Kiber Məkanda Rəqəmsal İnqilab və Müasir İnformasiya Müharibələri Təsir Əməliyyatları – IWIO Dəyişikliyi

Kiber Məkanda Rəqəmsal İnqilab və Müasir İnformasiya Müharibələri Təsir Əməliyyatları – IWIO Dəyişikliyi
46     10:08     19 12 2025    
Kiber Məkanı və kiber vasitələri səfərbər edən müasir dövlətlər gücü görünmədiyi qədər mərkəzləşdirmək bacarığı əldə ediblər. Bu isə rəqiblərə bir-birlərinə uzaqdan hücum etməyə imkan verib, bundan da vacibi, yalnız hakimiyyəti deyil, həm də cəmiyyəti qorumaq üçün zəruri olan əməkdaşlığı pozmaq məqsədilə şayiə və böhtandan istifadə etmək imkanını artırıb. Son on ildə qarşıdurmaların silahları, kanalları və məkanı köklü şəkildə dəyişir. Pilotsuz Uçuş Aparatları (PUA), avtonom silah sistemləri, alqoritmik hədəf seçimi, informasiya hücumları, kiber müharibə və peyk əleyhinə silahlar müasir müharibənin qılıncına, qalxanına və döyüş meydanına çevrilərək media təsiri ilə dünyada insanlarda geniş narahatlıq yaradıb.

Müasir silahlı münaqişələr hüququ məhdudiyyətsiz müharibənin qarşısını almaq üçün qanuni hədəflərin mülki şəxslərdən və mülki obyektlərdən fərqləndirilməsini tələb edən fərqləndirmə prinsipinə əsaslanır. Əgər informasiya inqilabı doğrudan da mülkiləri müharibənin iştirakçılarına çeviribsə, bu, onları hücum üçün açıq qanuni hədəflərə çevirə bilər. Bu isə silahlı münaqişələr hüququnun böyük bir hissəsinin dayağı olan fərqləndirmə prinsipini təhlükə altına sala bilər. Bu isə məhdudiyyətsiz müharibənin qapısını aça bilər.

Süni Zəka və Avtonom Sistemlər: Müasir Qarşıdurma Nümunələri

İsrail Ordusu Qəzzada süni zəkaya əsaslanan hədəfləmə sistemləri yerləşdirib. “Lavanda” adlı sistem HƏMAS üzvlərini müəyyən etmək üçün, “Ata Haradadır?” adlı başqa bir sistem isə onları evlərinə qədər izləyərək hücumların həyata keçirilməsi üçün istifadə edilib. İsraildə çox təriflənən “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi səs sürətinin beş qatına çata bilən və mürəkkəb yayınma manevrləri edən hipersəs sürüşmə blokları ilə təchiz edilmiş İran raketləri tərəfindən aşılıb.

Ukraynada 2025-ci ilin iyun ayında keçirilən “Hörümçək Toru Əməliyyatı” yeni və keçmiş metodları birləşdirib. Rusiyanın dərinliklərinə yük maşınları ilə daşınan taxta daxmaların uzaqdan idarə olunan damları açılaraq 100-dən çox PUA havaya buraxılıb. Hər biri müəyyən edilmiş hədəfi tapıb məhv edərək Rusiyanın strateji bombardmançı təyyarələrinə və hərbi obyektlərinə hücum edib. Bu vəziyyət artıq mürəkkəb olan öldürmə etikası məsələlərinin süni zəkanın iştirakı ilə daha da çətinləşdiyini və əslində mənəvi xarakter daşıyan qərarvermə proseslərinin sırf prosedur yanaşmasına çevrilməsi riskini göstərob. Süni zəka Ukrayna münaqişəsində döyüş məkanının dinamikasına, xüsusilə coğrafi-məkan kəşfiyyatı sahəsində mühüm töhfələr verib. Süni zəkanın beynəlxalq təhlükəsizlik üzərində təsirləri ən aydın şəkildə hərbi sahədə görünür.

Kosmos və İnformasiya Üstünlüyü Dövrü

XX əsrdə dünya nüvə silahlarının meydana çıxması ilə ənənəvi strateji rəqabətdən qeyri-ənənəvi strateji rəqabətə doğru bir dönüşümə şahid olub. Dünyanın, müharibənin sürətlə dəyişdiyi və təkamül modelinin artıq yetərli olmadığı bir dönəmdə olduğu iddia edilə bilər. 2015-ci ildə orbitdə təxminən 1.400 aktiv peyk var idi, 2025-ci ildə bu say 10.000-dən çox olacaq və qarşıdakı onillikdə bu rəqəm beş dəfə arta bilər. Bundan başqa, artıq peyk sistemlərinə kinetik və qeyri-kinetik hücumlar, eləcə də kosmosdan Yerə kinetik silahların yerləşdirilməsi daxil olmaqla, kosmosda və kosmosdan real müharibə aparmaq potensialı mövcuddur. Növbəti müharibədə rəqibi kor etmək və ya kosmosdan cavab verilməyən hücumlar etmək cazibəsinə qarşı dayanmaq çox çətin ola bilər.

XXI əsrin əvvəli, radioelektron mübarizənin döyüşdə önə çıxması və kiber müharibənin genişlənməsi ilə “informasiya üstünlüyü” adlandırılan və döyüşdə düşmən ordusunun əsas dayaqlarının kor və kar edilməsinə, döyüş vahidlərinin komanda-idarəetmə mexanizmlərinin sıradan çıxarılmasına yönələn yeni hərbi inqilabı ortaya çıxarıb. Buna görə də bu günün və gələcəyin müharibələri yalnız fiziki döyüş meydanlarında deyil, həm də onlayn mühitdə aparılır.

Strategiya qavrama ilə bağlıdır və informasiya məkanında gedən koqnitiv müharibə Ukrayna ilə Rusiya, İsrail ilə HƏMAS arasındakı müharibələrdə açıq şəkildə görünür. Sosial media cəmiyyətin müharibə ilə qarşılıqlı əlaqəsinin əsas vasitəsinə çevrilmiş, həm təbliğatın yayılmasına, həm də yanlış narrativlərlə mübarizəyə xidmət edir. Lakin onlayn paylaşılan məlumatların doğruluğu ilə yanaşı, yayılan məzmunun sürətlə yayılması xüsusən gənc nəsil arasında dəstək toplamaq baxımından həlledici rol oynaya bilər. Bundan əlavə, informasiya məkanındakı kampaniyaların uğuru böyük texnologiya şirkətlərinin nifrət nitqi və digər qaydalara əsaslanaraq məzmunlara icazə verməsi və ya onları silməsi ilə də əlaqəlidir.

İnformasiya müharibəsi (informasiya əməliyyatları adlandırılır) XXI əsr müharibə anlayışlarını təsvir etmək üçün istifadə olunan termindir və elektron və informasiya sistemlərinə əsaslanır. Bu sahə hələ inkişaf mərhələsindədir, buna görə də təriflər və büdcələr “bulanıq” və dinamikdir. Bu məqalənin məqsədi informasiya müharibəsi anlayışının təkamülünü göstərmək və çağdaş informasiya müharibəsi konsepsiyalarının süni zəka və rəqəmsal inqilab ilə dəyişən strukturunun bu günün və gələcəyin döyüş meydanına mümkün təsirlərini akademik baxımdan izah etməkdir.

İnformasiya Müharibəsi (İM) müdafiə planlaşdırıcıları və siyasət formalaşdıranlar üçün sürətlə inkişaf edən və hələ də tam tərifinə qovuşmamış bir maraq sahəsini təmsil edir. Bu sahəyə olan marağın və qeyri-müəyyənliyin səbəbi Kiber Məkanın, mikrokompüterlərin və əlaqəli informasiya texnologiyalarının durmadan və sürətlə inkişaf etdiyi “informasiya inqilabı”dır.
Strategyvision.org

Teq: Kiber-Müharibə   Kibertəhlükəsizlik  


Oxşar məqalələr
Son əlavə olunanlar