Utopik fikirlər və SZ birgəliyi?| Müasir inkişafın ilkin rüşeymləri klassik fəlsəfə ustadları tərəfindən atılıb - I YAZI

  Utopik fikirlər və SZ birgəliyi?|  Müasir inkişafın ilkin rüşeymləri klassik fəlsəfə ustadları tərəfindən atılıb -  I YAZI
1271     10:41     07 07 2021    
Süni zəka bir tədqiqat sahəsi kimi 1956-cı ilin yayında Dartmus universistetində ortaya çıxıb. Yəni artıq bu dövrdən başlayaraq süni zəkaya xüsusi bir elm sahəsi olaraq yanaşılmağa başlanıldı. Süni zəkanın ixtisaslaşması onun müstəqil bir tədqiqat sahəsinə çevrilməsindən etibarən mümkün olsa da, geniş mənada süni zəka tarixini bu dövrdən götürmək olduqca yanlış olardı. Belə ki, süni zəka tarixi barəsində fikir yürütdükdə ortaya atılan fikrin tədqiqat sahəsi kimi sistemli şəkildə formalaşdırılmış süni zəka elmi ilə, yoxsa bütövlükdə süni zəka anlayışı ilə bağlı olduğunu xüsusilə vurğulamaq lazımdır. Bu baxımdan ilk olaraq qeyd etmək lazımdır ki, bu yazı bir elm sahəsi olan süni zəkanın yox, ümumi anlayış olan süni zəkanın tarixindən bəhs edir. Bu tarix isə olduqca geniş və keşməkeşli dövrü əhatə edir.

Əlbəttə ki, bu tarixi sadəcə bir ümumi başlıq altında vermək sektorun gələcək inkişafı ilə bağlı təxmin yürütməkdə ciddi əngəllər ortaya çıxara bilər. Ona görə də süni zəka anlayışının tarixini müxtəlif fikir və fəaliyyət xətlərinin hakim olduğu mərhələlərə ayırmaq lazımdır. Bu baxımdan onun inkişaf tarixini üç müxtəlif dövrə ayırmaq olar. Birinci mərhələ sadəcə olaraq təxəyyül və bədiiləşdirmə məhsullarının ortaya çıxdığı heç bir konkret fəaliyyətin ortaya qoyulmadığı, lakin gələcək inkişaf üçün cığır açacaq olan uydurma idealar dövrü, ikinci mərhələ bu uydurma ideaların əslində mümkünlüyünə inanılan və onun üçün formulların ortaya atıldığı dövr, üçüncüsü və hazırda da öz hökmranlığını davam etdirən mərhələ isə ortaya qoyulan nəzəri biliklərin, elmi araşdırmaların və əldə edilən formulların praktiki tətbiqi dövrüdür.

Uydurma idealar dövrü


Süni zəka antik tarixdə usta sənətkarlar tərəfindən şüurlu, yaxud şüursuz zəka ilə təchiz edilən miflər, hekayələr və süni varlıqların mövcudluğu ilə bağlı ortaya atılan uydurmalar əsasında ta ibtidai icma quruluşu dövründən etibarən ortaya çıxmağa başladı. Süni zəka ilə bağlı düşüncələr ilk dəfə olaraq e.ə.1500– e.ə.900-cü illərdə hazırda da varlığını davam etdirən məktəb olan Çarvakanın (Hindistanda fəlsəfi məktəb) dahi filosofları tərəfindən ortaya atılıb. Ötən yazıda demişdik ki, bu fikirlər süni zəka ilə maraqlanan kimlər üçünsə olduqca əhəmiyyətsiz və gülünc görünə bilər. Lakin unutmamaq lazımdır ki, bu utopik fikirlər süni zəkanın inkişafında əvəzsiz rola sahibdir.

Süni zəka tarixinin antik dövr mərhələsinin əhəmiyyətini daha da aydınlığa qovuşdurmaq üçün qeyd edə bilərik ki, müasir süni zəkanın ilkin toxumları insanın düşünmə funksiyasını simvolların mexaniki manipulyasiyası kimi təqdim etməyə çalışan klassik fəlsəfə ustadları tərəfindən atılmağa başlanıb. Bu məqamda vurğulanması gərəkən bir nüans da var ki, bu fikirlər səsləndiyi dövrdə heç bir əsaslandırılmış arqumentlərlə dəstəklənməsə də, müəyyən mənada elmi iddialar kimi səslənir. Bu fikirlər həmin cəmiyyətlərin yaşam tərzinə bir o qədər də təsir göstərməyib. Çünki ortaya atılan bu iddialar özünün elmi fikir olma çərçivəsini aşmayıb.


Qədim Olimpiya oyunlarının mərhələlərini, astronomik vəziyyətləri proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş qədim analoq kompüter

Lakin dövrün bəzi sivilizasiyalarında ortaya atılan və o dövrün təhsilsiz təbəqəsini təşkil edən əksəriyyət tərəfindən qismən və ya təmamilə qəbul edilmiş bir sıra utopik fikirlər elmi çərçivədən kənar olduğundan həmin sivilizasiyaların yaşam tərzində ciddi təsirlər göstərib. Bunlara ən yaxşı nümunə Misir və yunan tanrılarının mövcudluğu ilə bağlı ortaya atılan miflərdir. Əsas etibarilə qeyri-real səslənməsinə baxmayaraq, səsləndirilən bu fikirlər sonrakı inkişaf mərhələsi üçün bir məqsəd rolunda çıxış edəcəkdi. Məsələn yunanların ortaya atdığı məhsuldarlıq ilahəsi Demetra sonrakı dövrlər üçün bir baza rolunda çıxış etdi. Süni zəkanın tarixi və fəlsəfi əsası ilə bağlı kitabların müəllifi Amerikalı alim Pamela Mək Kordakın (1940-) diliylə desək, süni zəka tanrını yaratmaqla bağlı antik arzu əsasında ortaya çıxdı. Yəni bu idealar hazırkı dövrümüzdə bəşəriyyətə gülünc gəlsə də, uzun perspektivdə inkişafın açar faktorlarından olublar.

Bu mərhələnin yeganə konkret məhsulları utopik rəsmlərin çəkilməsi və bəzi yazılı əsərlər olub ki, buna da demək olar ki, bütün mədəniyyətlərdə rast gəlinir. Robot insanlar və süni zəka mövcudluğunun mifoloji nümunələrinə ən sadə misallar kimi antik yunan hekayələrində nağıl edilən “Hephaestus” və “Piqmaliyon Qalateya” qızıl robotlarını göstərə bilərik. Tarixdə ən çox tanınan proqramlaşdırılmış robotun rəsmi isə 1206-cı ildə Əl-Cəzəri tərəfindən çəkilən sənət əsəridir. Süni zəka dövrümüzdə də mif, bədiiləşdirmə və fantaziyanın əsas hədəfində qalmağa davam edir.

Formullar dövrü


Proqramlana bilən "Avtomat" maşını (robotu)

Formullar dövrü adlanan ikinci mərhələdə insanlar artıq ilk dəfə olaraq antik dövrdə səsləndirilən uydurmalara başqa prizmadan baxmağa başladılar. Orta əsrlərdən ötən əsrin ortalarına qədər davam edən bu mərhələdə dövrün müxtəlif zamanlarında yaşamış çox sayda elm adamı bəşəriyyəti süni zəka ilə bağlı düşünməyə təşviq etdi. Başqa sözlə, bu sahədə araşdırmalar aparan bir çox professorlar sözügedən miflərin mərhələli şəkildə elmi isbatlarını ortaya qoydular.

Məhz buna görə də bu dövr uydurma idealar üzərindəki formullar dövrü olaraq tarixə keçdi. Məsələ burasındadır ki, uydurma idealar dövrü demək olar ki, öz ömrünü başa vursa da, formullar dövrü hələ də davam etməkdədir. Yəni hazırkı mərhələdə süni zəka ilə bağlı hər hansısa bir mifin ortaya atılmasına o qədər də rastlamırıq, atılsa belə bu fikirlər cəmiyyətin təhsilli və seçkin təbəqəsi tərəfindən ciddiyətlə qəbul edilmir və buna görə də aktuallıq qazanmadan sıradan çıxır. Bu ona görədir ki, artıq ortaya atılan idealar ümumi anlamda texnologiyadan təsirlənilərək formalaşır.

Yəni antik dövrün ideaları minilliklər ərzində bir sıra texnoloji inkişafı şərtləndirən başlıca faktor rolunda çıxış etsə də, hazırda texnologiya uydurma fikirlərin ortaya çıxmasına səbəb olur. Məsələn yuxarıda qeyd etdiyimiz Demetra ilahəsi ideyası müasir dövrdə kənd təsərrüfatında yüksək texnologiyanın inkişafına səbəb oldu, amma hazırda mövcud idealar texnoloji inkişafın təməli rolunda çıxış etmir, əksinə özləri birbaşa texnologiyanın üstünlükləri ilə bağlı olur. Yəni süni zəkanın inkişafı insanların yaradıcı düşünmə bacarıqlarını müəyyən mənada qısıtlamış olur. Məsələn hazırkı dövrdə sürreallığın başlıca nümunəsi rolunda çıxış edən elmi-fantasik janrdakı filmlərin əksəriyyəti günümüzdə mövcud olan texnologiyaların daha da təkmilləşdirilməsi, yaxud üzərində araşdırma və təkmilləşdirilmə işləri aparılan gələcək innovativ texnologiyaların ərsəyə gətirilməsi ilə bağlı olur.


Əl Cəzarinin su qaldıran mexanizmi və "Avtomat" adlı əlyazmasında təsvir olunmuş fil-saatı

Formullar dövrünün davam etməsinə gəldikdə isə bunun səbəbi hələ də elmi araşdırmalar əsasında əldə edilən nəzəri biliklərdir. Yəni orta əsrlərdən etibarən başlanılan və əsasən riyaziyyat və riyazi məntiq üzərindən aparılan elmi araşdırmalar hazırda da davam etdirilir və məhsuldarlıq göstərir. Hətta qeyd etmək olar ki, formullar mərhələsi özünün təkhakimiyyətlilik dövrünü ötən əsrin ortaları itirməsinə və bu mənada ikinci yerə enməsinə baxmayaraq hazırda süni zəka ilə bağlı elmi araşdırmaların aparılması və yeni nəzəri biliklərin ortaya atılması özünün ən qızğın dönəmini keçirir. Bu dövrdə inkişafın ortaya çıxardığı başlıca cığırlar formal əsaslandırma, avtomatlaşdırma, kompüter elmləri, Turinq dövrü və s-dir.

Ota əsrlərdə Cəbir İbn Həyyanın “Paracelsus Homonculus” və Rəbbi Cudəh Loyevin “Qolem” əsərlərində insan ağlının kimyəvi üsullardan istifadə edilərək hər hansısa bir cansız varlığa əlavə edilməsi ilə bağlı söz-söhbətlər dönəmin elm aləminin başlıca müzakirə mövzularından birinə çevrilmişdi. 19-cu əsrdə Meri Şellinin “Frankşteyn” və Karel Çapekin “R.U.R.” əsərlərindəki süni insanların və düşünən maşınların təkmilləşdirilməsi ilə bağlı bədiiləşdirmə və Samuel Batlerin “Maşınlar arasında Darvin” məqaləsindəki spekulyasiyalar bu sahədə ən əhəmiyyətli sayıla biləcək nümunələr kimi yer alıb. Nəhayət ilk dəfə olaraq 1940-50-ci illərdə riyyaziyyat, psixologiya, mühəndislik, iqtisadiyyat və siyasət kimi müxtəlif elm sahələrindən tədqiqatçılar süni beyinin yaradılmasının mümkünlüyü ehtimallarını müzakirə etməyə başladılar.

Formal mühakimə (Məntiqi əsaslandırma)


"Jaquet-Droz" avtomatı

Formal mühakimə süni zəka təchizatlı qurğuların insan düşüncəsi prosessinin mexanizasiyalaşdırıla biləcəyi fikrinə əsaslanır. Mexaniki yaxud formal mühakimə anlayışının uzun bir tarixçəsi var. Çin, hind və yunan filosofları eramızdan əvvəl ilk min il ərzində formal mühakimənin bütün struktural metodlarını təkmilləşdirdilər. Onların fikirləri əsrlər boyu Aristotel (Silloqizmin formal analizi), Evklid (Kimin elementləri formal mühakimənin modelidir), Əl-Xarəzmi (Alqoritm), Uilyam Okam, Dans Skotas və s. kimi filosoflar tərəfindən daha da irəli aparılıb.

Məntiqi əsaslandırma əldə olan datalardan və ya reallıqlardan hadisələrin məntiqi olaraq növbəti mərhələsinin hansı şəkildə gedəcəyini əvvəlcədən tam dəqiqliklə proqnozlaşdırmaq anlamına gəlir. Məsələn əlimizdə hava proqnozu və hər hansısa bir ərazinin relyefi həmçinin antropogen strukturları ilə bağlı tam məlumat varsa, biz sabah yağacaq olan yağışın və ya qarın hansı problemlərə yol açacağını müəyyənləşdirə bilərik.

Qeyd edə bilərik ki, hazırda bu və bənzəri sahələrdə formal mühakimənin dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş miqyaslı istifadəsinə rast gəlmək mümkündür. Məhz yuxarıda sözügedən dahilər də bunun insan tərəfindən həyata keçirildiyi kimi hər hansısa bir cansız varlıq tərəfindən həyata keçirilməsinin də mümkün ola biləcəyini iddia edirdilər.

(Ardı var...)
Strategyvision.org

Teq: SZ   Süni-Zəka   Tarix   Fəlsəfə  


Oxşar məqalələr
Son əlavə olunanlar