Onu “XXI əsrin müharibəsi” də adlandırırlar - Hibrid Müharibə  

Onu “XXI əsrin müharibəsi” də adlandırırlar -  Hibrid Müharibə 
 
640     10:15     09 05 2021    

Artıq bir neçə ildir, hərbi müzakirələrdə “hibrid müharibə” ifadəsindən daha çox istifadə edilməyə başlanılıb, onun haqqında, xüsusilə Krımın ilhaqından, Ukraynanın Donbas vilayətindəki müharibədən sonra kütləvi məqalələr yazılıb, çoxsaatlıq müzakirələr aparılıb. Bəs “hibrid müharibə” nədir?


Latın mənşəli “hibrid” sözü iki və daha çox fərqli elementin birləşməsi mənasını verir. Hibrid müharibənin dəqiq nə olduğu barədə ümumi tərif yoxdur. Ədəbiyyatda müxtəlif təriflər mövcuddur. Buna səbəb hibrid müharibənin mürəkkəb təbiətidir.


Bir çox müəlliflər iddia edir ki, hibrid müharibə termini ilk dəfə ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti Robert Uolker tərəfindən istifadə edilib və 2006-cı ildə Livanda baş verən müharibə zamanı “Hizbullah” təşkilatının tətbiq etdiyi metod və taktikalara aid edilib.


ABŞ Quru Qoşunları “Hibrid təhdid” terminini belə izah edir: konvensional (nizamlı, ənənəvi) qüvvələrin nizamsız və (və ya) cinayətkar elementlərin qarşılıqlı fayda üçün fərqli və dinamik şəkidə birləşməsi hibrid təhdid hesab olunur. Yəni, hibrid müharibələrdə həm dövlətlərin nizami orduları, həm də dövlətlər və digər aktorlar tərəfindən dəstəklənən nizamsız təşkilatlar (qiyamçılar, terror qruplaşmaları, cinayətkar dəstələr və s.) iştirak edə bilər. ABŞ Dəniz piyadalarının keçmiş zabiti Frenk Hofman isə “hibrid müharibə” anlayışını siyasi məqsədlərə çatmaq üçün düşmənin mürəkkəb silah kombinasiyaları, partizan müharibəsi, terror və döyüş meydanında cinayətkar davranışlar kimi metodlardan eyni anda istifadə etməsi kimi izah edir.


Hibrid müharibə ənənəvi döyüş metodlarını asimmetrik elementlərlə birləşdirən hərbi strategiyadır. Bu strategiyadan istifadə edən dövlətlər nizamlı və nizamsız müharibə taktikalarını (partizan müharibəsi, qiyam) saxta xəbərlər (fake news), diplomatik müdaxilə, seçki müdaxilələri, informasiya müharibəsi kimi metodlarla sintez edir. Ukrayna böhranı dövründə istifadə edilən və beynəlxalq diqqəti cəlb edən hibrid müharibə, hətta “XXI əsrin müharibəsi” adlandırılır. Lakin bu metodlar Krım hadisələrindən əvvəl də istifadə olunmağa başlamışdı.


Hibrid müharibə konsepsiyasını gündəmə gətirən digər bir vacib məsələ nizamlı və nizamsız müharibə vasitələrinin dəyişməsi ilə əlaqədardır. Siyasi, sosial, iqtisadi və texnoloji dəyişikliklər hibrid müharibə üçün yeni alətlər yaratdı. Xüsusilə yeni texnoloji və elmi inkişaflar müharibə konsepsiyasına radikal təsirlər göstərir və mövcud hərbi anlayışlarda davamlı dəyişikliklərə səbəb olur. Mövcud texnoloji yeniliklər nəticəsində insansız sistemlər, kiber metodlar və sosial medianın təsiri kimi bir çox hərbi və hərbi olmayan yeni vasitələr getdikcə daha da sürətlə istifadə olunur. İstifadə olunan avtonom sistemlər də mövcud hərbi konsepsiyalarda köklü dəyişikliklərə gətirib çıxarır.


Belə ki, müharibənin hibridləşdirilməsi həm də hərbi sistemlərin hibridləşməsinə gətirib çıxardı. Güc strukturları, qərargah və birliklərin təşkilati strukturları, komanda-idarəetmə metodları, əməliyyat planlaşdırma sistemləri, təlim sistemləri və silahların xüsusiyyətləri artıq həm nizamlı, həm də nizamsız müharibə aparılması üçün uyğunlaşdırılıb. Son iyirmi ildə piyada qüvvələrin istifadə etdiyi zirehli maşınlarda baş verən dəyişikliklər silahların hibidləşməsinin bariz nümunəsidir. Artıq zirehli maşınlar amfibiya qabiliyyətləri (suda üzmə qabiliyyəti), gecə görmə sistemləri, mina və digər partlayıcılara qarşı müdafiə sistemləri ilə təchiz edilib. Belə xüsusiyyətlərə sahib zirehli maşınlar partizan və qiyamçılarla mübarizə, şəhər müharibələrində istifadə edilir. Müxtəlif silahlar daşıyan zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) da müharibənin hibridləşməsinin nəticəsidir.


Dövlətlər niyə hibrid müharibə strategiyasından istifadə edir?


Anarxik beynəlxalq nizamın rasional aktoru olan dövlətlər dəyişən oyun qaydalarına uyğun olaraq rasional metodlar istifadə edirlər.


İki Dünya Müharibəsində baş verən böyük dağıntılar və ardınca əldə edilən kütləvi qırğın qabiliyyətləri dövlətləri müharibələrin qarşısını almaq üçün bəzi tədbirlər görməyə vadar etdi. Bunlardan ən əsası dövlətlərin güc tətbiq etməsinin BMT razılaşmaları ilə məhdudlaşdırılmasıdır. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan və ya özünümüdafiə hüdudlarından kənarda digər dövlətlərə qarşı hərbi güc tətbiqi qadağandır. Bu ciddi irəliləyişlər İkinci Dünya müharibəsindən sonra əldə edilib.


Görünən budur ki, bu addımlar böyük güclərin praktikada bir-birlərinə nəzarət etmək səylərindən ibarətdir. Maraqlarını maksimum dərəcədə artırmağa çalışan dövlətlər ilk növbədə öz maraqlarına xidmət etdikləri müddətdə BMT Nizamnaməsi və beynəlxalq müqavilələr kimi liberal alətlərdən istifadə etməyə çalışırlar. Bu alətlər yetərli olmadıqda dövlətlərin güc tətbiq etmək üçün müxtəlif saxta gündəm yaratmaq cəhdləri artıq inkaredilməz həqiqətdir. Dövlətlər bunun üçün hibrid taktikalardan istifadə edirlər.


Hibrid müharibəyə üstünlük verilməsinin digər səbəbi isə müdaxilə olunan bölgədəki xalqın potensial müqavimətinin qarşısını almaq və fəaliyyətləri mümkün qədər gizli hala gətirərək digər dövlətlərin və beynəlxalq ictimaiyyətin müdaxilə şansını aradan qaldırmaqdır.


Yuxarıdakı göstərilən səbəblərlərə görə hibrid müharibə zamanı əməliyyatlar həm iqtisadi, həm də siyasi baxımdan baha başa gəlir.


Hibrid müharibənin əsas elementləri


Artıq qeyd etdik ki, hibrid müharibə elementləri dövlətlərin əlindəki bütün hərbi və qeyri-hərbi vasitələrlə təsir etmə potensialına sahib bütün elementləri əhatə edir. Buraya hədəf ölkədə və ya birbaşa əlaqəsi olmayan fərqli coğrafi bölgədə yerləşən təsir imkanlarına malik elementlər, xüsusən yerli aktorlar, siyasi müxalifət, ictimaiyyət və s. daxildir.


Hər bir dövlətin imkanları və qabiliyyəti təbii olaraq eyni deyil. Bir dövlətin hibrid bir əməliyyat keçirməsi üçün hücum qabiliyyətlərinə və bir sıra qeyri-hərbi qabiliyyətlərə sahib hərbi qabiliyyətləri olmalıdır.


Hərbi qabiliyyətdən söz düşəndə ​​əvvəlcə ənənəvi hərbi qüvvələr, yəni ordu yada düşür. Ordu hər zaman olduğu kimi hibrid müharibədə də əhəmiyyətli aktordur.


Qeyri-ənənəvi hərbi qüvvələr isə terrorçu ünsürlər, hədəf ölkədəki mütəşəkkil cinayətkar təşkilatlar, hədəf ölkəyə qarşı üsyan qaldıran yerli təhlükəsizlik qüvvələri və bunlara əlavə olaraq Özəl Hərbi Kompaniyalar daxildir. “Hizbullah”, İŞİD, “Həmas” və s. bir çox təşkilat hibrid müharibənin elementləri kimi sayıla bilər. Bu təşkilatlar siyasi səbəblərdən bəzi dövlətlər tərəfindən partizan və ya azadlıq döyüşçüləri də adlandırıla bilər. Əlavə olaraq, nüvə enerjisi qeyri-ənənəvi hərbi güc daxilində sayılmalı olan vacib bir elementdir.


Hibrid müharibənin hərbi olmayan elementləri də mövcuddur. Məsələn iqtisadi güc, diplomatiya, informasiya müharibəsi, kiber əməliyyatlar, yumşaq güc və s. buraya daxildir.  


XXI əsrdə müharibə qaydaları xeyli dəyişib. Siyasi və strateji hədəflərə çatmaq üçün istifadə edilən qeyri-hərbi vasitələrin rolu artıb və əksər hallarda təsir baxımından silahları üstələyib. Qeyri-hərbi qabiliyyətlər daim aktivdir, müharibə və sülh arasındakı sərhədi pozur.

Strategyvision.org

Teq: Hibrid-Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar