Kiber müharibə: Atrubusiyadan çəkindirməyə

  Kiber müharibə:  Atrubusiyadan çəkindirməyə
95     13:22     30 09 2024    
Dünya səviyyəsində hökumətlərə qarşı milli dövlətlərin hakerləri tərəfindən edilən kiber hücumların sayı artmaqda davam edir. Çox vaxt təhlükəsizlik üzrə mütəxəssislər dövlətlər arasında kiber mübahisələrə toxunarkən informasiya müharibəsi terminindən istifadə edirlər. Ənənəvi hərbi hücumlarda olduğu kimi kiber hücumlar da fiziki ziyana səbəb ola bilər. Xüsusən də spesifik strategiyalara əsasən milli dövlətin aktorları düşmənlərinin kritik infrastrukturunu hədəf ala bilərlər.

Kiber mübahisələr gizli və asimmetrikdir. Əksər hallarda dövlət dəstəkli aktorlar təxribat və kiber casusluq üçün düşmənin informasiya sistemlərinə qarşı ölümcül olmayan hücumlar həyata keçirirlər. Bu da informasiya müharibəsinin artmasının dəlilidir.

İkinci Dünya müharibəsindən sonra kiber müharibə ən qabaqcıl döyüş zonasına çevrilib. Bəs bu imkandan ən çox faydalanan qlobal aktorlar hansılardır?

Daha böyük kinetik müharibə qabiliyyətinə malik “super güc dövlətləri” adlandırılan böyük dövlətlərə qarşı kiçik dövlətlərin hücumedici kiber döyüş qabiliyyətlərinin inkişafı onlara strateji üstünlük verir və güclər balansının üstünlüyünü sürətlə dəyişir.

İnformasiya müharibəsi demək olar ki, hər bir hökumət üçün cəlbedicidir. Bu müharibə üçün bacarıqların inkişaf etdirilməsi və yerləşdirilməsinin aşağı qiyməti, kiber müharibə silahlarının inkişafı və səfərbər edilməsi zamanı minimum nəzərə çarpıcılıq, dayandırılmasının çətinlikləri, sülh dövründə də hücum etmək imkanı, böyük dövlətlərin həyati infrastrukturdan böyük asılılığı kimi amillər informasiya və kiber müharibəni cəlbedici edir.

İnformasiya müharibəsi nədir?

Media tərəfindən daha çox sui-istifadə edilən bu termin üçün bir çox təriflər var. ABŞ-ın Milli Müdafiə Universitetinin professoru Den Kuehl informasiya müharibəsini “informasiya mühitində iki və ya daha çox qrup arasında münaqişə və ya mübarizə” kimi təyin edir. Bu o deməkdir ki, termin düşmənin informasiya mühitini və onun fəaliyyətini inkar etmək, istismar etmək, korlamaq və ya məhv etmək üçün hər hansı bir hərəkətə müraciət etmək kimi qəbul edilə bilər.


İnformasiya müharibəsinin arxasındakı əsas konsepsiya “kiber qabiliyyət” adlandırılan konsepsiyadır. Bu qabiliyyət bir kiber ordunun öz sistemlərini kiber hücumlardan qorumaq və ya arzulanan hədəfə hücum etməyi mümkün edən imkandır.

Bu gün dünyada demək olar ki, bütün hökumətlər bu cür qabiliyyətləri inkişaf etdirmək üçün milyardlarla investisiya edir. ABŞ, Böyük Britaniya, İsrail, Çin və Rusiya ən inkişaf etmiş ölkələr hesab edilir, lakin son dövrlərdə İran və Şimali Koreya kimi ölkələr də güclü bir şəkildə kiber arenaya daxil olurlar. İnformasiya müharibəsi terminin analizinə daha çox dərindən yanaşdıqda, hərbi ekspertlər tərəfindən göstərilən kiber imkanların kiber hücum texnikaları, elektron müharibə, kiber savaş və psixoloji əməliyyatların birləşməsi olduğunu müşahidə edə bilərik.

Bəs infrstrukturlarımız kiber hücumlara qarşı möhkəmdirmi? Kiber hücumlara qarşı ən dayanıqlı ölkələr hansılardır?

Hər birimiz kiber hücumlara qarşı həssasıq, hücum sferasının artması sistemimizi kiber təhlükələrə məruz qoyur və milli dövlət aktorları bunu bilir.

Dünya İqtisadi Forumu hökumətlər və onların kiber hücumlara qarşı dayanıqlılığı ilə bağlı maraqlı məlumatları paylaşıb. Ölkələrin kiber təhlükəsizliyə dair öhdəliyini ölçmək üçün çoxtərəfli tərəfdaşlıq təşəbbüsü olan “Global Cyber Security Index” (Qlobal Kibertəhlükəsizlik İndeksi) müəyyənləşdirilib. Hər bir ölkə üçün beş kateqoriyalı təhlil aparılıb: Hüquqi Tədbirlər, Texniki Tədbirlər, Təşkilati Tədbirlər, Potensialın gücləndirilməsi və Əməkdaşlıq.

ABŞ, kibertəhlükəsizliyə istiqamətlənən əhəmiyyətli dərəcədə işlər görüb, çünki ölkə təhdid aktorlarının başlıca hədəfidir. ABŞ bu səbəbdən də, innovativ texniki tədbirlərin qəbul edilməsinə və həmçinin hüquqi tədbirlərə böyük həcmdə investisiya qoyur. Təəccüblüsü isə İsrail və Böyük Britaniya kimi ölkələrin sıralamalarda tutduğu yerdir. Mütəxəssislər bu ölkələri kiber məkanda ən qabaqcıl dövlətlər arasında görürlər. Müsbət tendensiyalar isə Oman, Malayziya və Norveç kimi ölkələr tərəfindən kiber strategiyalara dair qərarların qəbul edilməsidir.

İnformasiya müharibəsinin anatomiyası

Biz çox sıx əlaqəli bir dünyada yaşayırıq, informasiya kommunikasiyası hər bir ölkənin həyati əməliyyatları üçün vacibdir. Lakin biz bu əməliyyatların elektron döyüş vasitələrinin hücumunun əsas hədəflərindən biri olduğunu düşünmək məcburiyyətindəyik. Birja, hava nəqliyyatının idarə edilməsi sistemləri, bank sistemləri, müdafiə sistemləri hədəf ölkəni xaosa gətirən bir kiber hücum nəticəsində zərər verilə biləcək komponentlərin sadəcə bir neçə nümunəsidir. İnformasiya müharibəsi yalnız haker hücumları demək deyil; psixoloji əməliyyatlar hər hansı bir hərbi strategiyanın mühüm komponentləridir. Xüsusi hazırlanmış məlumatların yayılması ilə bir ölkəni destabilizasiya etmək və ya əhalinin ruh yüksəklliyini məhv etmək və bununla da hərbi əməliyyatların başlandığını demək mümkündür.


İnformasiya müharibəsi bu gün elektron müharibə, kiber müharibə və psixoloji əməliyyatların nəticəsidir. Bütün bu konsepsiyalar hökumətlər tərəfindən hücum və müdafiə məqsədləri üçün tətbiq olunur. Gələcəyin müharibəsi üçün yeni qaydaları müəyyən etmək, yuxarıda göstərilən bütün aspektləri təhlil etmək və hər hansı bir ölkə tərəfindən qlobal səviyyədə qəbul edilmiş bir sıra qaydaların müəyyənləşdirilməsini nəzərdə tutur.

Kiber təhlükəsizlik üzrə mütəxəssislər, siyasətçilər və diplomatlar qaydaların müəyyənləşdirilməsi məsələsində əməkdaşlıq edirlərsə də, bu, çətin məsələdir. Milli dövlət aktorları, yeni nəsil inkişaf etmiş kiber silahlarla bu sahədə hüquqi tənzimlənmənin çatışmazlığından sui-istifadə edirlər. Bu hamının hamıya qarşı müharibəsidir. Bu müharibədə kiber terrorçular və kiber cinayətkarlar kimi yeni aktorlar narahatlıqların əhəmiyyətli hissəsini təmsil edir.

Hökumətlərin kiber müharibəyə qarşı tədbirləri nələrdir?

Demək olar ki, bu gün hər bir dövlət “qeyri-ənənəvi müharibə” üçün təyin edilmiş birliklərinin sayını artırır.

2015-ci ilin martında, federal rəsmilər, ABŞ ordusu Kiber Komandanlığına 3000 kiber ekspert işə götürmək üçün yaşıl işıq yandırıldığını açıqladı. Bir il sonra, Amerika Birləşmiş Ştatları Dəniz Piyada Korpusu, “Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu” adlanan yeni haker dəstək birliyini yaratdı.


Yeni yaradılan Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu ABŞ hökuməti tərəfindən 2010-cu ildə yaradılan ABŞ Dəniz Piyada Korpusunun Kiber qüvvələrinə dəstək verəcək.

Kiber Döyüş Qrupu ABŞ Dəniz Piyada Korpusunun infrastrukturunu kiber hücumlardan qoruyacaq. Bu səbəbdən, bu qrup kiber təhdidlərə qarşı bir növ virtual “təhlükəsizlik divarı” kimi təsvir edilir.

“Kiber əməliyyatlar bütövlükdə şəbəkənizin daxili istifadə üçün təhlükəsiz olmasını təmin edən bir şeydir. Bu bir “wi-fi router” satın aldığınız kimi onu quraşdırmaq, parol və şifrələmə qurmaq kimidir.

Kiberməkan əməliyyatları sistemlərimizin hakerlərin ona daxil olmasını dayandırmaq üçün təhlükəsiz olmasını təmin edir. Bu elə bir sistemdir ki, bizim şəxsi məlumatlarımız və hər şey saxlanılır. Bu əməliyyatlarla biz düşmənin hücumlarının qarşısını necə almalı olduğumuzu test edirik”, - deyə qrupun üzvü çavuş Brayn Müller qeyd edib.

Aşağıda yeni haker birliyinin və onun funksiyalarının rəsmi təsviri qeyd olunub:

“Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu komandiri qrupu təşkil edir, təlimlər keçirir, təchizatla təmin edir, inzibati dəstək verir, hazırlıqlarını idarə edir və Kiber Missiya qüvvələrinin komandalarının yaradılmasını və onların sertifikatlaşdırmasını ABŞ Kiber Komandanlığına təqdim edir. Kiber Döyüş Qrupu tam spektrli kiberməkan əməliyyatlarını planlaşdırır və həyata keçirir, o cümlədən ABŞ Dəniz Piyada Korpusunun Kiber Qüvvələri tərəfindən birgə tələblərin yerinə yetirilməsi üçün dəstək qrupu qismində idarə olunur”.

Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu ABŞ Dəniz Korpusunun rəsmi veb səhifəsində bu şəkildə təsvir olunub:

“Bənzər bir yanaşma Böyük Britaniya hökuməti tərəfindən də qəbul edilib. Britaniya Ordusu iki yeni kiber vahid: 77-ci Batalyon və 1-ci Kəşfiyyat, Müşahidə və Araşdırma Briqadasını yaradıb. 77-ci Batalyon psixoloji əməliyyatlarda ixtisaslaşmış sosial media ilə yaxından tanış olan əsgərlərdən ibarət bir kiber bölmədir. 1-ci Kəşfiyyat, Müşahidə və Araşdırma Briqadası isə elektron müharibə və kəşfiyyat qabiliyyətlərini özündə ehtiva edir”.

Kiber müharibə dövlətlərarası münaqişələrin əsas vasitəsi kimi

Bu gün öncəki zamanlardan daha çox, ölkələr kiber təhdidlərə və faktorlara məruz qalır. İnternetin nüfuzunun artması və həyati infrastrukturun (enerji, elektron poçt, fövqəladə hal sistemləri, kəşfiyyat şəbəkələri, hərbi kommunikasiya, silahlar və s.) kiberməkandan asılılığı informasiya müharibəsini gələcəkdə dövlətlərarası münaqişələr üçün əsas vasitə halına gətirəcək.


Bəzi dövlətlər kiber hücum qabiliyyətlərindən daha çox faydalanır. Bu ABŞ-ın inkişaf etmiş hərbi qüvvələrinə bərabər olan kinetik müharibə (ənənəvi silahlarla) qabiliyyətinə malik olmayan Çin üçün keçərli haldır. Hər halda, kiber müharibə bu asimmetrik münasibətlərə qarşı sağlam bir balanslaşdırıcı amildir.

Güclü bir kiber müharibə qabiliyyətinin inkişafı nüvə imkanı kimi ənənəvi silahlarla nibətdə daha az iqtisadi, insan və geosiyasi qaynaqları sərf edir. Artan sayda mütəxəssislər nüvə potensialı və kiber döyüş potensialını müqayisə etməyə başlayır. Əlbəttə ki, nüvə qabiliyyəti hərbi gücün maksimum ifadəsidir.

Bu günə qədər dövlətlər, nüvə silahları kimi kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün sıx bir dialoqa davam edir. Lakin yeni nəsil silahlar da buna bənzər yanaşmanı ortaya qoyur.

Kiber silahların yayılmasına nəzarət etmək çətindir. Halbuki oxşar zərərli kodlar potensial olaraq nüvə bombasını öz təsirinə ala bilər. Həyati infrastruktura qarşı bir kiber hücum bir çox insanın həyatını itirməsinə səbəb ola bilər və nüvə bombasının ətraf mühitə yaydığı təsirlə eyni ola bilər. Nüvə stansiyasında SCADA sistemlərinə qarşı kiber hücumun baş verdiyini və onun təsirlərini düşünmək olar.

“İnternet təhlükəsizliyinə nəzarət oluna bilməzsə, təsirləri bir nüvə bombasından daha az ola bilməz desək yalan olmaz”, - deyə Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi General Fanq Fenqhui, 2013-ci ilin aprel ayında vurğulayıb.

Eyni ildə ABŞ Dövlət Katibi Con Kerri 2013-cü ilin yanvar ayında kibertəhlükəsizlik məsələsinə toxunub: “Mən bunu 21-ci əsrin nüvə silahı ekvivalenti adlandıracağam”.

Digər hərbi liderlər və siyasətçilər əsaslı olaraq müxtəlif nüvə və kiber silah sistemləri arasında oxşarlıq olması barədə fikirlərini ifadə ediblər. ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Admiral Maykl Rocerz və Milli Kəşfiyyat üzrə Direktor Ceyms Klapper də kiber silahların yaratdığı təhlükənin nüvə silahları ilə müqayisə edilə biləcəyini və ya daha çox olduğunu açıqlamışdılar.

Ancaq hazırda bir çox skeptiklər strateji kiber silahların sadəcə olaraq nüvə silahlarının əsas çəkindirici xüsusiyyətlərini özündə əks etdirmədiyini iddia edirlər.

Bir kiber silahın çəkindirici (düşmən tərəfini öz potensialı vasitəsilə qorxudaraq yayındırma) xarakteristikalarına toxunaraq aşağıdakıları təsdiq edə bilərik:


Tamamilə dağıdıcılıq: Bu günə qədər kiber silahlar çox az fiziki olaraq məhvə yol açıb. “Stuxnet” kimi zərərli proqramlar potensial olaraq həyati vacib infrastrukturu dağıda bilər. Nüvə silahının dağıdıcı gücü bir kiber silahın təsiri ilə müqayisə edilə bilər. Kiber silahlar həyatımızı təhdid edə bilər və son dövrlərdə edilən araşdırmalar bu silahların hədəfə ciddi zərər verə biləcəyini göstərir.

Dağıntının dəqiqliyi: Bu, kiber silahlarla bağlı ən zəif cəhətdir. Hədəfinə atılan nüvə bombasının dəqiq olaraq dağıntı yaradacağı məlumdur. Bu, kiber silahlara şamil oluna bilməz. Kiber “yüklər”in çatdırılması strateji kiber silahların çəkindirici qüvvə olaraq etibarlılığını zəiflədir. Bir kiber silahın təsirləri hücum vektorunun səmərəliliyindən və hədəf alınan sistemlərdə zəifliklərin mövcudluğundan asılıdır. Bu aspekt kiberməkanda çəkindirmə prinsiplərinin tətbiqi mümkünlüyünü xeyli azaldır. ABŞ prezidenti Barak Obama, kiber silah üçün dağıntının əminliyi barədə belə deyib: “Nüvə silahları ilə bağlı, iki yol var. Ya nüvə partlayışı yoxdur, ya da böyük bir partlayış var və bu həqiqi bir problemdir. Amma kiber məkanda hər cür seçim var”.

Ümumi anlayış: Strateji kiber silahların istifadəsini əhatə edən müzakirələr, kiber hücumların artması səbəbindən sürətlə yüksək səviyyəyə çatır. Hökumətlərin strateji kiber silahlarının ümumi anlayışını paylaşması çox vacibdir.

İnformasiya müharibəsinin effektivliyini daha yaxşı başa düşmək üçün, xüsusən daha kiçik ənənəvi silahlı və daha az texnologiyalı hərbisi olan dövlətlər üçün, asimmetrik müharibənin əsaslarını nəzərə almalıyıq. Kiber müharibə qabiliyyətləri xüsusilə zəif tərəf üçün asimmetrik müharibədə mühüm bir üstünlük təşkil edir. Məsələn, İran və Şimali Koreya kimi ölkələrin təmsil etdiyi təhlükəni düşünək. Onların kiber qoşunları dünyanın bütün sistemlərini hədəfə almağa davam edir.

Ənənəvi müharibədəki qarşı oxşar hücumlar hegemon qüvvə tərəfindən kiçik dövlətə qarşı qəti cavab tədbirinə səbəb olardı. Ancaq kiber müharibə kontekstində müxtəlif faktorlar səbəbiylə hadisələr fərqli bir şəkildə gedir.

Asimmetrik konfliktlərdə, təcavüzkarların müdafiəçilər üzərində üstünlüyü var. Hücumları istənilən zaman başladıla bilər və hücum təhdid aktorunun vəzifəsini yerinə yetirdikdən illər sonra aşkar edilə bilər.

İnformasiya müharibəsi ilə bağlı olan digər bir problem, milli infrastrukturu bir kiber hücuma qarşı müdafiə etmək məsuliyyətidir. Bir çox agentliklər və özəl sektor hadisənin cavab verilməsinə cəlb oluna bilər. Bu, təşkilatların kiber hücuma əlaqəli cavabını çətinləşdirən bir vəziyyətdir.

Zəif ölkələr üçün strateji silah kimi kiber müharibə imkanı ən uyğun variantdır. Kompüterlər, rabitə, onlayn şəxsiyyəti gizlətmək bacarığı və anonim şəkildə fəaliyyət göstərmək, “sıfır gün” istismarlarının mövcudluğu hər hansı hücumçunu Rusiya, Çin, ABŞ kimi super gücə malik dövlətlərə qarşı belə, təhlükəli düşmənə çevirə bilər. Bu bir növ kiber demokratiyadır.

Çəkindirmə

Kinetik müharibə ssenarisində çəkindirmənin mühüm bir rolu var, lakin kiber müharibədə çəkindirmənin fərqli mənası var. Demək olar ki, hər bir dövlət kiber imkanları inkişaf etdirmək və öz arsenalları üçün effektiv kiber silahların hazırlanması üçün çalışır. Heç kim onları tutub saxlamağa çalışmır. Şimali Koreya, ehtimal ki, ən çox kiber hücum qabiliyyətlərinin inkişafına sərmayə qoyan ölkədir. Kiber məkanda çəkindirmə ilə məşğul olmaqda başlıca problem ölkələrin kiber təhdidlərə qarşı müxtəlif təsir imkanlarına malik olmasıdır. İran və Şimali Koreya kimi zəif olan ölkələrin ABŞ və Avropa ölkələrinə nisbətən məhdud təsiri var. Amma bu onların kiber hücumlara qarşı bərabər həssaslıqda olmadıqlarını göstərir. Bu şərtlərdə, kiber hücumların nüvə müharibəsi imkanları ilə bərabərləşdirilməsi ilə eyni olmayacaq.


Kiber müharibə təşviqləri ölkələri daha az risk almaqla digər ölkələrlə kiber mübahisələrdə mənfəətlərini maksimum dərəcədə artırmaq üçün istifadə olunur. Bu baxımdan texnoloji cəhətdən inkişaf edən ölkələr kiber müharibəyə qarşı daha çox həssasdırlar.

Çəkindirmənin məqsədi digər ölkələrə qarşı kiber hücumların başlanması üçün hökmran dövlətləri çəkindirməkdir. “Çəkindirmə” konsepsiyasının başqa bir problemi ölkələrin hücum mənbəyini (atribut) və təhdid aktorlarının motivasiyasını ayırd edə bilməsi qabiliyyətidir. Hər iki aspekt kiber müharibədə vacibdir.

“Bu məqamda onu qeyd etmək lazımdır ki, kiber hücumları həyata keçirən hakerlər üçün yaxalanma riskinin az olması başqa bir problemdir. Əgər cəzaların sərtləşdirilməsi ilə hakerlərə başa salmaq mümkün olsa ki, etdikləri hərəkətin qarşılığında alacaqları cəza böyükdür, bəlkə bu onları belə hücumlar etməkdən çəkindirə bilər”, - deyə Patrik Sirenza qeyd edib.

Kiber müharibə təsirli bir cəza növü kimi bir çox faktorlardan yararlanır: Ölkənin hücum qabiliyyətini təmsil edən kiber silahların mövcudluğu, təhlükənin etibarlılığı, təhlükəli mesajı potensial rəqiblərə və beynəlxalq ictimaiyyətə çatdırma qabiliyyəti.

Kəşfiyyat və təhlükəsizlik mütəxəssisləri həm iqtisadi, həm də hərbi təhdidlərdən başqa bir hökumətə qarşı kiber müharibədə istifadə edərək, bir milli dövlət aktorunun qarşısının alınmasında təsirli ola biləcəyini güman edirlər.

Əlaqələndirmə

Kiber hücumların əlaqələndirilməsi kiber müharibədə çox çətindir və texniki, hüquqi, o cümlədən siyasi cəhətlər də daxil olmaqla bir çox aspektləri əhatə edir.

Əlaqələndirmə çoxmiqyaslı bir məsələdir. Məhkəmə analizləri, kəşfiyyat hesabatları, tarix və geosiyasət də daxil olmaqla bir çox məlumat mənbəyinin təhlili lazımdır.

Kiber müharibə kontekstində, beynəlxalq ictimaiyyətin icazəsi ilə qarşı hücum edilmədən əvvəl ilkin kiber hücumun təsbit edilməsi lazımdır. Bu, müdafiəçilərə hücumun mənbəyini müəyyən etmək qabiliyyəti ilə yanaşı effektiv müdafiə tədbirləri tətbiq etməsinin lazım olduğu deməkdir.


Əlaqəndirmə problemi ilə məşğul olan zaman, kiber məkanda dövlətlər tərəfindən və qeyri-dövlət aktorları tərəfindən həyata keçirilən hərəkətləri ayırmaq lazımdır.

Terror təşkilatları və mütəşəkkil cinayətkar qruplar kimi qeyri-dövlət aktorları, BMT Nizamnaməsinin 2 (4) maddəsi ilə məsuliyyət daşımaq üçün hər hansı bir dövlətlə əlaqələndirilməlidir. Gerçəklik göstərir ki, əlaqələndirmə problemi olduqca mürəkkəbdir və həmişə həll edilə bilən deyil, yəni kiber müharibə ssenarisində təcavüzkarlara qarşı əks-hücum başlamaq mümkün deyil.

“Worldwideweb – www” sistemlərdən və şəbəkələrdən ibarətdir. Bu, yaradılarkən əlaqələndirmə nəzərə alınmaqla inkişaf etdirilməyib. Buna görə də əlaqələndirmə kiber insidentin idarə edilməsində və onların cavabdehliyində əsas problem hesab olunur.

Xoşbəxtlikdən, bu mövzuda təhlükəsizlik mütəxəssislərinin böyük maraqlarından dolayı əlaqələndirmə imkanları artır. On il əvvəlki şeylər artıq dəyişir. Günümüzdə təhlükəsizlik mütəxəssisləri kiber məkanda müəyyən bir təhdid aktorunun fəaliyyətinə dair şübhəli fəaliyyəti izləməyə və araşdırmağa imkan verən vasitələrə sahibdir. Hökumətlər bu sahəyə investisiyalarını artırırlar. Onlar yeni dövlətlərə, o cümlədən milli dövlət hakerləri daxil olmaqla, təhdid aktorlarının profilinə dair məlumat imkanı verən yeni proqnozlaşdırıcı modelləri müəyyən etməyə çalışırlar.

Digər tərəfdən, bədniyyətli aktorlar yeni mürəkkəb üsullar tapırlar. Bu onların uzunmüddətli axtarış altında qalmalarına imkan verir. Bu da əlaqələndirmə problemi ilə məşğul olunan zaman daha bir çətinlik elementini ortaya çıxarır.

Bağlı platformaların sayının artması qaçınılmaz olaraq yeni hücum vektorları təklif edir. Bu vektorlar milli strategiya çərçivəsində həll olunmalıdır. Kibertəhlükəsizlik, milli və sənaye texnologiyası strategiyalarının özülündə olmalıdır.

Əlaqələndirmə ilə bağlı hüquqi hökmlər həmişə müəyyən qədər qeyri-müəyyənlikdə olacaq ki, bu da kiber müharibənin bir xüsusiyyətidir. Bu qeyri-müəyyənlik hökumətin iddia edilən təcavüzkarlara qarşı münasib cavabını verməli olduqda siyasətdə və siyasi qərarlarda öz təsirini saxlayacaq.

Nəticələr


- Kiber savaş, hər hansı bir hökumət üçün, xüsusilə hərbi baxımdan zəif olan ölkələr üçün strateji bir fürsətdir.
- Biz kiber müharibə məsələsində ilkin faza mərhələsindəyik. Bu, diplomatik şəxsləri, siyasətçiləri və texniki personalın cəlb etmək lazım olan bir mərhələdir. Beynəlxalq ictimaiyyətin kiber döyüşü yeni bir döyüş meydanı kimi qəbul etməsi vacibdir.
- Kiber məkanda hakimiyyət hər hansı bir hökumət üçün strateji əhəmiyyət daşıyır. Göründüyü kimi, müəyyən şərtlər altında nüvə silahları ilə müqayisədə kiber silahları təhlil etmək mümkündür. Cəmiyyətimizin texnologiya təsiri ilə hücuma məruz qalması ilə baş verən kütləvi kiber hücum insan həyatına və zərərlərə səbəb ola bilər ki, bu nüvə silahları ilə müqayisə edilə bilər.
- Fəlakətli ssenarilərdən qaçınmaq üçün yeganə inandırıcı yol kiber məkanda demək olar ki, hər hansı bir hökumət tərəfindən qəbul ediləcək davranış normalarının qəbul edilməsidir. Hökumətlərin kiber məkanda dövlət davranışını tənzimləmək üçün səmərəlilik prinsipini inkişaf etdirməlidir.
- Hökumətlər arasındakı müzakirələr təsir mərkəzli, dünyada həyati infrastruktura qarşı kiber təhdidlərin potensial təsirlərini diqqətlə qiymətləndirən yanaşmaya yönəlməlidir.
- Bu təsirlərin təhlili, münaqişə vəziyyətində köməkçi ünsür kimi kiber imkanlardan istifadənin aspektlərini daxil etməlidir. Bu, beynəlxalq təşkilatların təhdidlərin müəyyənləşdirilməsi və müəyyən bir təhdid aktoruna aid olması ilə bağlı fəaliyyət göstərəcək kəşfiyyatın aparılması imkanlarını nəzərdə tutur.
- Hüquqi baxımdan kiber silahlardan istifadəni dayandıracaq və dövlətləri öz infrastrukturlarının kibertəhlükəsizliyini yaxşılaşdırmağa məcbur edəcək qanun və normaların birgə çərçivəsinin qəbul edilməsi vacibdir.

Strategvision.org
Strategyvision.org

Teq: Kiber-müharibə  


Oxşar məqalələr