Müharibə zamanı “hürməyən it”| Niyə Rusiya sanksiyalara qarşı əqli mülkiyyət oğurluğuna arxalana bilməz?

  Müharibə zamanı “hürməyən it”|  Niyə Rusiya sanksiyalara qarşı əqli mülkiyyət oğurluğuna arxalana bilməz?
362     20:02     24 04 2022    
Kiber fəaliyyətlər Rusiya ilə Ukrayna arasındakı müharibədə “hürməyən it”dir. Bir çox şərhçilər Rusiyanın Ukraynaya və Qərbdəki rus tənqidçilərinə qarşı kütləvi kiberhücumlar edəcəyini və potensial olaraq ciddi iqtisadi ziyan vuracağını gözləyirdilər.

Bu, indiyə qədər baş verməyib, hətta Ukrayna elə də güclü olmayan yalnız bir neçə sporadik hücuma məruz qaldı. Bu, Rusiyanın əvvəlcədən qarşısının alındığı (Vaşinqtonun öz öldürücü kiber silahları var) və ya Rusiyanın eskalasiyanı idarə etməyə çalışdığı anlamına gələ, həmçinin kiber münaqişənin xarakter baxımından bir çox analitiklərin gözlədiyindən fərqli olduğunu ifadə edə bilər.

Lakin kiber münaqişə ilə bağlı müəyyən reallıqları üzə çıxarmaqla yanaşı, müharibə davranış nümunələrini də dəyişə bilər. Son iki onillikdə Çin Xalq Respublikası (ÇXR) hökumətinin göstərişi ilə fəaliyyət göstərən hakerlər əqli mülkiyyətin (ƏM), o cümlədən patentlərin və ticarət sirlərinin oğurlanması üzrə ixtisaslaşaraq yeni kibersərhədlər açıblar. Rusiya kibercinayətkarların dəstələrini saxlamaq və yetişdirməkdə beynəlxalq miqyasda tanınmasına baxmayaraq, ƏM oğurluğunda daha passivdir. Hazırda sanksiyalar Rusiyanı beynəlxalq texnoloji ekosistemdən təcrid edib, rus hakerlərinin davranışında dəyişiklik görə bilərikmi?

Soyuq Müharibə dövründə SSRİ bacardığı qədər Qərb texnologiyasını oğurlamaq və bu texnologiyanı öz sənayesinə inteqrasiya etmək üçün xüsusi səy göstərdi. Kommunistlərin optimist ilkin proqzonlarından fərqli olaraq, Rusiya iqtisadiyyatı yüksək səviyyədə istehsal etsə də, Qərblə ayaqlaşacaq qədər yenilik edə bilmədi. Bu, qismən texnoloji innovasiyaya kommunist və kapitalist yanaşmaları arasındakı fərqlərin nəticəsi və qismən də Qərbin istifadə etdiyi daha böyük və daha müxtəlif iqtisadi ekosistemin nəticəsi idi. Buna baxmayaraq, Sovet hökuməti ardıcıl olaraq daxili zəiflik sahələrini və Qərbdəki potensial mənimsəmə hədəflərini müəyyənləşdirdi. SSRİ gücü çatanda texnologiya alır, bacarmayanda (Birləşmiş Ştatların tətbiq etdiyi ciddi ixrac nəzarəti səbəbindən) oğurlamaq üçün əlindən gələni edirdi. Bu səy nəzərəçarpacaq uğurlar qazandı, lakin Sovet sənayesini proqram təminatı və hesablama texnologiyası kimi sahələrdə ABŞ ilə rəqabətədavamlı saxlamaq üçün ümumi səylərdə uğursuz oldu.

Rusiya Soyuq Müharibə başa çatdıqdan sonra beynəlxalq standartlara cavab verən əqli mülkiyyət qanunlarını qəbul edərək, az-çox qlobal texnologiya birliyinə qoşuldu. Rusiya heç vaxt nümunəvi ƏM qoruyucusu deyildi, lakin o, qlobal texnologiya nəhənglərindən müəyyən sərmayə qazanmaq üçün kifayət qədər yaxşı iş gördü. Bir vaxtlar Rusiya hökuməti ƏM-lərini qorumaq səylərini asanlaşdırmaq üçün əqli mülkiyyətlə məşğul olan hüquqşünasların çatışmazlığını xarici hüquqşünasları işə götürməklə kompensasiya etdi.

Rusiya-Ukrayna müharibəsi və sanksiyalar tətbiq olunmağa başlayandan qısa müddət sonra Rusiya daha qlobal əqli mülkiyyətin qorunması rejimində iştirak etməyəcəyini açıqladı. Rusiya tarixən layiqli, hətta böyük ƏM qoruyucusu olub. Rusiyadakı xarici şirkətlər Ümumdünya Ticarət Təşkilatı və ƏM Hüquqlarının Ticarət Aspektləri (TRIPS) sazişlərinə əsasən müəyyən müdafiədən yararlanıblar. Moskvanın davranışı mükəmməl olmasa da, bu, Rusiyaya müəyyən qlobal təchizat zəncirlərində iştirak etməyə və xarici ölkələrdə öz intellektual işlərindən (istər patent, istərsə də müəllif hüquqları) qazanc əldə etməyə imkan verdi.

Rusiyanın rejimə riayət etməkdən imtina etmək qərarı onun qlobal texnoloji ekosistemdə iştirak etmək qabiliyyətinə potensial olaraq böyük təsir göstərir. Rusiya indi bir çox cəhətdən beynəlxalq texnoloji mühitdən kəsilib. Rusiyanın özünü qlobal patent sistemindən çıxarmaq qərarı mahiyyətcə özünü təcrid etmək deməkdir. Rusiya sənayesinin müasir texnoloji yeniliklərə çıxışı kəskin şəkildə məhdudlaşdırılacaq.

Bu, bizim Rusiyanın Qərbin əqli mülkiyyətini oğurlamaq üçün kiber alətlərdən istifadə etmək cəhdlərini görəcəyimiz deməkdir? Bəlkə hə, bəlkə də yox. Tarixən əqli mülkiyyət oğurluğu Moskvanın kiberdöyüşçülərinin məqsədləri sırasında birinci yerdə olmayıb. Çin ƏM oğurluğunun bütün institusional infrastrukturunu qurub. Çin strukturunda əsas texnologiyaların ÇXR-in innovativ sənayelərinə necə töhfə verə biləcəyini, bu texnologiyalara nəzarət edən firmaların necə təqib oluna və ya hücuma məruz qala biləcəyini, sonra isə sözügedən texnologiyaların Çinin sənaye bazasına inteqrasiya oluna biləcəyini müəyyən etməyə qadir olan fərqli orqanlar var.

Rusiyada bundan daha az səylər var, qismən ona görə ki, Rusiya iqtisadiyyatı Sovet İttifaqının son illərinə nisbətən daha çox hasilata yönəlib və daha az sənayeləşib. Qərb əqli müəkiyyətlərini oğurlamaq Rusiyanın hakerlərinə heç bir fayda vermir, həmin məhsulların inteqrasiya oluna biləcəyi mühüm innovativ sənaye yoxdur. Üstəlik, Rusiyanın müdafiə sənayesi bazası daha çox köhnə sistemlərin istehsalına və təkmilləşdirilməsinə fokuslanıb.

Heç bir şübhə yoxdur ki, Rusiya ƏM oğurluğu ətrafında kiber səylərini yenidən təşkil etmək potensialına malikdir. Bununla belə, Rusiya hökuməti bu cür səyləri dəstəkləmək üçün institusional bürokratiya qurmalıdır. ƏM oğurluğu F-35-in planlarını oğurlamaq qədər sadə deyil, yeni texnologiya əldə etmək səyləri hökumətdən və sənayedən satın alınmaqla ümumi innovasiya strategiyasına inteqrasiya edilməlidir. Təcrid olunmuş ticarət sirlərini, patent müraciətlərini və ya hətta gizli patentləri oğurlamaq, bu məlumatı ondan istifadə edə biləcək sənayeyə yönləndirə biləcək bir bürokratiya olmadığı təqdirdə kömək etmir. Rusiya, şübhəsiz ki, keçmişdə ƏM oğurluğu strategiyalarını həyata keçirib, ənənəvi, kiber hücumlardan öncəki texnikalar vasitəsilə ya ala, ya da oğurlaya biləcəyi xüsusi xarici texnologiyaları müəyyən edib.

Bu hekayənin çoxu hələ yazılmalıdır. Rusiya 1980-ci illərin sonundan bəri üzləşmədiyi, ABŞ və müttəfiqlərinin öz əqli mülkiyyətlərini daha çox qoruduğu bir vaxtda qarşılaşmadığı texnoloji vəziyyətə uyğunlaşmalı olacaq. Rusiyanın ƏM oğurluğuna qarşı kiber səylərini yenidən qurduğunu görmək heç də təəccüblü deyil, lakin Moskvaya Pekinin vərdiş etdiyi nəticələri görmək üçün bir qədər vaxt lazımdır.
Strategyvision.org

Teq: Rusiya   Sanksiya   ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar