Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi yaradılır

  Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi yaradılır
641     09:57     30 06 2022    
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Məlumata görə, səfər çərçivəsində qurumun yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1 000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.

Proqram çərçivəsində tədrisi Bakıda “Technion” Universitetinin professor-müəllim heyəti aparacaq. Bu yaxınlarda proqrama qəbulun elan olunması nəzərdə tutulur.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır. Mərkəzdə təlimçilərin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq və bu istiqamətdə olan çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.

“Technion” Universitetinin qabaqcıl təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi kibertəhlükəsizlik üzrə milli insan kapitalının formalaşmasına önəmli töhfə verəcək. Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq. Məzunlara “Technion” Universitetinin sertifikatı təqdim olunacaq.

“Bu gün “Technion” Universiteti ilə birgə ölkəmiz üçün vacib sahələrdən biri - kibertəhlükəsizlik üzrə əməkdaşlığın bünövrəsini qoyduq. Ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq. Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan “Technion” Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk!", - R.Nəbiyev qeyd edib.

“Technion” Universitetinin prezidenti, professor Uri Sivan sözügedən əməkdaşlığın qurulmasından çox məmnun olduğunu, gələcəkdə onun daha da genişləndirilməsinə ümid etdiyini bildirib: “Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər”.
Strategyvision.org

Teq: Azərbaycan   Kibertəhlükəsizlik  


Oxşar məqalələr
Son əlavə olunanlar