Rusiya-Ukrayna müharibəsində kiberdöyüşçülər| Onlar necə mübarizə aparırlar?

Rusiya-Ukrayna müharibəsində kiberdöyüşçülər|  Onlar necə mübarizə aparırlar?
877     14:37     28 02 2022    
Rusiyanın Ukraynaya hücumu bütün cəbhələrdə şiddətlənib. Ukrayna quruda, havada və Qara dənizdə Rusiya ilə qarşı-qarşıya qaldığı kimi, kiberməkanda da Rusiya ilə mübarizə aparır. Ukraynada fiziki hücumun başlaması ilə bir çoxları kiberhücumların hücumla üst-üstə düşəcəyini və ya ondan əvvəl olacağını gözləyirdilər. Ancaq indiyə qədər böyük, infrastrukturun çökməsi, hücumlar barədə heç bir məlumat verilməyib. Amma bu o demək deyil ki, kibercəbhə sakitdir.

Kiberdöyüşçülər, ən qabaqcıl “haktivist”dən tutmuş dövlət qurumlarına qədər, əvvəldən Ukrayna böhranında iştirak edirlər. Hücumdan əvvəl rus hakerlərinin Ukrayna hüquq-mühafizə orqanlarını, telekommunikasiyaları, dövlət saytlarını və ictimai təşkilatları çaşdırmaq məqsədilə məlumatı məhv edən “HermeticWiper” adlı zərərli proqram təminatını istifadə etdiyi bildirilir. Bu kampaniyanın vurduğu zərər əhəmiyyətli idi, əvvəlki kimi şok və qorxu tərzli hücumlardan çox uzaq idi. Bunun əsl səbəbi məlum deyil. Ola bilsin ki, Vladimir Putinin ilk hücum planları Bayden administrasiyasının kəşfiyyat məlumatlarının sızması və ya ABŞ-ın kömək etməsinə görə uğursuz olub.

Ehtimal ki, Putin və Rusiya qüvvələri ukraynalıların üzərinə gedə biləcəklərinə həddindən artıq arxayın olublar və bu alətləri ehtiyatda saxlamaq istəyirlər. Mümkündür ki, Rusiyanın “A-Komandası” gələcək eskalasiya ssenariləri üçün gözləmədədir.

Bunun əvəzinə, Ukrayna müəyyən yerlərdə internet bağlantısını əngəlləyən və müvəqqəti olsa da, bank və digər onlayn platformaları pozan bir sıra DDoS hücumlarına məruz qaldı. Ağ Ev daha sonra açıq şəkildə bu hücumları Rusiya kəşfiyyatı ilə əlaqələndirdi, lakin bu orta səviyyəli hücumlar daha çox aşağı səviyyəli kiberaktorların işi idi.

Ukraynanın kibermüdafiəçiləri DDoS hücumlarının ilkin “yaylım atəşinə” bir qədər hazır görünürdülər. Trafiki digər şəbəkə provayderlərinə köçürməklə Kiyev bu hücumlara kifayət qədər davamlı olduğunu sübut etdi. Ukraynanın son günlərdə ən çox hücuma məruz qalan hissələrində baş verən digər kəsintilərin kiberhücumlardan çox infrastrukturun məhv edilməsi, əhalinin yerdəyişməsi və enerji stansiyalarına nəzarət ilə əlaqəsi var.

Həqiqətən də, Ukraynada kiber döyüşdə təkcə hökumətlər iştirak etmir. Kreml “Conti” fidyə bandasını faktiki olaraq aktivləşdirib və belarus hakerlərinin Ukrayna hərbi hədəflərinə qarşı fişinq kampaniyası apardıqları bildirilir. Bundan ötrü Kiyev öz yerli hakerlərini ölkənin kritik infrastrukturunu müdafiə etməyə və Rusiya qoşunlarına casusluq etməyə çağırıb. Ukraynanın baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixailo Fedorov teleqram kanalı yaradaraq Ukrayna tərəfində mübarizəyə qoşulmaq üçün ukraynalı və ya xaricilərə iş elanı verib. Ukraynaya rəğbət bəsləyən hakerlər üçün ingilis dilində təkrarlanan reklam Rusiya bizneslərini, banklarını, “Qazprom” kimi resurs çıxaran qurumları və hətta Rusiya dövlət saytlarının özlərini təhlükə altına almaq üçün “istənilən kiber və ya DDoS hücumlarının vektorları”ndan istifadəni təşviq edir. Məlumata görə, bu səylər müəyyən uğur qazanıb, Kremlin veb-saytını sıradan çıxarıb və telekanallarda Ukrayna himni səsləndirilib.

Hətta məşhur “Anonymous” qrupu da “rəsmi olaraq Rusiya hökumətinə qarşı kibermüharibədə” olduğunu bəyan edərək mübarizəyə qoşulub. Qrup Belarusun silah istehsalçısı “Tetraedr”i sındırdığını və Putin qüvvələrinə maddi-texniki dəstək göstərdiyinə görə cavab olaraq 200 giqabayt elektron poçt oğurladığını iddia edir. Bundan əlavə, qrup Rusiya mediasının kampaniyanın nöqsanlarını gizlətmək üçün Rusiyanın yayım televiziya şəbəkələrini sındırdığını və cəbhə xəttindən açıq-saçıq görüntülər nümayiş etdirdiyini iddia edir.

Dövlət və qeyri-dövlət aktorlarının kiber münaqişədə iştirakı yeni bir fenomen deyil, lakin hökumət sözçülərinin vətəndaş hakerlərini öz fərdi imkanları ilə öz ölkələrinin işinə qoşulmağa açıq şəkildə təşviq etməsi kiber münaqişənin müxtəlif səviyyələrdə təkamülünə və həqiqətən də eskalasiyasına işarə edir. Bu əsl kibermüharibə adına layiq ola bilər.

Kiber münaqişənin ən yüksək pillələrinə çatdıqca dövlət rəsmilərinin kiber komandaları yaxından izlədiyi və onların istədikləri kimi hərəkət etdiyi şübhəsizdir. Putin kritik infrastruktur operatorlarına “kompüter hücumları”na qarşı diqqətli olmağı tapşırıb. Bayden administrasiyası yerli şirkətlərə, xüsusən də müdafiə sənayesinə bənzər bir xəbərdarlıq edib. Hələlik, elə görünür ki, iki kiber güc mərkəzi eskalasiya spiralından qorxaraq birbaşa zərbələrə çatmayıb. Buna baxmayaraq, prezident Co Bayden Putinə ABŞ şirkətlərinə və kritik infrastruktura qarşı kiberhücumlara qarşı xəbərdarlıq edib.

Bir şey dəqiq görünür – Putin lazım olan hər vasitə ilə Kiyevi ələ keçirmək üçün səylərini artıracaq. Bir tərəfdən vətəndaşlar “Molotov kokteyl”ləri hazırlayır və hökumət tərəfindən verilən silahlar əldə edir, digər tərəfdən Daxili İşlər Nazirliyi vətəndaşları mobil cihazlarında geolokasiya funksiyalarını söndürməyə çağırır, çünki bu funksiya aktiv olarsa, rus kibercasuslar hərbçilərin şəhərdə toplaşdıqları yeri aşkarlaya bilərlər.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   Kibermüharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar