Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”

Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
1325     10:09     28 11 2023    
“Qəbul etdiyimiz ən kiçik qərarlar belə əvvəlcədən müəyyən edilir.”

Neyrobioloq Robert Sapolski bir daha vurğulayıb ki, azad iradənin varlığı bir növ illüziyadır.

ABŞ-nin nüfuzlu institutlarından biri olan Stenford Universitetində çalışan 66 yaşlı alim 40 ildən çox insanın və digər primatların davranışlarını öyrənməyə sərf edib.

Yeni “Determined: Life Without Free Will” kitabında insanların iradə azadlığına malik olduğuna dair əsas arqumentləri təkzib edən Sapolski “LA Times”a mövzu ilə bağlı müsahibə verib.

30 yaşında “dahi” təqaüdü alan neyrobioloq müsahibədə insanın bütün hərəkətlərinin biologiyadan, tərbiyədən və şəraitdən asılı olduğunu vurğulayıb.

Bir çox kitabın müəllifi və iki uşaq atası olan alim deyib: “Hər canlı orqanizm kimi biz də sadəcə bioloji maşınlarıq. Dünya həqiqətən qarışıqdır və daha ədalətsiz hala gəldi, çünki biz insanları idarə edə bilmədiyi şeylərə görə mükafatlandırırıq və cəzalandırırıq. Bizim azad iradəmiz yoxdur. Mövcud olmayan şeyləri bizə aid etməyi dayandırın”.

Azad iradənin mövcudluğunu müdafiə edən baxışlar insanların öz hərəkətlərinə görə məsuliyyət daşıdığı fikrini doğurur. Amma Sapolskinin fikrincə, verdiyimiz kiçik qərarlar belə əslində əvvəlcədən müəyyən edilir.

“New York Times” qəzetinə verdiyi ayrıca müsahibədə neyrobioloq azad iradə anlayışını “tamamilə faydasız tərif” adlandırıb: “Belə bir azad iradənin mövcud olması üçün həmin orqanizm öz keçmişindən tamamilə müstəqil olaraq bioloji səviyyədə fəaliyyət göstərməlidir. Bunu belə düşünün: müəyyən bir davranışa səbəb olan neyronları müəyyən edə biləcəksiniz, lakin beyindəki digər neyronların nə etdiyi, mühitin nə olduğu, insanın hormon səviyyələri və ya hansı mədəniyyətdə yetişdiyi əhəmiyyətli olmayacaq”.

Sapolski tam əksinə, bütün bu amillərin insanın hərəkətlərində son dərəcə müəyyənedici olduğunu deyib.

Müvafiq olaraq, insanlar bütün həyatlarını müxtəlif stimullara (məsələn, pis qoxuya) reaksiya verməyə şərtləndirilərək keçirirlər. Bu qoxuya qarşı necə davranacağı onun genetikası, qoxu alma reseptorlarını proqramlaşdıran genetikası və bu qavrayışa cavab olaraq yetitişdirilmə prosesində nə etməli olduğu ilə müəyyən edilir.

“New York Times”a verdiyi müsahibədə alim bunu bir addım da irəli aparır və insanın mənəvi məsuliyyətinin mövcud ola bilməyəcəyini iddia edir: “Biz öz işimizə (o cümlədən əxlaqi qərarlara) görə yalnız mexaniki məsuliyyət götürə bilərik”.

Digər tərəfdən, “Dartmouth College”dən nevroloq Peter U. Tse Sapolskinin sözlərini tənqid edib. “LA Times” qəzetinə danışan Tse Sapolskini “ağıllı, lakin xətalı” adlandırıb: “Determinist biokimyəvi kuklalardan başqa bir şey olmadığımızı təbliğ edənlər bu dünyada psixoloji iztirabların və ümidsizliyin artmasına görə məsuliyyət daşıyırlar”.

Sapolski isə insanların əziyyət çəkməməsini deyil, xoşbəxt olmasını istədiyini iddia edib. Ancaq bu istəyinin onun əsas arqumenti ilə ziddiyyət təşkil edə biləcəyini etiraf edib.

“Bir maşının başına “yaxşı” bir şey gələcəyinə inanmaq məntiqi baxımdan qeyri-mümkündür. Bu, gülünc və mənasızdır”, - dey alim bildirib və əlavə edib: “Yenə də insanların daha az əziyyət çəkməsinin və daha xoşbəxt olmasının yaxşı bir şey olduğuna əminəm”.

“Şüur nədir?” müzakirəsi

Sapolskinin iradə və şüur haqqında dedikləri əslində neyroelm və nevrologiya cəmiyyətində getdikcə daha çox çəki qazanan fikirləri əks etdirir.

Bu yaxınlarda Boston Universitetinin nevrologiya professoru və Harvard Tibb Məktəbinin müəllimi Endryu Budsonun rəhbərlik etdiyi tədqiqatçılar oxşar nəzəriyyə hazırlamışdılar.

Budson qeyd edib: “Biz şüurun şüursuz beynimiz tərəfindən gələcəyi çevik və yaradıcı şəkildə təsəvvür etməyimiz və buna görə plan hazırlamağımız üçün istifadə edilən bir yaddaş sistemi olaraq təkamül etdiyini irəli sürürük”.

O bildirib: “Bu nəzəriyyə deyir ki, biz əslində dünyanı dərk etmirik, qərarlar qəbul etmirik və ya birbaşa hərəkət etmirik. Əksinə, biz bütün bunları şüursuz şəkildə edirik və sonra (təxminən yarım saniyə sonra) bunları şüurumuz sayəsində etdiyimizi xatırlayırıq”.

Budson həmçinin deyib: “Hətta düşüncələrimiz çox vaxt şüurumuzun nəzarəti altında olmur. Yatmağa çalışarkən beynimizdən keçən düşüncələrin axınını dayandırmaqda və diqqətimizi cəmləməkdə çətinlik çəkməyimizin səbəbi də budur”.
Strategyvision.org

Teq: Neyrobioloq   İradə-Azadlığı  


Oxşar məqalələr
Son əlavə olunanlar