Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - III YAZI

 Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?|  Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq -  III YAZI
1318     14:08     20 12 2021    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Mülki insanlar döyüşçülərin hərəkətlərinə görə heç vaxt beynəlxalq humanitar hüququn müdafiəsini itirmirlər, ancaq birbaşa döyüşlərdə iştirak etməklə bunu itirməyi seçə bilərlər. Beynəlxalq humanitar hüquq humanitar problemləri hərbi zərurətlə balanslaşdırmağa çalışsa da, müharibə edənlər arasında “ədalətli müharibə”ni təmin etmək heç vaxt mümkün olmayıb.


İnsanların qalxan kimi istifadə olunması yalnız məcburiyyət olduqda qanunsuzdur. Könüllü formada qalxan kimi kimi istifadə olunan insanlar hərbi əməliyyatlarda “birbaşa iştirak edən” statusu əldə edirlər və onlar mülki şəxs kimi hüquqlardan məhrum olurlar. I Əlavə Protokolun 51.3-cü maddəsində qeyd olunduğu kimi, “hərbi əməliyyatlarda birbaşa iştirak etmədikləri müddətdə mülki şəxslər bu Bölmə tərəfindən verilən hüquqlardan istifadə edirlər”.

Mülki obyektlər də qanunda qeyd olunan formada (mütənasiblik prinsipi) düşmənin texnoloji üstünlüklərini zərərsizləşdirmək üçün istifadə edilə bilər, məsələn həmin yerlər sığınacaq kimi istifadə oluna bilər. Məsələn, İraq qüvvələri tez-tez hərbi texnika və qoşunları mülki binalara (məsələn, məktəblərə) və ya onların yaxınlığında yerləşdirirdilər. Hərbi əməliyyatlar və ya təchizat anbarları üçün tibbi və dini binalar və mədəniyyət abidələri kimi xüsusi qorunan obyektlərdən də istifadə olunurdu.

Beynəlxalq humanitar hüquqda obyektlərdən qalxan kimi istifadə edilməsinə insanlardan daha az diqqət yetirilib. Məsələn, “mülki əhalinin və ya ayrı-ayrı mülki şəxslərin qorunması” ilə əlaqəli 51-ci maddədən fərqli olaraq, mülki obyektlər haqqında 52-ci maddə qoruma barədə danışmır.

58-ci maddə müdafiəçilərdən tələb edir:

- mülki əhalini, ayrı-ayrı mülki şəxsləri və mülki obyektləri hərbi obyektlərin yaxınlığından çıxarmağı;
- hərbi obyektləri əhalinin sıx məskunlaşdığı ərazilərdə və ya yaxınlıqda yerləşdirməməyi;
- mülki əhalinin, ayrı-ayrı mülki şəxslərin və mülki obyektlərin hərbi əməliyyatlar nəticəsində yaranan təhlükələrdən qorunması üçün digər zəruri tədbirlər görməyi.


Bu öhdəliklərə yalnız beynəxalq humnaitar hüququn şərhi zamanı tez-tez istifadə olunan ifadə ilə desək “mümkün qədər” riayət olunur. Həmçinin hərbi obyektləri mülki obyektlərin yaxınlığında yerləşdirməklə hücumun qarşısını almaq hər zaman mümkün olmur. Beləliklə, İraq qüvvələrinin etdiyi kimi hərbi məqsədlər üçün mülki obyektlərdən qəsdən istifadə beynəlxalq humanitar hüququn öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnir.

Texnoloji cəhətdən zəif qüvvələrin hücumdan qorunmasının əlavə bir yolu xüsusi mühafizə olunan obyektlərdən sui-istifadə etməkdir. “Human Rights Watch” (HRW) İraqdakı döyüşlər zamanı bir çox belə hadisələri sənədləşdirib.

Məsələn, HRW-nin münaqişə ilə bağlı yaydığı “Hədəfdən kənar” hesabatında qeyd olunub ki, Fədailər (Səddam Hüseynə sadiq qüvvələr) Əl-Nasiriyyə Cərrahiyyə Xəstəxanası, Bağdad Qızıl Aypara Doğum Xəstəxanası, Əl-Nəcəfdəki İmam Əli məscidi və Əbu Hənifə məscidilərindən qalxan kimi istifadə edib. İman Əli məscidi İraqda şiə müsəlmanları üçün ən müqəddəs yerdir, Əbu Hənifə məscidi sünnilər üçün vacib bir ziyarətgahdır.

Bu aktlar açıq şəkildə qanunsuz idi. Birinci Cenevrə Konvensiyasında qeyd olunur ki, “məsul orqanlar hərbi obyektlərə qarşı hücumların tibb müəssisələrinin və bölmələrinin təhlükəsizliyini pozmayacaq şəkildə yerləşdirilməsini təmin etməlidirlər”. I Əlavə Protokolun 12.4-cü maddəsi bu qadağanı daha da sərtləşdirir: “Heç bir vəziyyətdə tibbi obyektlərdən hərbi obyteklərə hücumun qarşısı almaq üçün istifadə edilməməlidir”. 53b maddəsində “xalqların mədəni və ya mənəvi irsini təşkil edən tarixi abidələr, sənət əsərləri və ibadət yerləri” üçün bənzər bir qadağa mövcuddur. HRW tərəfindən qeyd edilən hər iki məscid bu maddələr tərəfindən qorunulurdu.


“Supra” adlandırılan bu qeyri-qanuni taktika düşmənin texnoloji üstünlüyünün tamamilə qarşısını almaqda acizdir. Tibbi, dini və mədəni obyektləri xüsusi qorunma altına alan beynəlxalq humanitar hüquq müddəalarında sui-istifadə edilən bəzi məsələlər də mövcuddur. Belə ki, mülki obyektlər hərbi əhəmiyyətinə görə hərbi obyekt kimi istifadə oluna bilər.

Texnoloji cəhətdən daha zəif tərəf hücumun qarşısını almağı bacarsa da, hansısa məqamda üstünlük qazanacağına ümid edərsə, düşməninə qarşı hücum hərəkətləri etməlidir. Partizan müharibəsi bu konteksdə uğurlu bir metoddur. Düşmənə qarşı mübarizədə çətinlik çəkdikcə, beynəlxalq humanitar hüququn müddəalarının pozuntusu da getdikcə artır.

Qabaqcıl texnologiya sayəsində artıq düşmənə daha yaxından hücum etmək getdikcə daha çətin olur. Xəyanətkarlıq, yəni “düşmən millətə və ya orduya mənsub şəxsləri xəyanətkarcasına öldürmək və ya yaralamaq”, bunun üçün adi bir taktikaya çevrilib.

Xəyanətkarlığın dəqiq parametrləri bəlli deyil. 1907-ci il IV Haaqa Qaydalarında qeyd olunur:

1. Müharibə zamanı neytral və ya münaqişə tərəfi olmayan digər dövlətlərin bayraqları və ya milli rəmzləri, hərbi fərqləndirmə işarələri və ya formasından istifadə qadağandır.

2. Hücum zamanı və ya döyüş əməliyyatlarını pərdələmək, irəliləmək, qorumaq və ya onlara maneə törətmək üçün qarşı tərəfin bayraqları və ya milli rəmzləri, hərbi fərqləndirmə işarələri və ya formasından, Cenevrə Konvensiyasının fərqli nişanlarından istifadə qadağandır. I Əlavə Protokolunun 37.1-ci maddəsi xəyanətlə bağlı ən son qaydanı müyyən edib:


“Düşməni xəyanətdən istifadə edərək öldürmək, yaralamaq və ya yaxalamaq qadağandır. Düşmənin etimadına səbəb olan və onu silahlı münaqişədə tətbiq edilən beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə olunmaq hüququna malik olduğuna və ya müdafiə olunmağa borclu olduğuna inanmağa məcbur edən hərəkətlər xəyanətdir”.

I Əlavə Protokolda göstərilən mülki, qeyri-döyüş statusuna sahib olanlardan istifadə edərək hərbçilər xəyanət nümunələri yarada bilir. Belə ki, döyüşçülərin düşmənə hücum etmək üçün mülki paltar geydiyi zaman, onlar açıq formada beynəlxalq humanitar hüququn xəyanətlərlə bağlı müddəalarını pozurlar.

BQXK-nın bu yaxınlarda yayımladığı “Adət norması olan Beynəlxalq Humanitar Hüquq Tədrisi” adlı nəşrində adət norması kimi bir çox ölkələrin, o cümlədən ABŞ-ın bəzi hərəkələtini xəyanət kimi xarakterizə edir. “Dənizdəki münaqişələrə tətbiq olunan beynəlxalq hüquq haqqında San Remo Təlimatı” da buna bənzəyir. Nəhayət, I Əlavə Protokolu qəbul edən Diplomatik Konfransın rəsmi qeydinə əsasən, xəyanət haqqında hesabat hazırlayan Komitə “xüsusi nümunələrin qısa siyahısı ilə məhdudlaşmaq qərarına gəldi.Mübahisəli və ya sərhəd xətti ilə əlaqəli nümunələrin qarşısı alındı”.

Şübhəsiz ki, ən məkrli xəyanət taktikası yalandan təslim olmadır. Təslim olmaq düşmənə hücum etmək üçün kifayət qədər yaxınlaşmağa imkan verir və bununla da hücumun qarşısını alacaq texnoloji üstünlüyü kompensasiya edir. Pusquda duran koalisiya qüvvələrinə təslim olmaq İraqdakı əməliyyat zamanı ən çox müraciət olunan taktika idi.

I Əlavə Protokolun 37.1 (a) maddəsində düşməni ələ keçirmək, yaralamaq və ya öldürmək məqsədi ilə edilən xəyanətkarlıq aktlarına nümunə kimi “barışıq və ya təslim bayrağı altında danışıqlar aparmaq niyyətinin saxta olmasını” göstərilir. Bayraq təslim olmaq niyyətini bildirən yeganə vasitə deyil, düşmənə bu barədə məlumat verən hər hansı bir texnika bunun üçün kifayətdir. Təslim olan qüvvələr “hors de combat” prinsipindən (beynəlxalq hüquqda müharibələrdə döyüşə bilməyən şəxslərin müəyyənləşdirilməsi üçün istifadə olunan anlayışdır. Bu vəziyyətdə olan insanlar müharibə qanununa əsasən xüsusi müdafiə hüquqlarına malikdirlər və digər müharibə edənlər kimi davranış görməməlidirlər) yararlanır və hücumdan toxunulmazlıq hüququ qazanırlar.


Döyüş sahəsində texnoloji cəhətdən üstün olan rəqibə qarşı mübarizə üçün başqa bir taktika qoruyucu emblemlərdən sui-istifadə edilməsidir. Son münaqişə əsnasında İraqdakı nizamlı və nizamsız qüvvələr döyüş bölgəsinə çatmaq, kəşfiyyatçı vasitə kimi xidmət etmək və Koalisiya qüvvələrinə hücum etmək üçün qeyd olunan təcili yardım maşınlarından istifadə etdilər. Bundan əlavə, Bəsrədəki “Baas” Partiyasının binası BQXK emblemi ilə işarələnmişdi. Partiya binaları çox vaxt hərbi texnikalar üçün təchizat anbarı və milis üçün toplama məntəqələri kimi istifadə olunurdu. Yuxarıda qeyd olunduğu kimi, İraq qüvvələri də tibb müəssisələrində hərbi əməliyyatlar edirdi.

Tibbi və dini personalın, nəqliyyat vasitələrinin və bölmələrin və ya Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qızıl Aypara Hərəkatının şəxsi heyətinin, əmlakının və fəaliyyətlərinin fərqli məqsədli nişanlarını təyinatından kənar istifadə edilməsi beynəlxalq humanitar hüququn açıq formada pozulmasıdır.

Sui-istifadə dedikdə rəqibin əsir götürülməsinə, yaralanmasına və ya öldürülməsinə kömək etmək məqsədilə istifadə nəzərdə tutulur. Bu qadağa beynəlxalq humanitar hüquqda uzun müddətdir mövcuddur, 1863-ci il Lieber kodeksində, 1899 və 1907-ci il Haaqa qaydalarında, 1906, 1929 və 1949-cu illər Cenevrə Konvensiyaları; I Əlavə Protokol və bu günlərdə bir çox xalqların hərbi dərsliklərində var. Sui-istifadə məqsədi sadəcə düşməndən “gizlənərək” xaincəsinə hücum etmək üçün emblemdən istifadə edilməklə baş verir.

(Ardı var...)
Strategyvision.org

Teq: Asimmetrik-Müharibə   Humanitar-Hüquq  


Oxşar məqalələr
Son əlavə olunanlar