Sosial medianın psixoloji müharibələrə təsiri – ANALİZ

 Sosial medianın psixoloji müharibələrə təsiri –  ANALİZ
913     10:28     07 12 2021    
Tarixən müharibələr həmişə fiziki və psixoloji xarakter daşıyıb. Döyüşçülər düşmən döyüşçülərini zərərsizləşdirir, yaralayır və ya öldürür, eyni zamanda onlara dəstək ola biləcək hər kəsin iradəsini zəiflətməyə çalışırlar. Keçmişdə baş verən müharibələr zamanı döyüşçülər bunun üçün gücdən istifadə edib, düşmənləri dəhşətli hərəkətlərlə qorxudub.

Müasir dövrdə isə hərbçilər fiziki güclə yanaşı rabitə texnologiyalarına, sosial media platformalarına, onlayn resurslara üz tutub. Artıq informasiya texnologiyaları qlobal cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Buna görə medianın və xüsusən sosial medianın dünya əhalisi üzərindəki təsiri şübhəsizdir. Müxtəlif ölkələrdə hərbçilərə təbliğat mesajı hazırlamaq, onları yaymaq, bir sözlə psixoloji əməliyyat aparmaq üçün təlimlər keçirlər.


İlk öncə psixoloji müharibənin nə olduğunu aydınlaşdırmağa çalışaq. Psixoloji müharibə müxtəlif psixoloji əməliyyatlarla düşmən ordusunun əzmini qırmaq, düşmən ölkənin əhalisini demoralizə etmək üçün aparılan müharibələrdir. Belə müharibələri aparmaq üçün müxtəlif taktika və vasitələrdən istifadə olunur. Əsas məqsəd hədəf auditoriyanın (düşmən ordusu, əhali, hökumət, qruplar, hətta fərdlər) dəyər sisteminə, inanclarına, güvən duyduğu insanlara, duyğularına, motivasiyalarına, davranışlarına təsir etməkdir, onu təslim olmağa təşviq etməkdir.

Psixoloji müharibə taktikalarından qədim dövrlərdə də istifadə olunub. Düşmənin iradəsini qırmaq üçün düşmən əsgərləri arasında qorxu və təşviş yaradılırdı.

Ancaq indi çox şey dəyişdib. Texnologiya fərdlərə müharibə zamanı çəkilən şəkilləri və ya döyüş meydanından məlumatları qlobal auditoriya ilə bölüşmək imkanı verir. Bu, potensial olaraq düşüncələrə ənənəvi psixoloji əməliyyat mütəxəssislərindən daha çox təsir edə bilir. Cib telefonu və ya digər oxşar cihazları olan hər kəs “ən yaxşı silahlanmış” şəxsdir, bu şəxslər köhnə psixoloji əməliyyatlar qrupundan daha çox insana müraciət edə bilər. Texnologiya sayəsində hərbi əməliyyatlar və döyüşlər şəffaflaşıb - dünyanın hər yerində insanlar nəyin baş verdiyini birbaşa real vaxtda görə bilirlər. Artıq yalnız rəsmi məlumatlara və ya jurnalistlərin dediklərinə və ya göstərdiklərinə bağlı deyillər.


Beləliklə psixoloji müharibənin hədəf auditoriyası dünya miqyasında genişlənib. İnsanlar hər yerdə və hər zaman gördüklərindən, oxuduqlarından və ya eşitdiklərindən təsirlənirlər. Bundan müxtəlif qruplar, eləcə də düşmən dövlətlər əhaliyə təsir göstərmək, hökumətlərə təzyiq etmək üçün istifadə edir. Aktorlar, həmçinin onlayn platformalardan özlərinə tərəfdaş yığmaq üçün istifadə edə bilir.

Müharibələrin xaraketrindəki bu seysmik dəyişikliklərin təməl nöqtəsi sosial mediadır. Artıq “YouTube”, “Twitter” və “Facebook” kimi platformalar şəxslərə qlobal rezonans yaratmaq və böyük media kampaniyalarının və ya hökumətlərin malik olduğu gücə sahib olmaq imkanı verir. Artıq döyüş meydanında məlumatın özü silah olduğu üçün “məlumatla silahlanmış” şəxs də “döyüşçü” hesab olunur.

Artıq qeyd etdik ki, psixoloji müharibədə əsas məqsəd düşmənin mübarizə əzmini qırmaq və onu təslim olmağa təşviq etməkdir. Düşmənin mübarizə əzmini qırmaq üçün bir neçə seçim var və qlobal iqtisadiyyatın inkişaf etməsi və daha da əhəmiyyətlisi internet əsri bu seçimləri daha da artırıb. Artıq informasiya müharibəsi də pulemyot və ya tanklar qədər önəmlidir.

Haşiyə

İsrail kimi bir neçə dövlət sosial medianın özünə qarşı istifadə edilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görüb. HƏMAS və tərəfdarları öz mesajlarını ötürmək və Qəzzadakı vəziyyətlə əlaqədar qlobal təsəvvürləri, habelə öz təbliğatını formalaşdırmaq üçün sosial mediadan ustalıqla istifadə edirdi. İsrail ordusu buna cavab verməli olduğunu başa düşdü. Beləliklə, İsrail Müdafiə Qüvvələri daxilində gənc, sosial medianı bilən kadrlarla dolu xüsusi bir sosial media bölməsi yaradıldı. Onlar ənənəvi birliklərə bənzəmir, hərəkət etmir, amma həqiqətən strateji təsirləri çox yüksəkdir. İsrail ordusunun bu bölməsi yalnız əməliyyatların təfərrüatlarını bölüşmək və görüntüləri sosial mediada tez bir zamanda yayımlamaqla yanaşı, HƏMAS-ın və “Hizbullah”ın sosial mediadakı yazılarını izləyir, onlara verilən reaksiyaları, şərhləri araşdırır və müvafiq addımlar atır.

Media mənbələrindən psixoloji əməliyyatlar zamanı istifadə etmək çox da yeni bir şey deyil, amma yenə də qəzetlərdən radioya, televiziyaya, nəhayət internetə keçdiyimiz üçün taktika və alətlər sürətlə dəyişir. Belə ki, II Dünya Müharibəsində düşmənin əzmini qırmaq üçün onların səngərlərinə təyyarələrdən təbliğat broşuraları atılır, kəşfiyyatçılardan istifadə edilərək düşmən komandanlığı arasında həmin materialların yayılmasına şərait yaradılırdı. Amma indi həmin materiallar düşmənin cib telefonuna, kompüterinə, planşetinə göndərilir, düşmənin istifadə etdiyi sosial media platformalarında yayılır.


Sosial media internet vasitəsi ilə sosial qarşılıqlı əlaqələrin növbəti təkamül mərhələsidir və onun əhatə dairəsi broşura atılan səngərlərdən və ya televiziya yayımlarının çatacağı auditoriyadan çox daha böyükdür. 2020-ci ilin son məlumatlarına görə, təkcə “Facebook” sosial şəbəkəsinin 3 milyarda yaxın üzvü var, artıq istifadəçilərin sayı dünya əhalisinin yarısına çatır. “Twitter” və “YouTube” kimi platformaların da kifayət qədər üzvü var.

Qeyd olunan platformaların istifadəçiləri əsasən demoqrafik olaraq gənclər olduğu üçün psixoloji əməliyyatların hədəfi də gənclər olur. Bir millətin gənclərinə təsir etmək nəticədə gələcəkdəki potensial liderlərinə təsir etmək deməkdir.

Haşiyə



Qeyd olunan sosial şəbəkələrdən əlavə dünyada əsasən gənclər tərəfindən istifadə olunan “TikTok” adlı video platformasından istifadə də getdikcə artmaqdadır. Çin mərkəzli bu platformalarda videoların yayılmasının tənzimlənməsi demək olar ki, mümkünsüzdür. Artıq bir çox dövlətlər bu sosial şəbəkənin qadağan edilməsi haqqında qərar qəbul edib. ABŞ, daha sonra Hindistan sözügedən tətbiqin Hindistanın suverenliyinə və ərazi bütövlüyünə zərər verdiyi qənaətinə gəlib və platformanı qadağan edib. Tətbiqin ölkənin müdafiəsinə, dövlət təhlükəsizliyinə və ictimai vəziyyətə zərərli olduğu bildirilib.

İnternet və sosial media platformaları mesajların istifadəsi və idarə edilməsi baxımından dünya kütlələrinin ürəyini və düşüncəsini qazanmaq üçün növbəti böyük bir döyüş meydanı olub. Hansı dövlətlərin mesajı ən təsirli şəkildə idarə edib ötürəcəyi sualı getdikcə daha çox əhəmiyyət kəsb edəcək. Bir şey aydındır, sosial mediada informasiya axınını idarə edən kütləni idarə edir. Kütlələri idarə edən dövlət isə müharibələrdə qalib gəlmək qabiliyyətinə sahib olan dövlətdir.
Strategyvision.org

Teq: Psixologiya-müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar