Strateji İnformasiya Müharibəsinin xüsusiyyətləri və onların analizi

 Strateji İnformasiya Müharibəsinin xüsusiyyətləri və onların analizi
1431     14:52     28 09 2021    
ABŞ-ın Komandanlıq, Nəzarət, Kommunikasiya və Kəşfiyyat işləri üzrə ofisinin tələbi əsasında RAND tərəfindən strateji informasiya müharibəsi ilə bağlı yazılmış tədqiqat işini təqdim edirik.

“Strateji informasiya mühiti və kiber məkanın inkişafı ABŞ-ın gələcək milli strategiyasına, eləcə də milli insititut və infrastrukturlarına təsir edəcək”, - deyə tədqiqatın başlığında qeyd edilib.

İnformasiya müharibəsi müdafiə planlaması ilə məşğul olan şəxslər və siyasətçilər üçün sürətlə inkişaf edən, lakin hələ də konkret tərifi olmayan bir sahədir. Həm maraqlar, həm də qeyri-müəyyənliyin olması kiber məkan, mikrokompüterlər və əlaqəli informasiya texnologiyalarının da inkişafı ilə informasiya inqilabına gətirib çıxarıb. Bu dəyişikliklərin nəticəsinin və beynəlxalq konfliktlərə tətbiq edilməsinin hansı nəticələrə yol açacağı hələ də məlum deyil. İnformasiya müharibəsi ölkələrə taktiki və strateji üstünlüklərini qoruyaraq kiber məkandakı həssaslıqlarının öhdəsindən gəlməyə kömək edəcək, yoxsa ənənəvi qoşunları təmamilə təhlükəyə atacaq?

Strateji İnformasiya Müharibəsi

ABŞ-ın elektrik gücü, pul axını, neft və qaz, eləcə də digər informasiya əsaslı sahələri nəzarət altına almağa bəs edəcək qədər resursu, mürəkkəb idarəetmə sistemləri və infrastrukturları var. ABŞ-ın müttəfiqləri və gələcəkdə koalisiya üzvü ola biləcək əməkdaşları getdikcə informasiya infrastrukturlarından daha da asılı vəziyyətə gəlirlər. Konseptual olaraq, əgər düşmənlər bu sistemləri informasiya müharibəsi texnikalarından istifadə edərək dağıtmağa çalışırsa, ortaya çıxan vəziyyət strateji informasiya müharibəsi adlanır.

Strateji informasiya müharibəsində ön cəbhə anlayışı yoxdur. Ənənəvi müharibələrdə əsas döyüş bir yerdə, ön cəbhədə baş tuturdusa, ABŞ-a qarşı informasiya müharibəsi timsalında danışsaq, bu müharibə 4 zonada baş tutur: ABŞ daxili, xaricdəki ABŞ qoşunları, İran Körfəzi və Yaxın Şərq.

Strateji informasiya müharibəsinin xüsusiyyətləri

1. Giriş investisiyasının azlığı: Ənənəvi silah texnologiyalarından fərqli olaraq, informasiya əsaslı texnikaların inkişafı nə böyük maliyyə resursları, nə də dövlət dəstəyi tələb etmir. Strateji informasiya müharibəsinə yeganə giriş şərti informasiya sistemləri sahəsində təcrübə və əhəmiyyətli şəbəkələrə əlçatanlıqdır. Bu isə qeyri-dövlət aktorlarının da müharibədə iştirakı üçün şərait yaradır və getdikcə daha mürəkkəb sistemlər inkişaf etdirilir. Bu sistemlərin vahid qeytiyyatda olduğu bir mərkəz olmadığına görə “strateji informasiya müharibəsinin hazırda gəldiyi nöqtə”ni müəyyən etmək mümkün olmur. Şəbəkələrə əlçatanlığın azaldılması bu təhlükəni müəyyən qədər azalda bilər, lakin əgər hücum təşkil edən şəxs “daxildən” biridirsə, bu mexanizm də işə yaramır.

2. Ənənəvi sərhədlərin itməsi: İctimai və şəxsi maraqlar, müharibə və cinayət aktları, tarixi müəyyən edilmiş ölkə sərhədləri informasiya müharibəsində öz əhəmiyyətini itirir. Hansı hücumun xarici ölkə, hansının daxildəki mənbələr tərəfindən həyata keçirildiyini bilməyin heç bir yolu yoxdur. Belə olduqda, daxili qanunvericiliyi, yoxsa beynəlxalq qaydaları gücləndirmək lazım olduğunu da təyin etmək olmur. Bundan əlavə, hansısa aktın cinayət, müharibə, kiber hücum, yaxud informasiya müharibəsi hücumu olduğunu da dəqiq şəkildə ayırd etmək olmur.

3. Psixologiyanın idarəedilməsi: Yeni informasiya əsaslı texnikalar hiylələr və görüntülər vasitəsilə kütlələrin manipulyasiyasını da əhatə edir. Belə olduqda dövlətlərin təhlükəsizlik layihələri üçün xalqdan dəstək almaq cəhdləri də boşa gedir. Siyasi fəal qüvvələr media qurumlar vasitəsilə müxtəlif sözdə “faktlar”ı insanlara çatdırır. Bu faktların doğru olub olmadığını müəyyən etmək nəinki sıradan insanlar, hətta informasiya texnologiyaları sahəsində çalışan insanlar üçün belə çətindir. Digər tərəfdən deyək ki, bu, mümkündür. Necə əmin olmaq olar ki, həmin məlumatın yalan olduğunu müəyyən edən və bu tip informasiyalara nəzarət etmək üçün vəzifələndirilmiş şəxs qərəzli olmayacaq? Bu nəzarəti həyata keçirən şəxs iqtidar yönümlüdürsə, müxalif məlumatların yalan olduğunu, yaxud əksinə, iddia edə bilər. Qısacası, kütlələri idarə etmək üçün istifadə edilən məlumatlar, foto və video faktların “doğru” və “yalan” deyə ayrılmasının heç bir yolu yoxdur.

4. Strateji kəşfiyyat: Strateji informasiya müharibəsi ilə bağlı həssaslıqlar və onun hədəflərinin fərqli olması klassik kəşfiyyat toplama və analiz metodlarını qeyri-effektiv edir. Buna görə də yeni strateji kəşfiyyat modelləri işlənib hazırlanmalıdır. Hücumçuların müəyyən edilməsinin çətin olduğu aydındır, onların əsl niyyətinin aydınlaşdırılması isə daha da çətindir. Hücum edən aktor hansısa dövlət sirrini əldə etmək istəyir, sistemlərə virus bulaşdırmaq niyyətindədir, yoxsa sadəcə hakerliyi yeni öyrənməyə çalışır və təcrübə qazanmaq istəyir?

5. Taktiki xəbərdarlıq və hücum dəyərləndirməsi problemləri: Hazırda strateji informasiya müharibəsini digər kiber məkan aktlarından fərqləndirərək xəbərdarlıq edən heç bir sistem mövcud deyil. Digər tərəfdən, elə hallar olur ki, təmamilə sistemdə baş vermiş hansısa bir xəta hücumla qarışdırılır. Bunun müəyyən edilməsi isə o qədər uzun vaxt alır ki, əgər ikinci hal doğrudursa, hücumun qarşısı alınana qədər iş işdən keçmiş olur.

6. Koalisiya qurmağın çətinliyi: Hər hansı bir koalisiyadan asılılıq strateji informasiya müharibəsi hücumlarına qarşı zəifliyi artırır və opponentlərə üstünlük verə bilir. Koalisiya, yaxud əməkdaşlıq elə bir anlayışdır ki, informasiya mübadiləsini də ehtiva edir. Bu mübadilənin harada başlayıb, harada bitəcəyini, daha dəqiq desək, sərhədlərini müəyyən etmək çətindir. Bu mübadilə informasiya infrastrukturlarındakı zəif nöqtələri artıra və hücumlara qarşı onları daha həssas edə bilər. ABŞ-ın müttəfiqləri, adətən, ABŞ-ın bu sahədə güclü müdafiə sistemləri və əməliyyat konsepsiyaları inkişaf etdirdiyindən, lakin onları müttəfiqləri ilə bölüşmədiyindən şikayət edirlər.
Strategyvision.org

Teq: İnformasiya-Müharibəsi   SİM  


Oxşar məqalələr
Son əlavə olunanlar