Britaniyalılar ABŞ-da ilk trol fabrikini necə qurdular? - Vaşinqtonun iki böyük müharibəyə cəlb edilməsinin gizli tərəfləri
Yüz ildən bir az artıq müddət öncə amerikalı jurnalist “Gəlin, artıq avam olmayaq” adlı məqalə dərc edir. O, məqalədə həmyerlilərini ayıq olmağa çağıraraq Britaniya təbliğatı tərəfindən feyk xəbərlər vasitəsilə ABŞ-ın ilk olaraq Birinci dünya müharibəsinə, 20 il sonra isə İkinci dünya müharibəsinə necə cəlb edilməsini təsvir edib. XX əsrin tarixi informasiya müharibəsinə aid nümunələrlə boldur və çox az ölkə bu müharibənin qurbanı olmayıb. Bu nümunələrin biri haqqında bəhs edəcəyik: amerikalılar belə təbliğatın qurbanı iki dəfə olublar. Bəs buna qarşı gəlmək niyə mümkün olmayıb?
Britaniya desantçılarının Fransada uğurlu kiçik əməliyyat keçirmələri
18 iyun 1941-ci ildə “The Baltimore Sun” qəzetinin birinci səhifəsindəki ən görünən yer məşhur Brenda Freyzer və futbolçu Con Simms Ellinin fotolarına ayrılmışdı. Amerikalıların son zamanlarda diqqətlə izlədikləri bu cütlük axır ki, öz nişanlanmalarını elan etdi. Digər mətnlər müharibəyə aid idi.
ABŞ-ın Dövlət Departamentinin ABŞ ərazisindəki bütün Almaniya konsulluqlarının bağlanılmasını tələb etməsi alman hakimiyyəti tərəfindən etirazla qarşılandı. 21 may tarixində alman sualtı qayığı amerikalı “SS Robin Moor” ticarət gəmisini batırdı. Braziliya, ABŞ və İngiltərədən başqa bütün ölkələrə müdafiə materialları ixracına embarqo tətbiq etdi – bu da Almaniyaya və müttəfiqlərinə silah tədarükünü dayandırdı. Britaniya öz məxfi ixtirası barədə informasiya yaydı. Belə ki, bu ixtira iki ildir ki, Britaniyaya xüsusilə gecə saatlarında üstünlük verən, bir neçə mildən təyyarələri qeydə alan yüksək səsli radar idi. Hitler və Mussolini beş saatlıq görüş keçirdilər. Vişi Fransası Suriya və Livanda Kuneytra və Merkoun şəhərlərini britaniyalılardan geri aldı. Daha bir xəbər Britaniya ordusunun Almaniya tərəfindən işğal olunan Fransada keçirdiyi uğurlu desant əməliyyatı haqqında idi.
Qeyddə bir neçə gün əvvəl Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin paraşütçülərının Berk-sur-Mer kommunasında Fransanın şimalına endikləri bildirilirdi. Onlar üç kiçik qrupa ayrıldılar. Birincisi, pulemyot və əl bombası ilə silahlanmış alman aerodromunun mühafizəçilərini tərksilah etdi və idarəetmə otağını ələ keçirdi - əməliyyat o qədər sürətlə aparıldı ki, almanların həyəcan təbili çalmağa belə vaxtları olmadı. İkinci qrup sürətlə kazarmanı təmizlədi və 40 alman pilotunu əsir götürdü. Üçüncü qrup bazanın ətrafında cəmləndi və təxminən 30 döyüş təyyarəsini sıradan çıxardı. Əsirlərlə olan desantçılar La-Manş kanalı üzərindən motorlu qayıqlarla evakuasiya olundular. Basqın nəticəsində heç bir paraşütçü yaralanmadı. Fransız partizanlar da ingilislərə kömək etdilər.
Alman qoşunları üzərində yerli, müvəqqəti bir qələbənin elan edilməsi müharibə cəbhələrindən ürək açmayan xəbərlərə müxtəliflik qatdı. Ancaq bu, digər xəbərlərdən yalnız mütləq qələbə ruhu ilə deyil, başqa bir vəziyyətinə görə də fərqlənirdi: əslində bu barədə xəbərləri ingilis xüsusi xidmət orqanları uydurmuşdular.
1941-ci ilin iyun ayında Böyük Britaniya artıq bir ildir müharibəni demək olar ki, tək aparırdı: Fransa 1940-cı ilin iyununda təslim oldu, SSRİ hələ rəsmi olaraq Almaniyanın müttəfiqi olaraq qalırdı, ABŞ isə bitərəf qalırdı. Böyük Britaniya dəstəyə çox ehtiyac duyurdu və ilk növbədə ABŞ-a güvənirdi. Amerika Britaniyanı sursat, ərzaq məhsulları, hərbi texnika, yanacaq və dərmanlarla təmin edirdi, lakin Britaniyanın yalnız maddi deyil, həm də avtiv hərbi köməyə ehtiyacı vardı. Bu isə çox çətin idi: 1940-cı ilin may ayında aparılan sorğuda göstərildiyi kimi, Amerikalıların yalnız 7%-i ABŞ-ın Avropa münaqişəsinə hərbi müdaxiləsini təsdiqləməyə hazır idi və əhalinin dəstəyi olmadan isə Ağ Ev müharibəyə girməyə hazır deyildi. Britaniya hökumətinin qarşısında Amerika ictimai rəyinin dəyişdirilməsi tapşırığı dayandı.
Çörçilin hökuməti əvvəllər də bu istiqamətdə bəzi addımlar atmışdı: məsələn, 1941-ci ilin aprel ayında “Ledi Hamilton” filmi ABŞ-da nümayiş olundu. Filmdə admiral Nelson sonunda Britaniyanı zəbt etdikdən sonra Napoleonun dünyanın sahibi olacağını deyir. Napoleon dövründə baş verənlər və İkinci Dünya müharibəsi dövründə baş verənlərlə bağlı paralellərin aparılması ideyası filmin rejissoru Aleksandr Kordeyə Britaniyanın informasiya naziri tərəfindən verilib. Film isə demək olar ki, tamamilə Hitlerə eyhamlardan ibarət idi. Aydın idi ki, bu növ təbliğat vasitələri ilə ABŞ-dan istənilən nəticəni almaq çətin olacaq. Daha ciddi addımlara ehtiyac var idi. İngilis xüsusi xidmət orqanları bu addımı ABŞ-a əsl superagent olan Uilyam Stivensonu göndərməklə atdılar.
ABŞ-da ilk trolar fabriki necə quruldu?
Peşəkar pilot və Birinci Dünya müharibəsinin qəhrəmanı olan Uilyam Stivenson, müharibələrarası dövrdə uğurlu bir iş adamı oldu. Kanada vətəndaşı olaraq, Birinci Dünya müharibəsindən sonra Böyük Britaniyaya köçdü və “İngilis Sənaye Gizli Xidməti”ni qurdu. Bu, hansı şirkətlərdə pul yatırmağın sərfəli olduğu barədə məlumat toplayan özəl bir şirkət idi. Tədricən Stivenson kommersiya şirkətinin, siyasi potensialını da gördü.
1936-cı ildə Stivenson, Almaniyanın Versal anlaşmasının şərtlərini pozaraq hərbi gücünü artırdığını və 800.000 funt sterlinq dəyərində ordu xərclərini gizlətdiyi barədə məlumatlar əldə etdi. Bu məlumatı çoxdan tanıdığı Uinston Çörçilə - keçmiş Daxili İşlər Naziri, Xəzinə Kansleri və hazırkı anda yalnız İcmalar Palatasının üzvü olan xarici işlər komissiyasının iclasında ən məşhur çıxışlarından birini söyləyən şəxsə ötürdü. Bu çıxış Britaniyanın 400 ildir ki, qitədəki ən aqressiv güclə üzləşmək və bununla da Avropanın azadlığını qorumaq üçün həmişə çətin yolu seçməsi barədə idi. Çörçilin almanların əleyhinə mesajı, mülayim siyasətə sadiq qalan Britaniya baş nazirinin mövqeyinə zidd idi, lakin Çörçil Stivensonun simasında, məlumatların dəyərini anlayan və onunla eyni siyasi baxışları bölüşən bir müttəfiqi əldə etdi. Tezliklə Stivensonun özünü MI6-ya işə qəbul etdilər və Çörçill baş nazir olduğu 1940-cı ildən sonra o “48-LAND” kod adı ilə ABŞ-a göndərildi. Stivenson Nyu-Yorka gəldi, “Rokfeller Mərkəzində” bir ofis icarəyə götürdü. O, pasport və viza mərkəzi adı altında indi trol fabriki adlandırılacaq bir mərkəz qurdu.
Minlərlə agent, əlaqəçi, jurnalist, sosioloq, katib və adi təxribatçı gecə-gündüz şayiələr topladılar, senatorların xüsusi yazışmalarını açdılar, məmurların telefon danışıqlarını dinlədilər, süni etirazlar təşkil etdilər, amma ən əsası Amerika mətbuatı üçün saxta xəbərlər axını yaratdılar. Hər şey Amerika ictimai fikrini manipulyasiya etmək məqsədi ilə edildi - İngiltərəyə rəğbət bəsləmək və almanlara nifrət etmək üçün bunlar edilməli idi. Müəssisənin həqiqi miqyasını qiymətləndirmək çətindir - məlumatlar hələ də Britaniya hökuməti tərəfindən məxfiləşdirilib, lakin bəzi əməliyyatlar məlumdur. Onların əksəriyyəti bizi yaradıcılığı ilə təəcübləndirir.
Məsələn, astroloq Lui de Voll təbliğat kanallarından biri oldu. 1941-ci ilin yayında İngilis xüsusi xidmət orqanları onun üçün ABŞ-a bir tur təşkil etdi: əyalətlər arasında mühazirələrlə gəzmək və qəzetlərə müsahibələr vermək. Münəccim astrologiyanın Hitlerin tərəfində olmadığı fikrini davamlı olaraq amerikalıların şüuruna yeritdi. O, bürclərin, Almaniyanın yaxın bir zamanda məğlub olacağını, İngiltərənin və onun sirli bir müttəfiqinin zəfərini, daha sonra dünyada yeni bir demokratik nizamı bərpa edənlərin bu qalib ikilinin olacağını göstərdiklərini söylədi. Astroloqun sözlərinə ağırlıq gətirmək üçün Stivensonun qrupu ona daha sonra mətbuatda açıqlanacaq məlumatları sızdırırdı. Belə, 1941-ci ilin 11 iyununda de Voll elan verdi: “Hitlerin güclü bir müttəfiqi, amma alman və ya nasist deyil, dəli olacaq. Bu hadisə Cənubi və ya Mərkəzi Amerikada, bəlkə də Karib dənizində baş verəcək”. Öncəgörmə artıq 3 gündən sonra “təsdiqini tapdı”. Qəzetlərdə Karib dənizində fransız Antil adalarının ali komissarı Vişiçi admiral Jorj Roberin dəli olması ilə bağlı xəbər çıxdı. Məqalə feyk olsa da, astroloqa güvən getdikcə artırdı.
Stivensonun amerikalılara, o cümlədən yüksək rütbəli məmurlara istiqamətli ən görkəmli dezinformasiya əməliyyatı, Hitlerin Cənubi Amerikanı işğal planı ilə bağlı alman xəritəsinin saxtalaşdırılması idi. Bu xəritəyə görə, qitədə, Almaniyaya və müttəfiqlərinə tamamilə tabe olan beş böyük ərazi qalmalı idi. Saxtakarlıq çox diqqətlə aparılmışdı. Belə ki, bunun üçün alman kağızı və alman mürəkkəbindən istifadə edilmişdi. Stivensonun ingilis kəşfiyyatındakı həmkarı Yan Fleminqin illər sonra iddia etdiyi kimi, məhz bu əməliyyat onu Ceyms Bondun obrazını yaratmağa ilhamlandırdı. Xəritə ciddiyə alınsın deyə, Stivenson xəritənin casusluq əməliyyatı nəticəsində əldə edilməsi ilə bağlı bir əfsanə yaratdı. O, Əvvəlcə FTB direktoru Edqar Quver ilə söhbətində MI6-nın nədənsə Latın Amerikasına gedən bir alman məmurunu nəzarətə aldıqlarını eşitdirdi. Bir neçə gün sonra təsadüfən ona bir alman katibindən müdirinin Latın Amerikasındakı Almaniya səfirlərinə bəzi vacib sənədləri apardığı barədə məlumat gəldiyini xəbər verdi. Nəhayət, bir neçə gün sonra, Quverə bir ingilis agentinin Buenos-Ayresdəki otellərin birində basırıq olan liftdə bir almandan sənədləri hiss etdirmədən götürməyə müvəffəq olduğu xəbəri verildi. Bu əfsanə ilə 1941-ci ilin payızında xəritə ABŞ prezidenti Franklin Ruzveltin administrasiyasına təqdim olundu.
27 oktyabr 1941-ci ildə Ruzvelt əksər amerikalıları Hitlerin ABŞ-a yaxın zamanlarda təhlükə yaratdığına inandıran bir çıxışında xəritə məsələsinə toxunaraq dedi: “Hitler hökuməti tərəfindən Almaniyada hazırlanmış gizli bir xəritə var. Yeni dünya düzənini inkişaf etdirən Berlin coğrafiyaçıları mövcud bütün sərhədləri sildilər və Cənubi Amerikanı beş vassal dövlətə böldülər, bütün qitəni Almaniyaya tabe etdilər. Bu xəritə nasist planlarının yalnız Cənubi Amerika üçün deyil, Amerika Birləşmiş Ştatları üçün də təhlükə yaratdığını açıq şəkildə göstərir”.
Bu çıxış təcrid siyasətinin sonunu qoydu. 1941-ci ilin noyabrına qədər amerikalıların 68%-i Almaniyanı məğlub etməyin bitərəf qalmaqdan daha vacib olduğuna inanırdı. Hələ Pörl Harbora hücumdan əvvəl, ABŞ müharibəyə başladı. Beləliklə, Britaniya, ABŞ-dakı ictimai rəyi öz xeyrinə dəyişdirməyi və amerikalıları başqa bir qitədə müharibəyə getməyə inandırmağı bacardı. Ən başlıcası isə ingilislərin ABŞ-da bu hiyləni ilk dəfə etməməsidir.
Böyük Britaniyanın alman cinayətlərini saxtlaşdırması
Bütün bu şərtlər - Böyük Britaniyanın dünya müharibəsində iştirakı, ABŞ-ı ora müttəfiq kimi cəlb etmək istəyi və amerikalıların Avropa qitəsinin işlərinə qarışmaq istəməməsi - Birinci Dünya müharibəsində olan vəziyyəti sözün əsl mənasında təkrarladı. O zaman da İngiltərə amerikalıların zehni uğrunda döyüşdə məlumatın əsas silah olacağını anladı və bu döyüşə son dərəcə ciddiliklə yanaşdı. 1914-cü ilin avqustun 4-ü, axşam Böyük Britaniya Birinci Dünya müharibəsinə daxil oldu və avqustun 5-də ilk məlumat döyüşündə qalib gəldi. Həmin gün ingilis gəmisi “CS Alert”, Duvr kanalının dibi ilə çəkilən və Almaniyanı digər ölkələrlə və qitələrlə birləşdirən alman teleqraf kabellərini kəsdi. Bu, Almaniyanı dünyanın qalan hissəsi ilə radio vasitəsilə əlaqə qurmağa məcbur etdi, bu da məlumatları ələ keçirməyi asanlaşdırdı. Daha da əhəmiyyətlisi, eyni akt Amerika qəzetlərini qeyri-ingilis məlumat mənbələrindən məhrum etdi - Amerikalılar indi müharibə haqqında yalnız ingilis xəbər agentlikləri tərəfindən yazılanları oxumağa məhkum oldular. Bu vəziyyətdən Böyük Britaniya maksimum faydalandı.
ABŞ-ı müharibəyə cəlb etmək üçün Böyük Britaniyanın əsas vəzifəsi düşmən, mənəvi prinsiplərdən məhrum bir alman əsgəri haqqında canlı bir imic yaratmaq idi. Bunun üçün iddia edilən alman vəhşiliklərini araşdırmaq üçün bir komitə yaradıldı. Altı ay boyunca komitə Almaniyanın işğal etdiyi Belçika ərazisindəki alman əsgərlərinin müharibə cinayətləri haqqında məlumat topladı. Komitə tərəfindən toplanan məlumatların nə dərəcədə reallıqla əlaqəli olduğunu söyləmək çətindir, lakin tarixçilər onlara bir o qədər də etibar etmirlər. 1915-ci ilin mayında komitə görülən işlər barədə təsirli bir hesabat dərc etdi. Alman əsgərlərinin qadınlara və uşaqlara təcavüz etməsi, körpələri süngüdən keçirməsi, yeniyetmələrin əzalarını kəsməsi, işgəncə verməsi barədə qurbanların və şahidlərin ifadələrinin qısa bir şəkildə yenidən izah edildiyi 360 səhifəlik material formalaşdırıldı. Daha inandırıcı olmaq üçün hesabata seçilmiş işlərdən ibarət 300 səhifəlik qoşma əlavə edildi. Bunlar, Belçika qaçqınlarının 500 hekayəsi və əsir düşən alman əsgərlərinin 37 gündəliyindən seçilən cinayətlərini qürurla təsvir edən hissələr idi. Nəşr dünyadakı anti-alman düşüncələrini inkişaf etdirmək məqsədi daşıyırdı, lakin əsas hədəf ABŞ idi. Təsadüfi deyil ki, Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri və məşhur ingilis siyasətçisi, tarix və hüquqşünaslıq əsərləri ilə tanınan Ceyms Brays komitənin sədri təyin edildi. Braysın peşəkarlığı sual yaratmadı, onun hesabatın üz qabığındakı adı bu hesabatı ABŞ-da bestseller etdi. Amerikaya göndərilən 40 min nüsxə ildırım sürətilə satıldı və hesabatın ən təəccüblü parçaları 20 min Amerika qəzeti tərəfindən yenidən çap edildi. Onların hamısı “mülki insanlara qarşı amansız rəftarı və müharibə qanunlarının pozulmasını” qınadı. Bunun ardınca Amerika cəmiyyətini bir xeyriyyəçilik dalğası bürüdü. Belçikalılar üçün hər yerdə pul və digər yardımlar toplandı, Avropanı tərk etməyə hazır olanlar üçün ABŞ hökuməti yaşayış yerləri üçün torpaq da təklif etdi.
Britaniya bir il sonra Amerika ictimai rəyinə daha bir zərbə vurdu. 5 may 1916-cı ildə, Nyu-York-Liverpul marşrutu ilə hərəkət edən “Lusitania” sərnişin gəmisinin alman sualtı qayığı tərəfindən batırılması ərəfəsində, “New York Times” qəzetində Britaniya Xarici İşlər Nazirliyinin “Lusitaniya”nı batırmaq uğrunda sualtı qayığın ekipajına təqdim olunan xatirə medalının əldə etməsi barədə xəbər dərc olundu. Medalın bir tərəfində hərbi silahlarla yüklənmiş su altına gedən bir gəminin şəkli, digər tərəfdə isə gəmi üçün bilet satan bir skelet əks olunub. “Hər şeydən əvvəl iş” xüsusi diqqət çəkirdi. Amerika Birləşmiş Ştatları üçün “Lusitaniya”nın batması milli bir faciəyə çevrildi - amerikalılar laynerdə çoxluq təşkil edirdilər. Avropa ilə dəniz əlaqəsinin təhlükəli olmasını görmək çaxnaşmaya səbəb olur və ölkə iqtisadiyyatını az qala təhlükəyə atırdı. Mükafat medalının elan edilməsi ikiqat ağrılı idi. Bu, Almaniyanın təhlükəsizliyə zəmanət verməsinə baxmayaraq, təkcə faciəni xatırlatmırdı, həm də baş verənlərin qəza olmadığını, alman hökuməti tərəfindən planlı bir akt olduğunu göstərirdi.
Əslində, heç bir mükafat yox idi - Xarici İşlər Nazirliyinin əldə etdiyi və yayımladığı medal, alman oymaçı və medalçı Karl Götz tərəfindən zarafat olaraq düzəldilmişdi. Müharibənin başlanğıcında, Götz mövcud hadisələrə uyğun bir sıra satirik medallar hazırlayırdı. Kolleksiyasında Fransız ordusunda zəncilərin varlığına, Vudro Vilsonun siyasətinə və Verden döyüşünə həsr olunmuş medallar var idi. “Lusitania” ilə bağlı medal da eyni şəkildə idi. Alman hökumətinin sərnişin daşıma adı altında ABŞ-ın Britaniyanı silah və sursatla təmin etməsi iddiası əsasında laynerə hücum təşkil olundu. Hətta Götzin səhvini də (satirik bir həvəslə tarixləri qarışdırdı) ingilislər öz maraqlarında istifadə etdilər. Medal hazırlanarkən, onun üzərinə 7 may (Laynerin batırıldığı tarix) tarixi əvəzinə səhvən 5 may yazılmışdı. İngilislər isə bunu amerikalılara “sübut” kimi təqdim etdi. Əfsanəyə görə almanlar laynerə hücumu daha öncə planlamışdılar ki, medalın üzəridə də elə ona görə 7 əvəzinə 5 yazılıb.
Böyük Britaniyanın təbliğat kampaniyası işə yaradı. 1917-ci ilin aprel ayında ABŞ Birinci dünya müharibəsinə qatıldı. Bu taktikadan müəyyən hallarda almanlar da istifadə etdilər.
Nasistlərin Britaniya təcrübəsinə üz tutması
11 sentyabr 1941-ci ilin axşamında Amerikanın ən məşhur qəhrəmanlarından biri olan Çarlz Lindberq, Ayova ştatının De-Moin şəhərində yeddi min tamaşaçıya bir nitq söylədi. Lindberqin qəhrəmanlıq keçmişi (Atlantiki tək keçən ilk pilot idi) və ailə həyatının dramı - 10 il əvvəl kiçik oğlu uşaq bağçasından qaçırıldı və sonradan öldürüldü - demək olar ki, olduğu hər yerdə ictimaiyyətin diqqətini çəkməsinə təsir edirdi. Populyarlığından istifadə edən Lindberq bir neçə aydır ABŞ şəhərlərini gəzir, Amerikanın təcrid olunmasını və Avropa müharibəsinə müdaxilə etməməsini müdafiə edirdi. Bununla yanaşı, De-Moindəki çıxışında əvvəlcə səsləndirilən tezisləri təkrarlamırdı. ABŞ-ı müharibəyə cəlb etmək istəyən “böyük quvvələr” haqqında danışarkən, o, ilk növbədə, bu qüvvələr altında yəhudiləri nəzərdə tuturdu. Yəhudilərin ABŞ-a qarşı olan fəaliyyəti barədə belə çıxışlar çoxdandır eşidilmirdi, lakin Lindberqin çıxışı sürpriz olmadı. Bu zamana qədər alman təbliğatı ABŞ-da antisemitizm hisslərini formalaşdırmaq üçün çox enerji sərf etmişdi.
Amerika ictimai rəyini öz lehinə razı salmağı bacaran Britaniya təcrübəsi, Birinci Dünya müharibəsi bitdikdən dərhal sonra Almaniyada təhlil olunmağa başladı. Doğrudur, 1914-1918-ci illərdəki alman müharibə təbliğatı, ingilislərlə demək olar ki, eyni mövzu və texnikalardan istifadə etdi. Lakin nəticə etibarilə, əlbəttə ki, məğlub oldu. 1924-cü ildə Amerikalı Fridrix Şokeman dezinformasiya hallarını araşdıran və bu cür manipulyasiyaların Amerikada bu qədər uğurlu olmasının səbəblərini təhlil etdiyi “ABŞ-dakı kütlələrə təsir sənəti” adlı kitabını nəşr etdirdi. Onun sözlərinə görə, müvəffəqiyyət ABŞ və Böyük Britaniya arasında güclü mədəni əlaqələrin olması və iki xalq üçün ortaq dəyərlərin və baxışların formalaşdırıldığı vahid bir ictimai məkanın olması ilə əlaqədardır. Şokemanın kitabı Almaniya hökuməti üçün bir növ informasiya müharibəsi təlimatı oldu. Qısa müddətdə Almaniya ilə ABŞ arasında dərin mədəni əlaqələr qurmaq mümkün olmasa da, iki xalq arasında ortaq bir nöqtə tapıldı - militant alman antisemitizmi mülayim Amerika antisemitizmi ilə yaxşı vəhdətləşdi.
Artıq 1935-ci ildə Amerika mətbuatında ABŞ prezidenti Franklin Delano Ruzveltin Hollandiyadan olan bir mühacir ailəsindən deyil, bir yəhudi ailəsindən gəldiyi barədə məlumatlar yayıldı - guya əsl soyadı Rozenfeldi gizlətmək üçün Ruzvelt soyadını götürüb. Bu əfsanə qəzetlərin tirajında o qədər möhkəm yer tutdu ki, müharibənin sonuna qədər sağçı və prezidentə müxalif nəşrlər (“The Evening News”, “The Columbus Telegram”, “The Republic”) prezidenti məqalələrində “Rozenfeld-Ruzvelt” adlandırdılar. Bundan əlavə, mətbuatda Rozenfeld soyadlı yəhudilərin həyatı barədə mütəmadi hekayələr dərc olunurdu. Qəribə olan o idi ki, onlar da soyadlarını hansısa səbəblərə görə Ruzveltə dəyişirdilər. Hekayələr qondarma olsa da, prezidentə qarşı lazımi qərəz dərəcəsini saxlayırdılar. Lindberqin çıxışı da yerinə düşdü. Ondan sonra aparılan sorğular amerikalıların 41 faizinin yəhudilərin ABŞ-ın təhlükəsizliyini təhdid etdiyinə inandığını göstərdi.
30-cu illərin sonlarına doğru nasist meyilli ab-hava ABŞ-da kifayət qədər güclü idi. Nyu-Yorkun mərkəzi olmaqla, bir çox ABŞ şəhərlərində “Alman-amerikan ittifaqı”, “Amerika gümüş legionu” kimi təşkilatların mitinqləri keçirilirdi. Buna baxmayaraq, informasiya mübarizəsində Britaniya Almaniyanı üstələdi. Digər tərəfdən ABŞ hökuməti də daha çox birinci üçün zəmin yaratdı.
Amerikalılar daha aldanmaq istəmirdi, lakin demokratiyaya görə yenidən aldanırdı
1919-cu ildə jurnalist Uill İrvin “Sunset” jurnalında “Gəlin, artıq avam olmayaq”, daha sonra isə “Yalanlar çağı” adlı məqalələr dərc etdi. İrvin çox məşhur amerikalı müxbir idi. O, ABŞ-ın demokratik institutlarına qarşı olan cinayətləri araşdırmaqla bağlı mütəxəssisləşmişdi və 1909-1910-cu illlərdə ABŞ jurnalistikasındakı korrupsiya halları barədə ard-arda qalmaqallı məqalələr yazdı. Yeni məqalələr də jurnalistikanın qaranlıq tərəflərini açırdı. İrvin müharibə illərində həmvətənlərini hərbi təbliğatla “qidalandıran” mətbuat barədə danışırdı.
“Gəlin, artıq avam olmayaq” məqaləsi Almaniyanın vəhşiliklərini araşdıran komitənin hesabatını ifşa etməyə həsr olunmuşdu. İrvin, Almaniyanın Belçikadakı vəhşilikləri barədə xəbərlərin əksəriyyətinin Amerika ictimai rəyinə təsir etmək məqsədi ilə toplanan açıq yalan olduğunu iddia etdi. “Yalanlar Çağı” adlı ikinci məqalə təbliğat texnikalarına və bunların ictimai fikrə təsirlərinə həsr olunmuşdu. İrvin həm İngilis metodlarını, həm də müharibəyə girdikdən sonra təşkil edilmiş və birbaşa vəzifəsi Amerika vətənpərvərliyini stimullaşdırmaq olan ABŞ hökumətinin xüsusi orqanı olan İctimai Təbliğat Komitəsinin metodlarını araşdırdı. İrvin təbliğatın bu tərəfini yaxşı bilirdi. O, bu komitənin xarici işlər şöbəsinə rəhbərlik edirdi.
İrvinin məqaləsindən sonra ABŞ-da təbliğatın cəmiyyətin həyatındakı rolu barədə aktiv müzakirələr çağı başladı. Jurnalistlər, tarixçilər və ictimai xadimlər təbliğatı etik, siyasi, dini, psixoloji və digər apseklərdən araşdırırdılar. Bəziləri Amerikanın dezinformasiyaya meyilli olduğunu və bunun öz müstəqilliyinə təhdid olduğunu vurğulayırdılar. Məşhur jurnalist Henri Menken öz oxucularına söz də atırdı: “Hər bir amerikalı azad xalq və ya kral koloniyasının sakini olmağı qərarlaşdırsaydı, yaxşı olardı”. Digərləri əsas vəzifəni təbliğatla mübarizəni aşağılardan başlamaqda görürdü. ABŞ vətəndaşlarının savadlarının artırılması və s. İkinci Dünya müharibəsi başlamadan öncə, 1937-ci ildə Təbliğatın təhlili institu yaradıldı. Burada nəinki analiz edirdilər, hətta analiz etməyi də öyrədirdilər. Müəllimlərə, din xadimlərinə, jurnalistlərə və məmurlara “Təbliğatın analizi əlifbasını” verirdilər ki, onlar da öz növbələrində əldə etdikləri məlumatı analiz edə bilsinlər.
Bəs onda, bütün bu tədbirlərin görülməsinə baxmayaraq, Stivenson ABŞ-ın ictimai rəyinə təsir etməyi necə bacardı? Bir neçə cavab var. Birincisi, britaniyalılar Birinci Dünya müharibəsi təcrübəsindən nəticələr çıxardılar. ABŞ xüsusi xidmət orqanları da feyklərlə mübarizəyə köklənsə də, Stivenson “istehsal etdiyi” xəbərlərdə demək olar ki, boşluq buraxmırdı. Və beləliklə də təbliğatın amerikalılara təsirinin qarşısını almaq olmurdu. Üstəlik, Stivenson ABŞ sakinlərini Almaniyanın demokratik dəyərlərə bir təhdid olmasına inandıra bildi.
Böyük Depressiya demokratiyanın mövqeyini sarsıtdı. 1933-cü ildə ilk çıxışında Ruzvelt demokratiyanın gələcəyinə şübhə etmədiyini söyləyirdi, amma amerikalılar şübhə edirdilər. NBC radiostansiyası bir neçə dəfə axşam dinləyicilərlə “Demokratiya nə deməkdir?” sualını müzakirə etdi, Afro-Amerikalı ictimai xadim və jurnalist Uilyam Dübua oxuculardan soruşurdu: “Zəncilər, demokratiyaya inanırıq?” Amerika mətbuatı bu qurumun nə dərəcədə effektiv olması barədə danışıqlarla doldu. Vətəndaşlara ölkənin qurulduğu dəyərləri və prinsipləri xatırlatmaq və yeni prezidentin siyasi ağırlığını gücləndirmək üçün Ruzvelt rəhbərliyi geniş bir təbliğat kampaniyasına başladı - demokratiyanı vəsf edən afişalar, kitablar, komikslər və radio serialları azadlıq və müstəqillik idealları ilə birləşən Amerika xalqına ünvanlandı. Bu kampaniya, böyük ölçüdə, Stivensonun fəaliyyətinə yol açdı. Onun tərəfindən Amerikalıları Hitler üzərində qələbədən sonra ulduzların dünyada yeni bir demokratik qayda vəd etdiyinə inandırmaq üçün bir astroloq göndərdiyi zaman onlar demokratiyanın müdafiəsinin özlərinin tarixi vəzifələri olduğuna inanırdılar. Bunun lehinə olan hər hansı bir dəlil yalnız vətənpərvərlik həvəslərini artırırdı.
Oxşar məqalələr
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - II YAZI
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - I YAZI
-
Ukraynadan Hibrid Müharibənin Gələcəyi üçün Dərslər
-
Rusiyanın hibrid müharibəsi: Axı o qədər də yeni deyil?
-
Hibrid müharibə: Rusiyanın Ukraynaya hücumunu izah edir
-
Hibrid əməliyyat qüvvəsi hazırdır| Çeçen “Rosqvardiya” qoşunları Ukrayna yolunda
-
“Kiçik Mavi Dənizçilər”: Açıq dənizlərdə hibrid müharibəyə xoş gəlmisiniz
-
Hibrid Müharibələrin aparılmasında yeni paraqraf - QAÇQIN BÖHRANI
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı