İnformasiya Müharibəsində döyüş və qələbə: Hər şey dəyişsə də, heç nə dəyişməyib

  İnformasiya Müharibəsində döyüş və qələbə:  Hər şey dəyişsə də, heç nə dəyişməyib
669     15:54     22 07 2021    
1990-cı illərdən etibarən internetin və onunla əlaqəli iqtisadi, sosial, texnoloji trendlərin yayılması dünyamıza keçmişdəki sənaye dövründən daha çox təsir edib. Bu dəyişikliklər insan tarixinin yeni cari dövrünü başlatdı: İnformasiya Dövrü. Necə ki, buxar mühərrikinin ixtirası və insan əməyinin mexanikləşdirilməsi Sənaye dövrünün xüsusiyyətləri idi, informasiya dövrünün özəlliyini də bizi əhatə edən internetlə əlaqələndirmək olar. Hələ də dünyanın böyük hissəsi sənaye dövrünə adaptasiya olmuş strukturlar və təşkilatlara görə təşkilatlanıb.

XVIII əsrdəki Sənaye İnqilabı cəmiyyətlərin necə təşkilatlanması və müharibələrin necə aparılmasında fundamental dəyişikliklərə səbəb oldu. Daha yaxşı nəqliyyat şəbəkələri, dəmiryolları, buxar gəmiləri, əlavə pul, işçi və bazarların milli səviyyədə bir-birilə əlaqələnməsi demək idi. Milli dövlətlər isə qlobal düzənin fundamental təşkilatlandırıcı dəsti halına gəldi. Maksimum səmərəliliyin əldə edilməsi üçün bizneslər iyerarxik modellərdə təşkilatlandırıldı. Sənaye dövründə ordular sənaye modelində qurulur, yetişdirilir və təchizatlandırılırdı. Ölkənin istehsal qabiliyyətində həm insanlar, həm də maşınlar milli gücün açar silahı oldu. Bu artıq informasiya dövründə mövcud deyil. Yeni dövrdə inkişaf etmək üçün ordular açıq sistemlərin mənimsənilməsi və insanların təlimatlandırılması vasitəsilə təmin edilə biləcək şəbəkələrin üstünlüyündən faydalanmalıdır.

İnternetin geniş ölçüdə yayılması bütövlükdə dünyanı bir-birilə əlaqələndirdi, yerli və beynəlxalq məsələlər arasındakı sərhədləri pozdu. Bu günün ən yaxşı və ən uğurlu biznesləri daxilində iyerarxik strukturlar şəbəkələr tərəfindən əvəzləndi. Qeyri dövlət aktorlarının daha böyük təsir imkanı qazanması ilə qlobal güc milli dövlətlərdən uzaqlaşmağa başladı. Bəzi nikbinlər bu fərqin yaşadığımız dünyanı kökdən dəyişdiyini və böyük müharibə riskini əhəmiyyətli dərəcə azaltdığını düşünür. Lakin "Reading" Universitetinin Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar üzrə professoru Kolin Qrey bildirir ki, keçmiş və indiki texnoloji inqilablar ətrafımızdakı dünyaya drammatik dəyişikliklər gətirsə də, onlar insan təbiətini dəyişə bilməyib. Mahiyyətcə, “hər şey dəyişsə də, heç nə dəyişməyib”. Qorxu, şərəf, maraq hələ də fərdlərin, qrupların və milli dövlətlərin davranışına yön verən faktorlardır. Geosiyasi rəqabət davam edir.

Ordular hələ də başqa vasitələrlə siyasətin davamı kimi müharibə təhdidləri meydana gətirməyə davam edir. Bizneslər və digər qeyri-dövlət aktorları özlərini fürsətlərə tez bir şəkildə adaptasiya edərkən, milli dövlətlər və onların orduları bunu etməkdə çox ləng davranırlar. Milyonlarla insanın həyatından məsuliyyət daşıyan təşkilat kimi bəzi təbii konservatizm başa düşüləndir. Vyetnam, İraq və Əfqanıstandan əldə edilən dərslər göstərdi ki, ləvazimat və təlim qələbənin zəmanətə alınmasında yetərsizdir. Artıq resurslar, texnologiya və insan gücü haqqında sənaye dövründən qalma fikirlərdən uzaqlaşmalı və özümüzə soruşmalıyıq: İnformasiya dövründə vuruşub, qalib gəlməyin yolu nədir?

Qarşıdakı illərdə rəqiblər getdikcə yüksələn xətlə bütün sahələrdə - quru, hava, su, kosmos və kiberfəzada əməliyyatlarını artıracaqlar. Bu ABŞ və onun müttəfiqləri arasındakı bağları zədələyə və ABŞ Baş Qərargah rəisi general Cozef Danfordun sözləri ilə desək ABŞ-ın strateji qravitasiya mərkəzini hədəf ala bilər. Hazırda, düşməncəsinə informasiya əməliyyatları demokratik ölkələrdə siyasi qütbləşməni artırır və bu, qərarvermə prosesini zəiflədir. Texnologiyanın yayılması aşağı texnologiyalı rəqiblərin də kiberhücumlar və elektron müharibə apara biləcəyi təhlükəsini meydana gətirir. Daha rəqabətcil informasiya mühiti GPS-lə idarəolunan bombalar, yaxın hava dəstəyi kimi imkanların getdikcə daha çox deqradasiyaya məruz qalacağını göstərir. Bu, həm də daha çox mühafizə, qapalı şəbəkələrə, eyni zamanda tanklar, pilotsuz quru vasitələri, miniatür PUA-lar kimi əsgərlərin görüş xətti daxilində əməliyyat keçirə biləcək imkanlara ehtiyacı qabardır. Həmçinin, şəbəkə və spektr üstünlüyü əldə etməkdə faydalı olacaq şəbəkə və spektrial analizə kömək edən süni zəka və böyük məlumat analizi sistemlərinin təkmilləşdirilməsi istiqamətində daha çox tədbirlər görmək üzrə ordular üzərindəki təzyiqi artırır. Ümumilikdə, yeni texnologiyalar üçün sürətli inkişaf, bu texnologiyaların istifadəsi üçün yeni doktrina, taktikalar, texnikalar və prosedurlara olan tələbat artacaq.

İnformasiya dövründə müharibə sadəcə informasiya sahəsində müharibə deyil

Hətta müasir ordular böyüyən təhdidlərə cavab versələr də, informasiya dövründəki müharibənin sadəcə informasiya sahəsində müharibə olmadığını vurğulamaq lazımdır. Rusiyanın Gürcüstan, Ukrayna və Birləşmiş Ştatlarda iddia edilən kiberhücumlarından yaranan qorxu başda Qərb ölkələri olmaqla bir çox dövlətin kiber qabiliyyətlərinə daha çox diqqət ayırmasına səbəb oldu. Lakin bu qorxu Rusiyanın strategiyasının kritik elementini maskalayır. Bu element şəbəkələrin gücünün möhkəmləndirilməsidir. Bu isə özlüyündə informasiya dövrünün əsas xarakteristikasıdır. Son illərdə Rusiyanın illik hərbi büdcəsi 69,2 milyard dollar ətrafında olarkən, NATO üçün bu rəqəm 915 milyard dollardır.

Bu isə qərb orduların qiymət baxımından səmərəli və əməliyyat cəhətdən effektiv yolla şəbəkə qabiliyyətlərini möhkəmləndirməyə sövq etdi. Məsələn Estoniyanın “Kiber Müdafiə Liqası” (KML) ideyası qəbul dildi. KML Estoniya daxilində Vacib İnformasiya İnfrastrukturuna (Vİİ) qarşı müdafiədə zəruri olan ehtiyacları səfərbər edə biləcək informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin könüllü şəbəkəsidir. Bu bölmə rəsmi olaraq milli müdafiə sisteminə birləşdirildi və hazırda Estoniya Müdafiə Qüvvələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Digər ordular da kiber bölmələrin qurulması ideyasını mənimsədilər. Bu kiber döyüşçülər gündəlik işləri çərçivəsində öz bacarıqlarını ölkələrinə qarşı mövcud olan kiber təhdidlərin öhdəsindən gəlməkdə istifadə edə bilərlər.

Kiber sahədən əlavə, ordular süni zəka, robotlar, böyük məlumat analizləri kimi inkişaf etməkdə olan texnologiyalar üzrə mütəxəssislər və kompaniyalarla birlikdə şəbəkələrin gücünü də qaldıra bilər. Onlar taktiki döyüşü dəstəkləmək üçün bunları mövcud hərbi imkanlarla inteqrasiya etmək məqsədilə yeni yolları təcrübədən keçirməlidirlər. Təkcə informasiya məkanında vuruşmaq qətiyyətli olmaz. Hava gücünün inkişafının tarixi sözügedən yeni qabiliyyətlərin imkanları və məhdudiyyətləri barəsində müzakirələri məlumatlandırmağa ehtiyac duyur. Nikbinlər strateji bombardmanın effektivliyinin proqnozlaşdırılmasında uğursuz olarkən, bədbinlər də hava dəstəyinin quru və dəniz müharibəsini necə kökdən dəyişdiyini görməkdə uğursuzluğa düçar olublar.

Açıq Sistemlər Qapalı Sistemlərdən daha yaxşı işləyir

İnformasiya dövründə açıq sistemlər qapalı sistemlərdən daha yaxşı işləyir. Sənaye dövründə iqtisadi və hərbi üstünlük ticarət sirlərini və texnologiyanı qorumaqdan əldə edilirdi. Texnoloji inkişafdan əldə edilən üstünlük ordu tərəfindən istifadə edilən ofset strategiyalar nəzəriyyələrini meydana gətirdi. Hökumətlər hərbi texnologiyalar təkmilləşdirmək və müdafiə etmək məqsədilə böyük miqdarda resurslar xərclədilər. Bu gün, tədqiqat və təkmilləşdirmə qlobal səviyyədə aparılır. İnformasiya və tədqiqatların sərbəst mübadiləsi innovasiyanın istənilən hökumətdən daha sürətli tempdə irəliləməsinə imkan verir. Daha da önəmlisi, dünyaya bir dəfə elan edilən fikirlər sürətli şəkildə digərləri tərəfindən mənimsənilir. İnformasiya dövründə üstünlüklər öz sirlərini ən yaxşı mühafizə edənlərə yox, yeni ideya və texnologiyaları ən sürətli şəkildə qəbul və tətbiq edənlərə doğru yönəlir. İraq və Suriyadakı qiyamçıların dronlardan istifadəsi bunun praktikadakı ən yaxşı nümunələrindəndir. İŞİD İraqda 2016-cı ildə öz dronlarını hazırlamaq və onlardan döyüşdə istifadə etmək üçün mövcud materiallardan istifadə etdi. Bu yaxınlara qədər Suriyadakı qiyamçılar “Hmeymim” aviabazasındakı rus qüvvələrinə qarşı kütləvi dron hücumları həyata keçirirdilər. 1-2 il ərzində qiyamçılar hansısa sənaye və texnoloji bazaya sahib olmadan dronları mənimsədilər, uyğunlaşdılar və onların üstünlüklərindən istifadə etməyə başladılar.

Ordu daxilində açıq bir sistemin yaradılması həm proses, həm də insanların fundamental yenidən düşünməsini tələb edir. Proses baxımından, sürətli təcrübəni asanlaşdırmaq üçün innovasiyaya mərhələli təhlükəsizlik yanaşması mənimsənilməlidir. Kommersiya imkanlı texnologiyaların təhlükəsizliyinə xələl gələcək qorxusu ilə taktiki bölmələrin onlardan istifadəsi yerinə, bu bölmələrin onları sınamasına imkan verilməlidir. İnsanlar baxımından yanaşsaq, yüksəl yaxud çıx sistemindən uzaqlaşma istiqamətində həyata keçirilən cari səylər düzgündür, lakin min illər nəticəsində işçilərin dəyişən istəkləri ilə ayaqlaşmaq mənasında yetərsiz qalır. Artan tendensiya ilə, insanlar iş təcrübələrini şaxələndirmək və tez-tez iş yerlərini dəyişməyə meyillənirlər. Eyni zamanda kompaniyalar anlayırlar ki, insanların daha sürətli dövriyyəsi ideyaların müxtəlif kompaniyalar və sektorlar arasında paylanmasını təmin edir. Bu trendin üstünlüklərindən yararlanmaq məqsədilə ordular istedadın idarə edilməsində daxil ol tərk et sisteminə yönəlməlidir. Bu, zamanın və özəl sektordan orduya qoşulan insanların biliklərini daha yaxşı dəyərləndirməyə imkan verəcək. Rütbədə yüksəlmə və fürsətlərin təşviqinə vaxt itirmək əvəzinə, bu insanlar öz bacarıqlarına təkmilləşdirilməsinə yatırım etmiş və üstəlik bunu uyğun formada həyata keçirmiş kimi nəzərdən keçirilə bilər.

Son olaraq istedadın inkişaf etdirilməsi üçün mövcud professional hərbi təhsilin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Sivil dünyada professional təhsilin inkişafı məqsədilə rəsmi məktəblərə əlavə olaraq könüllü şəkildə kurslara da üz tutulur. İnformasiyanın sürətli dəyişməsinə nəzərə alsaq, peşəkar biliyin təzələnməsi üçün bu kurslar böyük əhəmiyyət daşıyır. Ordunun əsgərlərin imkanlarını gücləndirmək və fiziki təlimlərini yaxşılaşdırmaq məqsədilə idman elmindən istifadə etdiyi kimi, iş sahəsində də ən son yeniliklərdən xəbərdar olmaq və hərbi peşəkarlığı yüksək səviyyədə saxlamaq üçün təhsil sahəsindəki ən yaxşı praktikaları mənimsəməsi vacibdir.

İnformasiya dövrünün iqtisadi, sosial və texnoloji trendləri şübhəsiz ki, orduların döyüş tərzinə böyük təsir göstərir. Bütün bunlara baxmayaraq, hələ də iki şey dəyişməz olaraq qalır: müharibənin təbiəti və qələbə ehtiyacı. Qalib gəlmək üçün isə ordular Sənaye Dövrünün köhnəlmiş metodlarından imtina etməlidir. Qabiliyyətlərin daha səmərəli və əməliyyat baxımından effektiv üsulda artırılması zərurətə çevrilib. Ordular şəbəkə güclərini möhkəmləndirməli, öz insanlarının inkişaf yolunu yaxşılaşdırmağa davam etməli və yeni ideyalar üçün açıq olmalıdır. Bu üç şeyi etmək İnformasiya Dövründəki müharibələrdə döyüşmək və qalib gəlmək üçün son dərəcə əhəmiyyətlidir.
Strategyvision.org

Teq: İnformasiya-Müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar