Bütün hərbi əməliyyatlar psixoloji güclə və onların təsirləri ilə iç-içədir – STRATEQ BAXIŞI

 Bütün hərbi əməliyyatlar psixoloji güclə və onların təsirləri ilə iç-içədir –  STRATEQ BAXIŞI
1038     15:24     12 08 2021    
Bir münaqişənin psixoloji aspektləri onun fiziki ölçüləri qədər vacibdir. Psixoloji əməliyyatlar informasiya əsrində, xüsusən sosial-psixoloji sahədəki təhlükənin daha qabarıq olduğu dövlətlər üçün daha da aktuallaşıb. Terrorizm təhlükəsi ilə mübarizə apararkən psixoloji aspektlər böyük əhəmiyyət kəsb edir, çünki terrorçular şiddəti fiziki cəhətdən təsir etmək əvəzinə kütləni qorxutmaqla psixoloji silah kimi istifadə edirlər və bu mənada psixoloji müharibə də aparırlar. Psixoloji əməliyyatların aktuallığı taktiki əməliyyatların uğurlu aparılmasından daha çoxdur.

Soyuq Müharibənin bitməsindən sonra beynəlxalq münasibətlərin dəyişən dinamikası və xüsusilə 11 sentyabrdan sonra dünyanın strateji mənzərəsindəki dəyişikliklər psixoloji əməliyyatları daha aktual etdi. Təbliğat (propaqanda), informasiya müharibəsi və qavrayışların idarəedilməsi kimi müxtəlif əlaqəli terminlər bu dövrdə daha da məşhurlaşıb.

“Dünyada yalnız iki güc var: qılınc və ağıl. Uzun müddət davam edən mübarizədə ağıl həmişə qılıncı məğlub edir”.

Napoleon Bonapart

Tarixi Perspektiv

Təbliğat və psixoloji müharibələr bəşəriyyətin özü qədər qədimdir. Zəif aktorlar hər zaman özlərini mövcud olduqlarından daha güclü göstərməyə çalışıblar.

“Psixoloji müharibə” və “Psixoloji əməliyyatlar” terminləri əksər hallarda insan qarşıdurması və ya mədəniyyətlərarası qrup münasibətləri qədər köhnə fəaliyyətdir. Psixoloji müharibə terminindən ilk dəfə 1920-ci ildə, psixoloji əməliyyatlardan isə 1945-ci ildə istifadə olunub.

İngilis hərbi analitiki və tarixçisi J.Fullerin 1920-ci ildə Birinci Dünya Müharibəsi dövründə əldə etdiyi təcrübələrlə yazdığı elmi təhlillərində “Psixoloji müharibə” terminindən ilk dəfə istifadə edildiyi bildirilir: “Ənənəvi mənasında müharibə psixoloji müharibə ilə əvəz edilə bilər, burada silah istifadə edilmir”. “Psixoloji əməliyyatlar” termini 1945-ci ilin əvvəllərində ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı (daha sonra kontr-admiral) Ellis Zaxariasın bu termini Yaponiyanın təslim olmasını sürətləndirmək üçün təyin olunmuş bir əməliyyat planında istifadə etdiyi zaman da istifadə edilib.

Tarixən psixoloji əməliyyatların bu və ya digər şəkildə tətbiq edilməsi müharibənin uğurlu aparılması üçün əsgərlərin sayı və silah istifadəsi qədər vacib hesab olunub. Amma bir çox araşdırmaçılar qeyd edir ki, hədəfə minimum itki ilə çatmaq üçün istifadə olunan bu əməliyyatlar hərbçilər arasında çox diqqət görməyib. Ənənəvi müharibələrin xərcləri və cəmiyyət üzərində ümidsizlik və psixoloji təzyiq mühiti kəşfiyyat xidmətləri və dövlətlərin əlaqədar qurumlarını asimmetrik müharibə anlayışına yönəltdi.

Müasir dövr qloballaşma konsepsiyasının formalaşdırdığı bir prosesi əks etdirir. Müharibə və qarşıdurma da qloballaşma ilə dəyişən aparıcı hadisələrdir. Təhlükə qavrayışı ümumiyyətlə Soyuq Müharibənin sonuna qədər adi silahların olması idi, qeyri-qanuni fəaliyyətlər Sovet İttifaqının parçalanması ilə klassik müharibə təhlükəsinin qarşısını aldı. Dövlət olmayan aktorların ön planda olduğu Dördüncü Nəsil Müharibə modelində psixoloji fəaliyyətlər son dərəcə vacib yer tutur. Klassik silahlar, ənənəvi fəaliyyətlər və ənənəvi müharibələrin iqtisadiyyatda verdiyi ziyan, bunların qeyri-insani çərçivəsi, insanlar üzərində yaratdığı qorxu və dəhşət dövlətləri və qrupları və ya qeyri-dövlət təşkilatlarını psixoloji fəaliyyətlərə istiqamətləndirdi.

Psixoloji müharibə, psixoloji əməliyyat və təbliğat kimi ümumiyyətlə bir-birinin əvəzində istifadə olunan anlayışlar məqsəd baxımından bir-birinə oxşasa da, hədəf auditoriya ilə onu həyata keçirənlər arasındakı fərqə görə bir-birlərindən fərqlənirlər.

Alman strateqi Karl fon Klauzevits yazırdı ki, bütün hərbi əməliyyatlar psixoloji güclə və onların təsirləri ilə iç-içədir. Bundan başa düşüldüyü kimi müharibənin psixoloji aspekti həm hərbi əməliyyatları, həm də silahsız metodlarla fəaliyyət sahəsini əhatə edir.

Psixoloji müharibə bir dövlətin digər dövlət üzərində milli maraqlarını həyata keçirmək üçün hədəf auditoriyasının hisslərinə, düşüncələrinə, münasibətlərinə və davranışlarına təsir etmək və dəyişdirmək üçün təşkil edilir. Psixoloji müharibə silahları ümumiyyətlə ürəkləri və beyinləri tutmağı hədəfləyən sözlərdən, simvollardan və şüarlardan ibarətdir.

Bu yazıda bizim diqqət edəcəyimiz əsas mövzu psixoloji müharibənin əsas forması olan təbliğat (propaqanda) olacaq. Propoqanda sözünün etimoloji mənşəyi Latınca “propoger” konsepsiyasına əsaslanır. Bir toplumun düşüncələrini, hisslərini, davranışlarını və hərəkətlərini təsir etmək və ya dəyişdirmək üçün yayımlanan məlumatlar, sənədlər, təlimlər və fikirləri ifadə etmək üçün bu sözdən istifadə edilir.

Təbliğat istər hərbi, istər siyasi, istərsə də iqtisadi olsun, xüsusi bir məqsədə çatmaq üçün müəyyən bir qrupun hiss və düşüncələrinə təsir göstərmək üçün ümumi və ya kütləvi ünsiyyət vasitələrinin planlı şəkildə istifadə edilməsidir. Bu, həm də qarşı tərəfin doktrinaları və məlumatlarının mənimsəməsi fəaliyyətidir

Başqa sözlə, təbliğat bir şəxsin və ya qrupun inanclarına, düşüncələrinə və hərəkətlərinə təsir göstərmək üçün hazırlanmış xəbərlərin, istəklərin və fikirlərin mütəşəkkil istifadəsidir. Bundan əlavə, bir dövlətin daxili və xarici siyasətini dəstəkləmək, nüfuzunu qorumaq və dəstək qazanmaq üçün təlim və prinsiplərin yayılması da təbliğatın tərkib hissəsidir.

Təbliğat bir qrupun inanclarını və sadiqliklərini yavaş-yavaş məhv etmək üçün də istifadə edilə bilər. Məsələn, potensial tərəfdarlarının diqqətini başqa məsələlərə yönəltmək, bölüşdür və fəth etmə taktikası ilə ortaq bir məqsəd güdmək əvəzinə bir-birləri ilə qarşılaşan kiçik qruplar yaratmaq və ya liderləri nüfuzdan salmaq və hərəkətin gücünə güzəştə getmək və hərəkətin gücünü yatırmaq məqsədlərini əks etdirir.

Təbliğatçı mənsub olduğu cəmiyyət və əks cəmiyyət haqqında biliklərə sahib olmalı, təbliğat yalnız bir mərkəzdən planlaşdırılmalı və həyata keçirilməli, təbliğat düşmən siyasətinə təsir göstərməli və mövcud təbliğat şüarı hədəf auditoriyanın diqqətini çəkərək saysız-hesabsız təkrarlanmalıdır.

ABŞ-ın Vyetnam müharibəsində qalib tərəf olmaması və uzun müddət davam edən müharibə mühitinin ABŞ cəmiyyətinə mənfi təsirlərini aradan qaldırmaq üçün Silvester Stallonenin rol aldığı “Rambo” serialı təbliğat və kütləvi informasiya vasitələri arasındakı mürəkkəb əlaqəni ortaya qoyur. Zəfər və qəhrəmanlıq bu film seriyası ilə Amerika cəmiyyətinin yaddaşında şifrələnməyə çalışıldı. Və ya “Rokki” filmi özündən iki dəfə böyük bir rus boksçunu nokaut edən yarı-peşəkar bir Amerika boksçusu da təbliğatın məşhur nümunələrindəndir.

Təbliğatı insanlara məğlubiyyəti unutdurmaq, qarşı tərəfin fikrini və ideologiyasını alçaltmaq və qələbəni qalıcı hala gətirmək üçün həyata keçirilən psixoloji fəaliyyətlər olaraq da izah etmək mümkündür.

Təbliğat fəaliyyətləri mənbələrinə görə beş qrupa bölünür:

Ağ təbliğat: Hədəf və mənbənin bilindiyi bir təbliğat növüdür. Rəsmi qurumlar tərəfindən aparılan ağ təbliğatın hədəfi ictimai rəyə təsir göstərməkdir.

Boz təbliğat: Mənbənin bilindiyi, lakin hədəfin göstərilmədiyi bir təbliğat növüdür.

Qara təbliğat: Mənbə məlum deyil, əsasən yalan dəlillər və böhtanlardan istifadə olunur. Yalan həqiqət olaraq hədəf auditoriyasına təqdim olunur. Məqsəd hədəf ölkədəki qalıcı inancı və düşüncəni ortadan qaldırmaq, cəmiyyəti qütbləşdirmək, sosial-iqtisadi düzəni pozmaq, dövlətə və orduya olan inamı sarsıtmaq və ya məhv etməkdir.

Silahlı təbliğat: Şiddət fenomenini qəbul edən təşkilatlar tərəfindən istifadə edilən bir üsuldur. Ümumiyyətlə, terror təşkilatları tərəfindən qəbul edilən silahlı təbliğat terror aktlarının ictimaiyyətə elan edilməsi və bu istiqamətdə dövlət hakimiyyətinin zəiflədilməsi üçün həyata keçirilir.

Qarışıq təbliğat: Ağ, boz, qara və silahlı təbliğatın birlikdə istifadə olunduğu bir təbliğat növüdür.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar