanada və Avstraliya vətəndaşlarını müxtəlif səbəblərlə öz ölkəsində həbs edib. 7 dekabr 2018-ci il tarixində Böyük Britaniyada tədbir görülməklə, ölkədəki 3-cü və 4-cü nəsil mobil rabitə sistemləri “Huawei” tərəfindən istehsal olunan avadanlıqlardan təmizlənəcək.

“Küncüt parçası”, yoxsa müharibənin mərkəzi?

“Huawei” şirkətinin qurucusu RenJenqfey bu inkişafları “Biz iki böyük gücün mübarizəsində bir-birinə yapışmış küncüt parçasıyıq” sözləri ilə təsvir etsə də, “Huawei”nin 1980-ci illərdə Çin ordusunun və bürokratiyasının milli təhlükəsizliyi üçün şifrəli telefon istehsal etmək səyahətində bu gün əldə etdiyi həcm onun sadə küncüt toxumundan kənarda olduğunu göstərir.

Qlobal miqyasda 180 min işçisi, 2018-ci ildə 100 milyard dolları keçən gəliri və 2017-ci ildə tədqiqat və inkişafa ayrılan 13 milyard dollarlıq büdcəsi ilə “Huawei” bu gün ABŞ-Çin ticarət müharibəsinin elementlərindən biri deyil, əksinə anqlosakson dünyası ilə Çin arasında elan olunmamış müharibənin mərkəzinə çevrilib.

“Beş göz”

Bəs bu beş üzvlü Anglo-Sakson ittifaqı Asiya-Sakit Okean bazarından başlayaraq bu gün Avropaya qədər uzanan Çin Xalq Respublikasına qarşı bu hərəkəti necə koordinasiyalı şəkildə başlatdı? Bu sualın cavabı İkinci Dünya Müharibəsi illərində ABŞ və İngiltərə arasında qurulan ittifaqda və nasist Almaniyasının rabitə sisteminə nəzarət etməkdədir. ABŞ və İngiltərənin bu ittifaqı Soyuq Müharibə ilə birlikdə Kanada, Yeni Zelandiya və Avstraliyanı da əhatə edəcək şəkildə genişləndi və “Beş Göz” adlandırıldı. 11 sentyabr hücumları və qlobal terrorizmin eskalasiyası “Beş Göz”ün rəqəmsal dünyanı daha yaxından izləməsinə səbəb oldu.

Yeni Zelandiya mətbuatında yer alan iddialara görə, 17 iyul 2018-ci ildə Kanadanın Nova Skotia şəhərində “Huawei”yə qarşı qlobal əməliyyat başladılıb.

Rəngarəng corabları ilə yayılan simpatik şəxsiyyəti ilə ölkəsinin əhəmiyyətli ictimaiyyətlə əlaqələr simasına çevrilən Kanada Baş naziri Castin Trudonun beş ölkənin (ABŞ-NSA, UK-GCHQ, Avstraliya-ASD, Kanada-CSEC və Yeni Zelandiya-GCSB) kəşfiyyat birliklərinin rəhbərləri ilə görüşdüyü toplantı həm də “Huawei”yə qarşı əməliyyatın başlanğıcı idi. Kanadadakı görüşdən bir ay keçməmiş ABŞ-dan başlayaraq “Huawei”ni hədəf alan araşdırmalar və sanksiyalar bir-birinin ardınca tətbiq olundu.

Pekin rəhbərliyi bu addımı əvvəlcə ticarət müharibələrinə son qoymaq üçün aparılan danışıqlarda ABŞ-dan yararlanmaq cəhdi kimi qiymətləndirsə də, 2018-ci ilin fevralın ilk həftəsində baş verənlər hücumun Çinin mobil rabitə bazarındakı hökmranlığını sarsıtmaq məqsədi daşıdığını göstərdi. “Beş Göz” “Huawei”nin yeni nəsil mobil rabitə avadanlığının casusluq məqsədləri üçün istifadə edildiyini iddia edərək, brendin bütün Avropada qadağan edilməsini tələb etməyə başladı. Rəqəmsal və elektron mediada Çinə qarşı qurulan bu ittifaq Yaponiya və Almaniyanı da “Beş Göz”ə daxil etmək üçün cəhdlər edir. Çin Xalq Respublikasının “Bir kəmər və yol təşəbbüsü” ilə Avropanın Çinin texnoloji dominantlığının qarşısının alınması istiqamətində gördüyü işlərin eyni vaxtda davam etdiyini söyləyə bilərik. Eyni şəkildə, xatırladaq ki, Çin Xalq Respublikası son iki ildə ABŞ administrasiyasının milli təhlükəsizlik və strategiya sənədlərində hərbi baxımdan regional təhlükə kimi müəyyən edilməsi ilə yanaşı, iqtisadi baxımdan da Vaşinqton və onun Avropa və Afrikadakı müttəfiqləri üçün ciddi təhlükəyə çevrilib.

“NATO müttəfiqləri üçün təhlükə”

“Huawei”nin mobil rabitə sistemlərinin Avropada qadağan edilməsi ilə bağlı müzakirələr Varşava və Münhendə keçiriləcək beynəlxalq konfransların kulislərində mühüm gündəm maddələrindən biri olub. ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Macarıstan, Slovakiya və Polşaya səfərləri zamanı Çindən alınan rabitə sistemindən istifadənin NATO müttəfiqlərinə qarşı təhlükəni artıracağını açıqlayıb. Çexiya Xarici İşlər naziri Tomaş Petriçek Vaşinqtona səfəri zamanı bu məsələnin müzakirə olunacağını bildirmişdi. Petriçekin açıqlamalarının sətirləri arasında Çexiya da Polşa kimi qısa müddətdə “Huawei”yə qarşı tədbir görən ölkələr siyahısına qoşulmağa meyllidir.

İtaliyadan narahat səs

Avropadan “Huawei”nin bloklanmasına qarşı yeganə müxalif səs İtaliyadan gəldi. Fransa-Almaniya cütlüyünə qarşı səsini getdikcə yüksəldən Romadakı populist hökumətin “Huawei”ni qadağan etməyəcəkləri barədə diskursunu nə vaxta qədər davam etdirə biləcəyi bəlli deyil. Etiraf etmək lazımdır ki, sənaye casusluğu və kiberhücumlarda səriştəsi o qədər də parlaq olmayan Çin Xalq Respublikasında aparıcı texnologiya brendinin aradan qaldırılması NATO və Avropa İttifaqı vasitəsilə qaçılmaz olaraq gündəmə gələcək.
Strategyvision.org

Teq: Huawei   Çin-ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar