Sosial şəbəkələr və informasiya təhlükəsizliyi - Nələrə diqqət etməliyik?

 Sosial şəbəkələr və informasiya təhlükəsizliyi -  Nələrə diqqət etməliyik?
10204     15:11     24 07 2021    
Müasir dövrdə demək olar ki, hər kəs sosial şəbəkədən yararlanır. Şəbəkədən istifadə müsbət və ya mənfi yönümlü ola bilər. Şəbəkənin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Son 10 illər ərzində onlayn sosial şəbəkələr isə həyatın ayrılmaz parçasına çevirilib. Bununla yanaşı sosial şəbəkələr insanların fiziki təhlükəsizliyinə, informasiya təhlükəsizliyinə təhdid formalaşdıra bilər.

Sosial media bizi dostlar, ailə, iş yoldaşları və hətta digər kənar insanlarla bağlayır. Sosial mediada yayımladığınız məlumatlar bizim təhlükəsizliyimizə təhdid yarada bilər. “Facebook” kimi bəzi sosial media hesabları üçün təhlükəsizlik parametrləri, “Twitter” və “Instagram” kimi digərlərində “Şəxsi” hesabı qurma imkanı mövcud olsa da, bloklanan informasiyanı əldə etmək istəyən insanlar çox vaxt bir yol tapa bilərlər.


Hal-hazırda onlayn sosial şəbəkələr internet mühitində fəaliyyət göstərən ən təsirli media quruluşlarından biri halına gəlib. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir. Sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır. Onlayn sosial şəbəkələr istifadəçilərə zaman və məkan məhdudiyyəti qoymadan bir çox imkanlar təklif edir. Son illərdə onlayn sosial şəbəkə istifadəçilərində və mövcud məlumatların sayında hədsiz artım müşahidə edilir. Onlayn sosial şəbəkələrin yayılması ilə bu şəbəkələrdə informasiya mübadiləsi də daim artan əhəmiyyətə malikdir. Onlayn sosial şəbəkələr əhalinin böyük seqmentinin həyatının daimi iştirakçısıdır və offlayn fəaliyyətlərinə də birbaşa təsir göstərir. Əlbəttə ki, bu da ciddi gizlilik və təhlükəsizlik riski yaradır.

Sosial şəbəkələrin tarixi

Kompüter şəbəkələri ilk olaraq hərbi mərkəzləşdirilmiş komanda və nəzarət kimi təqdim edilib. Bəziləri “sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığını düşünür. Sosial şəbəkə anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib.

Bu fenomenin internetlə əlaqəsi yoxdur və aşağıdakı kimi şərh olunur: sosial şəbəkə dedikdə ictimai obyektlər (insanlar və ya müxtəlif təşkilatlar və strukturlar) və onların aralarındakı münasibətlər olan çoxsaylı keçidlərdən ibarət sosial quruluş nəzərdə tutulur. İnternetin yaranmasından sosial şəbəkələrin aktuallığı da artdı.


Artıq sosial şəbəkə saytları İnternet fəzasının ayrılmaz tərkib hissəsinə çevrilib, qlobal onlayn cəmiyyətin üçdə iki hissəsi müntəzəm olaraq bu və ya digər sosial şəbəkə saytına baş çəkir, sosial şəbəkələrin auditoriyası genişlənir, yaş tərkibinə görə daha müxtəlif olur. İnternet trafikinin böyük bir hissəsini məşhur sosial şəbəkə saytları zəbt edir.

Sosial şəbəkə servisləri təkcə İnternetin landşaftına təsir etmir, onlar istifadəçilərin davranışını da ciddi şəkildə dəyişmək gücündədir. Bu servislərin kontent, xidmətlər, əlçatanlılıq, əhatə etdiyi auditoriya və ərazi baxımından inkişafı cəmiyyətə təsirin yeni üsul və vasitələrinin meydana çıxmasına səbəb olur. Onlar insanların, təşkilatların və dövlətin qarşılıqlı əlaqəsi üçün yeni imkanlar yaradır.

Son illərdə informasiya kommunikasiya texnologiyalarının inkişafında əsas hadisə sosial şəbəkə saytlarının (“Facebook”, “Twitter”, “LiveJournal”, “MySpace”, “Classmates” və s.) populyarlığının sürətlə artmasıdır. Sosial şəbəkə saytlarının populyarlığı axtarış sistemlərindən, portallardan, e-poçt və proqram təminatı saytlarından iki dəfə sürətlə artır və onlar saytların reytinq cədvəllərində böyük üstünlüklə birinci yeri tuturlar.

“Statista”nın məlumatına görə, dünyada onlayn sosial şəbəkə istifadəçilərinin sayı 4 milyarda yaxınlaşır. Statitikaya görə, sosial şəbəkələr arasında ən çox istifadəçisi olan “Facebook”dur. Onun istifadəçilərinin sayı 2.5 milyarddan artıqdır. Sosial şəbəkələrdən istifadə edənlərin sayı bütün dünyada əhəmiyyətli dərəcədə artır. “Pew” Araşdırma Mərkəzinin Sosial Mediada Qlobal Tendensiyalara dair araşdırmasına görə, Böyük Britaniya, Amerika, Rusiya, Çexiya və İspaniyada əhalinin yarısı “Facebook” və bənzər saytlardan istifadə edir. Sosial şəbəkələrin istifadəsi təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, yoxsul ölkələrdə də artır. Bu, insanların özlərini ifadə etmələrini asanlaşdırır. Sosial media, aşağı və orta gəlirli ölkələrdə də böyük diqqəti cəlb edir. Bu ölkələrdə internetə girənlər qısa müddətdə sosial saytların üzvü olurlar. Sosial şəbəkə saytlarından istifadə edən Türkiyə, Meksika, Braziliya, Tunis, İordaniya, Misir, Rusiya və Hindistanda tez-tez internetdən istifadə edir.


“Pew Global Trends” Layihəsi çərçivəsində sorğu edilən ölkələrin, Pakistandan başqa ümumilikdə, sosial şəbəkələrdən istifadə edənlərin 67% -i bu sosial saytlardan musiqi və filmlərə dair fikirlərini bölüşmək üçün istifadə edir. “Amerikanın Səsi”nin reportajına görə, istifadəçilər idman və siyasət haqqında fikirlərini bölüşərkən dini sahələrdə çox fikir bildirməməyi üstün tuturlar. Ərəb ölkələrində yaşayanlar siyasi və ictimai həyatı ilə bağlı ən çox fikir söyləyirlər. Misir və Tunisdə sosial şəbəkələrdən istifadə edən 10 nəfərdən altısı siyasi məsələlərə dair fikirlərini başqaları ilə bölüşür. Misir, Tunis və Livandakı 10 nəfərdən yeddisi sosial məsələlərə dair fikirlərini sosial şəbəkələrdə yerləşdirməyi üstün tutur.

Sosial şəbəkələrin mühiti dəyişdirməsi

Sosial şəbəkələr artıq qlobal döyüş meydanına və dəyişikliklərin məkanına çevrilir. Ərəb Baharı dövründə, sosial medianın böyük bir siyasi dəyişikliyə səbəb olmaq gücünü hər kəs gördü. Həmin vaxt “Twitter” və “Facebook” etiraz aksiyalarının təşkil edilməsində ən əsas vasitələrdən birinə çevrilmişdi.

Daha sonra İŞİD sosial media platformalarından istifadə edərək özünə tərəfdar toplamağa başladı. Bundan başqa terror təşkilatı sosial mediadan təbliğat və qorxu yaratmaq məqsədilə istifadə edirdi. Təşkilat həyata keçirdiyi hücumların, atdığı addımların video və fotolarını sosial şəbəkələrdə yayaraq öz təbliğatlarını daha asan yolla və daha ucuz vasitə ilə həyata keçirirdi. İŞİD sosial şəbəkələrdən istifadə edərək təxminən 100 ölkədən ən azı 30.000 xarici döyüşçünü Suriya və İraqın döyüş bölgələrinə cəlb etməyi bacarmışdı. Bundan başqa təşkilat Liviya və Əfqanıstandan tutmuş Nigeriya və Banqladeşə qədər bütün yerlərdə yerli hücrələrini yaratmışdı. Bu ABŞ-a müharibə elan etmək üçün istifadə olunan vasitə idi.


İŞİD sosial şəbəkələrdən təbliğat maşını kimi istifadə etsə də, əslində bu, yeni bir şey deyildi. Sadəcə terror təşkilatı öz təbliğat aparatını dövrün reallıqlarına uyğunlaşdırmışdı. Məşhur bir ifadədə deyildiyi kimi terror həmişə teatral hadisə olub. Təxminən 2000 il əvvəl Sicarii, ya da “xəncər adamlar” kimi tanınan yəhudi zealotları Romanın işğalı altında olan Qüdsü tutdular. Xiyabanda sakitcə öldürməkdənsə, Roma simpatizanlarını kütlənin önündə öldürməyə qərar verdilər. Bu şəhər meydanındakı sui-qəsdlərin məqsədi birdir: mümkün qədər çox kütləyə siqnal göndərmək.

Sonradan ABŞ-da baş tutan prezident seçkilərinə müdaxilələrin olması barədə iddialar yayıldı. Seçkilərə müdaxilə əsasən sosial media hesabları vasitəsilə edilmişdi. Belə ki, müdaxilə edənlər müxtəlif saxta profillər yaradaraq seçicilərin davranışlarına təsir göstərməyə çalışmışdılar.

Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları

Sosial şəbəkələrin və ümumilikdə intenetin təhlükəli olması ilə bağlı narahatlıqlar yeni deyil. Hələ 30 ilə yaxın bir müddət əvvəl “Rand Korporasiyası” ilə iki müdafiə təhlilçisi yaranan internetlə qarşıdurmanın necə qurulacağına dair ciddi düşünməyə başlamışdılar. 1993-cü ildə yayımlanan “Kiber müharibə gəlir!” adlı məqaləsində ilk veb sayt yaradıldıqdan iki il sonra Con Arquilla və David Ronfeldt proqram kodunun hücum vasitəsi olaraq istifadə ediləcəyi hərbi əməliyyatların gələcəyini proqnozlaşdırdılar.


Sosial şəbəkə istifadəçilərinin günbəgün artması özü ilə yanaşı təhlükəsizlik problemlərini də gətirir. Artıq bir çox dövlətlər sosial şəbəkələrin tənzimlənməsi barədə addımlar atır. Məsələn, Almaniya 2017-ci ildən bu istiqamətdə addımlar atmağa başlayıb. Almaniyanın sosial medianı tənzimləməsinin arxasında artan sağçı və immiqrasiya əleyhinə hərəkat dayanır. Xüsusilə son illərdə sağçı qrupların sosial mediada saxta xəbərlər yayması, ölüm təhdidləri etməsi, terror hücumları öncəsi sosial mediada mesajlar göndərməsi və bu platformalarda təşkil edilməsi səbəbi ilə hərəkətə keçən Merkel hökuməti yeni tənzimləmələrlə onların qarşısını almağı hədəfləyir.

Merkel hökuməti, “Facebook” və “Twitter” kimi sosial media platformalarını istifadəçilər tərəfindən qanunla ilk olaraq 2017-ci ildə çıxarılan və qısa adı “NetzDG” olan məzmuna cavabdeh etdi. “Sosial şəbəkələrdə qanunların tətbiqinin təşviq edilməsi haqqında” Qanun Qərb demokratiyalarında bu sahədəki ilk hərtərəfli hüquqi tənzimləmələrdən biri kimi qiymətləndirilir.

Qanun sosial şəbəkələrdə nifrət nitqinə, saxta xəbərlərə, təhqirlərə, təhdidlərə, insanları cinayətə və ya zorakılığa təhrik edən qanunsuz məzmuna qarşı mübarizə məqsədi daşıyır. Qanunla Almaniyadan daxil olan bütün sosial şəbəkələr istifadəçilərin bu cür məzmunu barədə məlumat verə biləcəyi bir sistem qurmaq məcburiyyətində qaldılar.

Şikayət olunan məzmunun qanunun pozulduğunu yoxlamaq məcburiyyətində olan sosial şəbəkələr, pozuntuları aşkar etdikləri təqdirdə 24 saat ərzində bu məzmuna daxil olmağı silməli və ya söndürməlidirlər. “NetzDG”yə uyğun olaraq, sosial media platformalarına, məhkəmə qərarı olduqda, şəxsi hüquqlarının pozulduğu şikayətçiyə cinayət törətmiş şəxs haqqında məlumat ötürməyə icazə verilir.


Qanunvericiliyə görə, Almaniyada ən az 2 milyon istifadəçisi olan sosial media platformalarından istifadəçilərin hər altı ayda bir qeyri-qanuni məzmunla bağlı şikayətləri ilə əlaqədar alman dilində bir hesabat hazırlamaları, veb saytlarında yayımlaması və Almaniyanın səlahiyyətlilərinə göndərməsi tələb olunur.

“NetzDG” qanunu istifadəçilərin müraciətlərini araşdırmaq üçün şikayət mexanizmi yaratmayan və cinayət tərkibini vaxtında silməyən sosial şəbəkələr üçün cərimələri nəzərdə tutur. Şiddətli və sistematik pozuntular halında şikayət mexanizmi məsullarına 5 milyon avro və sosial media platformasında 50 milyon avroya qədər cərimələr tətbiq edilə bilər.

Sosial media şəbəkələrində qanunla irəli sürülən digər vacib bir öhdəlik, Alman hakimiyyət orqanlarını təmsil etmək səlahiyyətinə sahib bir şəxs və Alman məhkəmə prokurorluq orqanlarının məlumat sorğularına cavab verə bilən bir əlaqə məmurunun Almaniyada təyin edilməsidir. Sosial media platformalarının Almaniyada ən azı bir nümayəndəsinin olması qanuni olaraq tələb olunur. Qanunverici bunun “qaydaların effektiv icrası” üçün zəruri olduğunu vurğulayır.

Bu günə qədər yalnız “Facebook”, “NetzDG” qanununu pozduğuna görə cərimələnib. “Facebook” 2019-cu ilin iyul ayında kəsilən 2 milyon avro cəriməsinə etiraz olaraq qanuni proses davam edir.

Müasir sosial şəbəkə təhlükələri məhz bu mühitə xasdır. Adətən, bu təhlükələrin hədəfi sosial şəbəkə istifadəçilərinin, həmçinin onların “dostlarının” fərdi məlumatlarıdır. Məsələn, kiberqruplar “Facebook” istifadəçisinin fərdi məlumatlarına hücum etmək üçün saxta “dost” profili yaradır və ona sorğular göndərir. Əgər hədəf istifadəçi bu “dostun” sorğularını qəbul edərsə, onda onun fərdi məlumatları hücuma məruz qalır və onları əldə edə bilirlər.

Bundan başqa, məsələn, “ClickJacking” adlanan hücum üsulu mövcuddur. Bu üsulla istifadəçiləri aldadaraq, ilk baxışdan faydalı olan, lakin əslində təhlükəli olan keçidlərə (linklərə) daxil olmağa sövq edir. Həmin keçidlərə daxil olduqdan sonra istifadəçinin şəxsi məlumatları təhlükəli şəxslərin əlinə keçə bilər.


Bəzən sosial şəbəkələrdə “Kimlik oğurluğu” da baş verir. Buna sosial şəbəkələrdə saxta profillər də deyilir. 2012-ci ildə 12 milyon insan kimlik oğurluğu və məlumat sızmasının qurbanı olub. Bu hadisə ABŞ-da müştərilərin məxfi məlumatlarını idarə edən maliyyə təşkilatlarının ümumilikdə təxminən 21 milyard dollar pul itkisinə səbəb olub.

Həmçinin, “Facebook”, “Snapchat”, “Instagram” kimi geniş yayılmış ictimai sosial şəbəkələrdə fotoşəkillər ilə yanaşı mövcud yerləri paylaşa bilən xüsusiyyət var. Sosial şəbəkələrdə saxta tətbiqlər və linklər mövcuddur. İstifadəçi həmin linkə daxil olduqda onun mobil nömrəsi, e-mail ünvanı və s. kimi şəxsi məlumatları həmin tətbiqlər tərəfindən oğurlana bilir.

Sosial şəbəkələr bizə dostlarımızla daim təmasda ola biləcəyimiz və istədiyimizi paylaşa biləcəyimiz bir mühit təklif edir. Bununla birlikdə, sosial şəbəkələr hər kəsin şəxsi məlumatlarını, paylaşımlarını və dostlarını görə biləcəyi mühitdir. Beləliklə, bir neçə məqama diqqət yetirərək sosial şəbəkələrdə daha təhlükəsiz olmaq mümkündür:


1. Şəxsi məlumatlarınızı hər kəslə bölüşməmək məsləhətdir.

2. Paylaşdığınız məlumatları istəmədəyiniz şəxslər üçün bağlayın. Paylaşılan video və fotolar təhlükəli məqsədlər üçün istifadə bilər. Xüsusilə müharibə şəraitində yaşadığımıza görə döyüşlər zamanı edilən paulaşımlara xüsusi diqqət yetirilməlidir.

3. Tanımadığınız şəxslərin dostluq təkliflərini qəbul etməyin. Onların hansı məqsədlə sizə dostluq atdığı, niyyətlərinin nə olduğu məlum deyil.

4. Güclü parol yaradın və parolunuzu heç kimlə bölüşməyin. Ad, doğum tarixi, telefon nömrəsi kimi məlumatları şirfələmədə istifadə etməyin. Daha çox rəqəmdən, böyük hərflərdən, fərqli simvollardan istifadə edin. Şifrəniz nə qədər güclü olsa risk daha az olacaq.

5. İstifadəçilərin diqqətini çəkən “Qazandınız” və “Pulsuz” kimi mesajlardan ehtiyatlı olun.

6. Sosial profillərinizi tez-tez nəzərdən keçirin və hər bir şəxsi məlumatların qorunmasına diqqət yetirin. Sosial şəbəkələrin gizlilik xidmətlərinə riayət edin.

7. Saxta tətbiqlər və zərərli ola biləcək linklərə daxil olmayın. Bunlar həm virus, həm də kiberterrorizm xarakterli ola bilər.

8. Gələn mesajların və sorğuların bloklanması kimi sosial şəbəkə tərəfindən təklif olunan genişləndirilmiş gizlilik seçimlərindən istifadə edin və s.
Strategyvision.org

Teq: İnformasiya-Müharibəsi   Sosial-Şəbəkələr  


Oxşar məqalələr
Son əlavə olunanlar