Görünməyən cəbhədə görünməyən güc – Kiber güc və kiber müharibə

 Görünməyən cəbhədə görünməyən güc –  Kiber güc və kiber müharibə
1276     09:17     22 04 2023    
Rusiyanın kiber gücü ABŞ və onun NATO müttəfiqləri üçün ciddi təhlükə hesab olunur. Bu səbəbdən kiberməkanın gücünü dərk edən ölkələr kiberhücumlara qarşı infrastrukturlarını gücləndirirlər.

Beynəlxalq mübahisələr və maraqların toqquşması inkişaf edən texnologiya ilə dəyişir. Ölkələr hərbi sistemlərindən tutmuş banklarına qədər bir çox sahədə informasiya və kommunikasiya sistemlərinə edilən mütəşəkkil hücumların hədəfindədir.

Kibermüharibə ölkələrin yeni müharibə strategiyasıdır. Kiber mühitin ən güclü orduları Rusiya, ABŞ, Çin, İran və İsraildədir. Rusiya yeni texnologiyaların imkanlarından istifadə edərək kiber gücü ilə hibrid hücumlar təşkil edir. Rusiya Baş Kəşfiyyat İdarəsi (GRU) və Rusiya dövləti tərəfindən maliyyələşdirilən hakerlərə hədəf ölkənin informasiya kommunikasiya şəbəkələrini və infrastrukturunu dəstəkləyən aparat və proqram təminatını pozmaq üçün fərdiləşdirilmiş zərərli proqram təminatı və DDoS (şəbəkə) hücumlarını təşkil etmək tapşırılıb.

Rusiyanın kiber dünyaya daxil olmaq üçün istifadə etdiyi üsullar arasında saxta sənədlər hazırlamaq, seçki sistemini hədəfə almaq, sosial media reklamları, trol və botlarla media debatlarını işə salmaq və təsir etmək, oğurlanmış məlumatları sızdırmaq, tərəfdar namizədi dəstəkləmək və müxalifət namizədini gözdən salmaq mövcuddur. Moskva 2007-ci ildə Estoniya, 2008-ci ildə Gürcüstan, 2009-cu ildə Qırğızıstan və 2014-cü ildə Ukraynanı hədəf alan DDoS hücumları həyata keçirib.

Rusiyadan ABŞ və Almaniyaya kiber hücum iddiası

Rusiyanın kiber potensialı təkcə qonşularına deyil, digər ölkələrə də ciddi təsir göstərib. Birləşmiş Ştatlar Rusiyanı casusluq etmək, dezinformasiya yaymaq, hökumətlərin işini pozmaq və əsas infrastruktur sistemlərini iflic etmək məqsədilə kiberhücumlar təşkil etməkdə və ya bu cür hücumlara dözməkdə ittiham edib. 2018-ci ildə prokuror Robert Mueller və komandası Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) bağlı olan 12 hərbi kəşfiyyat əməkdaşını 2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonu zəiflətmək və onun rəqibi respublikaçı Donald Trampı gücləndirmək üçün Demokratlar Partiyasının elektron poçt yazışmalarına daxil olmaqda və bu yazışmaları sızdırmaqda ittiham edib.

Rusiyanın “Vaqner” Özəl Hərbi Kampaniyasının (ÖHK) rəhbəri olaraq tanınan Yevgeni Priqojin də ötən il ABŞ seçkilərində iştirak etdiklərini etiraf edib. “The Guardian” qəzetinin yazdığına görə, Priqojin açıqlamasında bildirib: “Cənablar, biz ABŞ seçkilərində iştirak etmişik, iştirak edirik və iştirak edəcəyik”. Priqojinin sahibi olduğu “Concord Catering Company”nin sosial media hesabından edilən açıqlamada qeyd olunub: “Hər zaman etdiyimiz kimi, öz yolumuzda diqqətli, qüsursuz, cərrah kimi müdaxilə edirik”.

Lakin Rusiyanın Vaşinqtona müdaxiləsi təkcə ABŞ seçkiləri ilə məhdudlaşmayıb. Ağ Evin 2020-ci ildə verdiyi açıqlamada, başda Xəzinə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri olmaqla bir çox rəsmi qurum və təşkilatın son illərin ən böyük kiber hücumuna məruz qaldığı açıqlanıb. Amerika mediası iddia edirdi ki, çox mürəkkəb üsullardan istifadə edən hakerlərin arxasında Rusiya dayanır. Rusiya ittihamları rədd edib.

2021-ci il sentyabrın 24-də Avropa Komissiyası Almaniyanın sentyabrın 26-da keçiriləcək ümumi seçkilərdən əvvəl Rusiya tərəfindən kiberhücuma məruz qaldığını iddia edib. Avropa Komissiyasının bəyanatında vurğulanıb: “Aİ-yə üzv dövlətlər “Ghostwriter” adlı zərərli kiber fəaliyyətləri müşahidə edib və onların Rusiya ilə əlaqəli olduğunu müəyyən ediblər”. Almaniya Xarici İşlər Nazirliyi daha əvvəl də oxşar iddialarla çıxış edib və seçkilər öncəsi siyasətçiləri hədəf alan hücumların arxasında GRU-nun dayandığına dair “etibarlı məlumata” malik olduqlarını bəyan edib.

Rusiya-Ukrayna müharibəsi kiber sahəyə keçdi

Rusiyanın Ukraynaya qarşı başlatdığı kibermüharibə Ukrayna ilə Rusiya arasındakı münaqişədən sonra daha da şiddətlənib. 2014-2018-ci illər arasında qurumların və özəl şirkətlərin informasiya sistemləri Rusiya xüsusi xidmət orqanlarının hakerlərinin hədəfinə düşüb. Rusiya-Ukrayna müharibəsi ilə Moskvanın kiberhücumları daha da güclənib. “Microsoft”un 2022-ci ilin martında dərc etdiyi hesabat Rusiya-Ukrayna müharibəsinin “kiber” ölçüsünü üzə çıxarıb.

Hesabatda Rusiya dövlətinin kiber aktorlarının hərbi əməliyyata uyğun olaraq hücumlar həyata keçirdiyinin müşahidə edildiyi bildirilib. Rusiya hərbi qüvvələrinin Ukraynaya hücumu zamanı ən azı 6 ayrı Rusiya dəstəkli haker qrupunun dağıdıcı kiber hücumlar təşkil etdiyinə diqqət çəkən hesabatda hakerlərin müxtəlif casusluq və kəşfiyyat fəaliyyətləri ilə də məşğul olduğu ifadə edilib. Dağıdıcı hücumların 40 faizindən çoxunun kritik infrastruktur sektorlarındakı təşkilatlara, 32 faizinin isə birbaşa Ukraynanın dövlət qurumlarına yönəldiyi bildirilib.

NATO-nun ən böyük kiber müdafiə təlimi başladı

Ölkələr kibertəhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq, kritik infrastrukturları qorumaq üçün çalışırlar. ABŞ artan kiberhücumlar və rəqəmsal cinayətlərlə mübarizə üçün hazırladığı yeni kibertəhlükəsizlik strategiyasını mart ayında açıqlayıb. “Reuters”in məlumatına görə, strategiya mətni daha möhkəm və müdafiə oluna bilən rəqəmsal ekosistem yaratmaqla yerli və xarici aktorların yüksək səviyyəli hakerlik fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır.

Mətndə Çin, Rusiya, Şimali Koreya və İran kimi ölkələri kiber məkanda zərərli davranışlara görə məsuliyyətə cəlb etmək, dünyadakı kiberhücumların arxasında duran cinayət şəbəkələrini ortadan qaldırmaq və effektiv kibertəhlükəsizlik təcrübələrinin tətbiq edilməsini təmin etmək məqsədilə lazımi resurs və alətləri təmin etmək üçün Konqreslə birlikdə işləmək kimi məsələlər mövcuddur.

NATO-nun Birgə Kiber Müdafiə Mükəmməlliyi Mərkəzi (CCDCOE) də 2010-cu ildən bəri kibertəhlükəsizlik təlimi keçirir. NATO ötən günlərdə 38 ölkədən 3000-dən çox iştirakçının iştirak etdiyi dünyanın ən böyük müdafiə təlimini təşkil etməyə başladığını elan edib. NATO-nun verdiyi açıqlamaya görə, “Kilidli Qalxanlar” adlı illik təlim aprelin 19-da başlayıb və aprelin 21-dək davam edib.

Təlimdə kompüter sistemləri real vaxt hücumlarına qarşı qorunub, kritik vəziyyətlərdə alınan taktiki və strateji qərarlar simulyasiya edilib. Mavi və qırmızı komandaların iştirak etdiyi təlimdə NATO CCDCOE ölkələri və tərəfdaş ölkələrdən ibarət mavilər 400 təşkilatçı tərəfindən hazırlanmış 5500-dən çox virtual sistemdə məhkəmə, hüquq və media çətinlikləri ilə qarşılaşıblar.

NATO CCDCOE direktoru Mart Norma təlim başlamazdan öncə verdiyi açıqlamada bildirib: “Heç bir kibermüdafiə təlimi “Kilidli Qalxanlar” kimi ixtisaslaşmış və ətraflı təcrübə təqdim etmir. Dünya üzrə 24 mavi komanda kritik infrastrukturların və kompüter sistemlərinin işlək vəziyyətdə olmasını təmin etməli olacaq. Komandalar sistemlərin real həyat şəraitində və yüksək təzyiq altında işləməsini təmin etmək üçün nə edə biləcəklərini göstərəcəklər”.

Norma bildirib ki, onlar yalnız texniki məsələlərlə yanaşı, strategiya oyunları, hüquqi məsələlər və böhran kommunikasiyası kimi sahələrə də diqqət yetirəcəklər. 2007-ci ildə Estoniyada hökumət, media və böyük şirkətlərin internet saytları, habelə İT infrastrukturu bir ay ərzində davamlı olaraq kiberhücuma məruz qalıb.

Seçkilərdə səsvermə prosesi də daxil olmaqla bir çox sistemləri kompüter infrastrukturuna qoşulan Estoniya çox çətin günlər keçirib. Bu hadisədən sonra NATO kibermüdafiə qabiliyyətini artırmaq üçün 2008-ci il mayın 14-də Estoniyanın paytaxtı Tallində NATO CCDCOE-ni yaradıb. İnkişaf edən texnologiya ilə məlumatın qorunması və saxlanması növləri dəyişir. Rəqəmsal mühitdə saxlanılan məlumatların məhv edilməsi, dəyişdirilməsi və ya ələ keçirilməsi kibertəhlükəsizlik problemlərinə səbəb olur. Bu vəziyyət göstərir ki, kiber təhlükəsizliyin təmin edilməsi həm milli, həm də beynəlxalq səviyyədə strateji əhəmiyyət kəsb edir.

Bu səbəbdən gələcəkdə kibertəhlükəsizlik sahəsində ölkələrin qoyacağı investisiyalar arta bilər. Kiber müharibə gələcəkdə real dünyada müharibəyə səbəb ola bilər. Kiber mühitə çevrilmiş müharibə yenidən hərbi arenaya keçə bilər.
Strategyvision.org

Teq: Kibermüharibə   NATO   Rusiya   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar