Türkiyədən insansız sistemlərdə önəmli addım: Döyüş robotlar üçün 9 şirkətlə müqavilə imzalandı

  Türkiyədən insansız sistemlərdə önəmli addım:  Döyüş robotlar üçün 9 şirkətlə müqavilə imzalandı
1584     13:33     25 05 2022    
Son illərdə insansız sistemlərdə mühüm addım atan Türkiyə insansız quru platformaları və ya digər adı ilə desək döyüş robotları sahəsində də mühüm addım atıb.

Ölkənin Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən layihələrdə ağır, orta və yüngül sinif quru platformaları üçün 9 şirkətlə müqavilə imzalanıb.

Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir Türkiyənin aviasiya ilə başlayan insansız sistemlərinin hazırda dənizdə və quruda istifadə edildiyinə diqqət çəkib: “Döyüş meydanı intensiv texnologiya və Süni Zəka ilə təchiz olunmuş bu cür vasitələrin istifadə edildiyi bir sahəyə çevrilir”.

Komitə ağır sinfə məxsus platformaların istehsalı ilə bağlı FNSS şirkəti ilə müqavilə imzalayıb. Şirkətin baş direktoru Nail Kurt tərəfindən imzalanan layihədə FNSS M113-ləri “Gölge Süvari” adlı sistemlə insansız platformaya çevirəcək. Bu layihə həm də köhnə nəsil zirehli personal daşıyıcılarını təkmilləşdirərək yeni istifadəni təmin etmək üçün nəzərdə tutulub. M113 platformasında qurulan “Gölge Süvari” 450 kilometr hərəkət radiusuna malikdir.

Platforma dizel mühərrikilə düz və asfalt yolda 50 km/saat sürət yığa bilir. “Gölge Süvari” 60% şaquli və 30% yan yamaclarda hərəkət edə, 60 sm hündürlüyündə maneələri və 160 sm uzunluğunda xəndəkləri keçə bilir. Robot 4500 kq yükgötürmə qabiliyyətinə malikdir.

Orta sinif quru platformaları üçün ASELSAN, “Best Grup”, “Elektroland” və HAVELSAN ilə müqavilələr imzalanıb. Bu sistemlər kəşfiyyat və müşahidə, atəş dəstəyi kimi müxtəlif vəzifələrdə istifadə edilə bilər.

HAVELSAN şirkəti “Barkin” modeli ilə quru platformalarını “Baha” adlı bulud altında işləyə bilən PUA-larla birgə tapşırıqlar yerinə yetirmələrini və vəzifələri paylaşmalarını təmin etməyi hədəfləyir. Şirkət bu vasitələr üçün sürü qabiliyyəti üzərində işləyir.

Türkiyənin Müdafiə Sənayesi Komitəsi yüngül çəkili platformalarla bağlı “Arox”, “Elektroland” və “Esetron” ilə müqavilələr imzalayıb.

İsmayıl Dəmir bildirib ki, sahə əməliyyatları dəstəyi çərçivəsində, xüsusilə sərhəd birliklərində, “Pəncə” əməliyyatlarında fəal iştirak edən hərbi qulluqçular fərqli hərəkət sistemlərinə malik quru platformaları ilə dəstəklənib.
Strategyvision.org

Teq: Türkiyə   Müdafiə  


Oxşar məqalələr
Son əlavə olunanlar