Güllə enerjisini dağıtmaq mümkündürmü?| Hərbi sənayedə nanotexnologiyadan istifadə

 Güllə enerjisini dağıtmaq mümkündürmü?| Hərbi sənayedə nanotexnologiyadan istifadə
1143     12:50     09 06 2021    
Hazırda bir çox ölkələrdə ordu və xüsusi qüvvələr üçün yeni şəxsi mühafizə vasitələri yaratmağa imkan verən materialların araşdırılması sahəsində çalışmalar fəal şəkildə davam edir.

İstehsalçılar zirehli gödəkcələrin çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasına, əsgəri xüsusi təzyiqli və zirehdələn mərmilərin zədəsindən və təsirindən qorumağa imkan verən nanotexnologiyalardan istifadə etməyə geniş yer verirlər.

Hazırda hazırlanan zirehli gödəkcələr yalnız mərmilərdən qorumur, onlar eyni zamanda rabitə və həyat fəaliyyətini təmin edən dəstək sistemlərini də əhatə edir. Bir çox ölkələr bu tip yeni avadanlıqları artıq sınaqdan keçirir.

Qrafen ən yüksəkdədir

XXI əsrin inqilabi materialı adlanan Qrafen - ən davamlı, ən yüngül və karbon birləşmənin elektrik keçirən variantıdır. Laboratoriya şəraitində hazırlanan qrafenin tezliklə günəş batareyalarında və ya mikroelektronika ilə bərabər döyüş sahəsində əsgərlərin həyatını xilas edəcəyi mümkündür.


Nyu York Universitetinin alimləri belə nəticəyə gəliblər ki, ikiqat qrafenin sintezi yüksək keçiricini çox mühkəm qoruyucu parçaya çevirir və bütün zirehli gödəkcələrin əsas problemini həll etməyə imkan verir. Nəticədə bütün dünya istehsalçıları dərhal ağır polad zireh lövhələrindən, gələcəkdə isə para-aramid liflərindən ibarət Kevlar materiallardan istifadə etməkdən imtina edə biləcəklər.

Almaz dəlici vasitəsilə ikiqat qrafenə təzyiq sınaqları göstərdi ki, bu material mexaniki zərbələrə ənənəvi materiallardan daha yaxşı tab gətirir və demək olar ki, heç bir deformasiyaya uğramır.

Qrafenin unikal xüsusiyyətləri zirehli gödəkcələrin kütləsinin azaldılması ilə yanaşı, başqa bir vacib problemin də həllinə imkan verəcək. Hazırda qorunma dərəcəsindən və zireh növündən asılı olmayaraq ənənəvi zirehli gödəkcəyə malik əsgər, tüfəng və ya tapança gülləsindən istənilən halda ağır xəsarət və ya zədə alır. Alimlərin fikrincə isə yeni materiallar bu cür avadanlıqların sahibini nəinki ölümdən, hətta ağır zədələrdən də qoruyacaq.

Bu cür vasitələrin səmərəliliyi ilə bağlı yekun nəticəyə yalnız ilk seriya məhsulları hazır olduqdan sonra gəlmək olar. Lakin qrafenin ikiqat strukturunun, kevlardan daha mühkəm olacağı və daha səmərəli şəkildə güllənin enerjisini səpələyə biləcəyi ehtimal olunur.

Rusiya Tədqiqat İnstitutunun əməkdaşı, hərbi ekspert Sergey İvanov da elm adamlarının fikri ilə razılaşır. Lakin onun sözlərinə görə, zirehli gödəkçələrdə qrafendən istifadə bəzi problemlərlə bağlı ola bilər.

"Belə bir materialın möhkəmliyi qrafenin zərbə dalğalarının yayılmasının yüksək sürət ilə bağlıdır. Qrafen enerjini əhəmiyyətli dərəcədə daha yaxşı səpələyir. Burada problem güllənin dayandırılması və təsirinin azaldılması üçün milyonlarla qat qrafendən hazırlanan zirehli lövhəyə ehtiyac olmasıdır. Bu isə həmin materialın sənaye miqyasında istehsalını tələb edir. Və belə bir qərara isə hələ çox var", - deyə İvanov qeyd edib.

"Nanoboru"zireh

İnsan həyatının və sağlamlığının odlu silahlardan, partlayıcı qurğulardan qorunması ilə bağlı başqa bir istiqamət yalnız bir neçə nanometr diametrli karbon nanoborulardan hazırlanan güllə keçirməyən gödəkcələr yaratmaqdan ibarətdir.


Çoxsaylı divarları olan nanoborular əsl konstruktor qurğusudur: karbon strukturlardan istifadə edərək, bir növ özünəməxsus "muncuq" boyunbağı toplamaq mümkündür.

Bu istiqamətdə ilk nəticələr hələ 2007-ci ildə əldə edilib. O zaman İsrail tədqiqatçıları volfram disulfid nanohissəciklərinin əsasında unikal, özü-özünü bərpa edən material yaradıblar.

Materialın sınaqları, "nanoboru" zirehli gödəkcə və qoruyucu vasitələrin inkişafı ilə bağlı bütün problemləri demək olar ki, tamamilə həll edəcəyini göstərdi. Elm adamları tərəfindən sintez edilən nanoborular hər kvadrat santimetr üçün 250 tona qədər dəhşətli bir təzyiqə davam gətirir. Alimlərin hesablamalarına görə, yeni material əvvəlki ənənəvi zirehli gödəkcələrdən 2 dəfə yüngül, 4 dəfə daha möhkəmdir, yüngül kevlardan isə 6 dəfə daha güclüdür.

Belə bir zirehin gələcəyinə baxmayaraq, İsrail mütəxəssisləri laboratoriya araşdırmalarından sonra daha çox irəliləyə bilmədilər. Kütləvi istehsal yüksək istehsal xərcləri səbəbi ilə başlanmadı.

Bu tip texnologiyaların tətbiqi əsasən belə bir məhsulun istehsal həcminə və nəticədə istehsal xərclərinə bağlı olur. Zirehli gödəkcələr kütləvi bir məhsuldur və bəzi yeni inqilabi mühafizə vasitələri istehsal edilərkən onların istehsal texnologiyasının bahalı olmaması və kütləvi istehsal üçün uyğunlaşması vacibdir. Bu növ məhsulların seriya istehsalına yaxınlaşmaq üçün bəzən 10 il lazım olur.

Maye zireh

Nanoborudan hazırlanan zireh, yeni materialların istifadəsi ilə yaranan və seriya istehsal səviyyəsinə çatmayan yeganə mühafizə modeli deyil. Belə layihələrdən biri də Böyük Britaniyanın "BAE Sistems" şirkəti tərəfindən hazırlanan və ənənəvi aramid lifli gödəkcələri əvəz etmək üçün nəzərdə tutulan gellə doldurulan mühafizə vasitələridir.


İdeya çox sadə idi: orduların silahlanmasında mövcud olan kevlar gödəkcələrin etibarlılığını artırmaq üçün onları xüsusi tərkibli gel ilə hopdurmaq təklif edilirdi.

Aramid lifinin hopdurulması üçün gelin əsasını kompleks molekulyar struktura malik qeyri-nyuton mayesi təşkil edirdi.

İstehsalçıya görə, "maye zireh" texnologiyasının unikallığı, güllə təsirinə məruz qaldıqda maye bərkiməsindən və zərbə enerjisini udaraq sahibinin daha yüksək mühafizəsini təmin etməsindən ibarət idi.

"BAE Systems" nümayəndəsinin məlumatlarına görə, tədqiqat zamanı iki materialın birləşməsi əla hərəkət azadlığını təmin etdi və bədən zirehinin ümumi qalınlığını 45% azaltdı.

Lakin, laboratoriya sınağından və eksperimental məhsulun yaradılmasından başqa, ingilis alimləri onun sənaye istehsalını və müntəzəm tətbiqi nəticələrini təqdim etmədilər.

Hamısı bir yerdə

Müasir texnologiyalar zirehli gödəkçələrin qoruyucu vasitə kimi qalmasına imkan vermir, indi onlar çoxfunksiyalı elementlərə çevrilərək əsgərin rabitə və həyat fəaliyyətini dəstəkləyən sistemlərə çevrilir.

Rusiya ilk dəfə belə vasitələri praktikada sınaqdan keçirdi. Rusiya xüsusi əməliyyat qüvvələrinin təsisçilərindən biri Oleq Martyanov 2017-ci ilin əvvəlində bildirdi ki, Rusiya xüsusi qüvvələri üçün yeni zirehli gödəkcələr özündə bir neçə yardımçı cihazları da birləşdirəcək. Sistemlərin və alt sistemlərin vahid döyüş dəstinə inteqrasiyası ilə bağlı ilk qərarlar "Ratnik" döyüş avadanlıqları dəstinin hazırlanması və istehsalı sahəsində uğurla sınaqdan keçirilib.


"Ratnik" döyüş təchizat dəsti

TSİİTOÇMAŞ zavodunun baş direktoru Dmitri Semizorov qeyd edir ki, hərbçilər üçün hazırlanan bu xüsusi döyüş təchizat dəsti dünyanın ən təhlükəsiz dəstlərindən biridir. Onun sözlərinə görə, real döyüş tətbiqi zamanı güllələr bu dəstlərin nə dəbilqəsinə, nə də gödəkcəsinə nüfuz edə bilməyib.

Bununla yanaşı, bəzi ekspertlər qeyd edirlər ki, eyni dizaynda yeni materiallardan və texnologiyalardan real istifadə texniki cəhətdən çətin vəzifədir.

"Əsgərin qoruması üçün hansı materialdan istifadə ediləcəyinin prinsipial fərqi yoxdur. Universal bir dəst yaratmaq çox çətindir. Zirehli gödəkcəni ayrı, rabitə modulunu ayrı konstruksiyada yaratmaq daha asandır. Zirehli gödəkçəyə suyu təmizləyən tibbi modul da yerləşdirmək mümkündür, lakin əsas problem bütün bu vacib elementləri vahid strukturda necə toplamaqdan ibarətdir", - deyə "Silah Export" jurnalının baş redaktoru Andrey Frolov müsahibəsində bildirib.

Eyni zamanda, bütün ekspertlər əsaslı olaraq yeni nanomaterialların tətbiqinin döyüşün təbiətini mütləq dəyişdirəcəyini qəbul edirlər. Mühafizə vasitələrinin arxasından isə atıcı silahların yeni inkişaf mərhələsinə qədəm qoyulacaq.
Strategyvision.org

Teq: Nanotexnologiya  


Oxşar məqalələr
Son əlavə olunanlar