Buçada qətliamı “marslılar” törədib?| Rusiya dezinformasiya maşını tam gücü ilə işləyir

  Buçada qətliamı “marslılar” törədib?|  Rusiya dezinformasiya maşını tam gücü ilə işləyir
746     20:08     11 04 2022    
Ukraynada qətliamların törədildiyi Buça ətrafından çoxlu cəsədlərin dəhşətli videoları və fotoşəkilləri yayılır, Kremlin dəstəklədiyi media onları saxta adlandırır. Ukraynalı jurnalistlər Rusiyanın bu iddialarının saxta mahiyyətini ifşa edirlər.

Buça ətrafında bir çox ölənlərin videoları və fotoşəkilləri yayılanda, Kremlin sponsorluq etdiyi media onların uydurma olduğunu iddia etdi. Nəticədə, ukraynalı jurnalistlər Rusiya mətbuatının Buça qətliamının səhnələşdirilmiş saxtakarlıq olması ilə bağlı dezinformasiyasını ifşa etməyə məcbur olurlar.

İstənilən xəbəri və ya mesajı yalan adlandıran Moskva rəqiblərini çaşdırmağa çalışır. İllərdir Rusiya təbliğatı Suriya kimi yerlərdə sosial mediadan istifadə etməklə bu taktikadan istifadə edir.

Çərşənbə axşamı milyonlarla tamaşaçı qarşısında Rusiyanın dövlət televiziyasının müxbirləri və yayımçıları Buçadan çəkilən bəzi foto və videoları təfərrüatı ilə işıqlandıraraq, onları “saxta” adlandırıblar. Digər hallarda isə qətllərdə ukraynalıları günahlandırırdılar.

Bu yalan bəyanatın ən bariz nümunələrindən biri bazar ertəsi axşam saatlarında “Rossiya-1” televiziyasında görünüb. Müxbirlər cansız cəsədlərdən birinin əlini tərpətdiyi, ölənlərdən bəzilərinin hətta oturduğu yerdən qalxdığını iddia ediblər.

Bununla belə, yüksək keyfiyyətli peyk çəkilişləri göstərir ki, cansız cəsədlərin bir qismi martın əvvəlində, Rusiya işğalı altında olan zaman küçədə olub. Aprelin 2-də ukraynalı hüquqşünas hərəkətdə olan avtomobilin Buçanın Yablonska küçəsində olan eyni cansız cəsədlərini əks etdirən videosunu yerləşdirib. “Associated Press” nəşr olunan video və fotoşəkillərə uyğun gələn “Maxar Technology”nin Buça şəhərində çəkilən peyk görüntülərini müqayisə edən müstəqil araşdırma hazırlayıb. Oxşar araşdırma digər Qərb mediası tərəfindən də aparılıb.

AP müxbirləri onlarla insanın cəsədini görüblər, onların çoxu yaxın məsafədən güllələnib, bəziləri isə əlləri arxadan bağlanıb. Bu cəsədlər keçən həftə rus qoşunlarının çıxarılmasından sonra Buça küçələrində qalıb. Həmçinin çərşənbə axşamı AP müxbirləri altı yanmış cəsədin arasında öldürülmüş uşağın cəsədini görüblər.

Buna baxmayaraq, Rusiya rəsmiləri və dövlət mediası öz hekayələrini qəzetlərdə, radioda və ya televiziyada təqdim etməklə yalan iddialar səsləndirməyə davam edir. Tanınmış kremlyönlü “Komsomolskaya Pravda” qəzetinin internet saytı ilk səhifəsində Ukraynada baş verən kütləvi qətlləri işıqlandıraraq, “Buça soyqırımı”nın Ukrayna qüvvələri tərəfindən törədilməsinə dair təkzibolunmaz sübutların olduğunu iddia edir.

Çərşənbə axşamı “RİA Novosti”də dərc olunan köşə yazısında Buçadakı hadisələrin Qərbin Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək hiyləsi olduğu irəli sürülüb.

Təhlilçilər bildirirlər ki, bu, Kremlin altı həftə əvvəl Ukraynaya hücumu zamanı bu cür informasiya müharibəsi strategiyasından ilki deyil, o, bütün dünyada sistematik kampaniya zamanı hər hansı qanun pozuntusunu inkar edir və ya dezinformasiya yayır.

Müharibədən əvvəl Rusiya ABŞ kəşfiyyatının Ukraynaya hücum planlarının təfərrüatları ilə bağlı məlumatlarını təkzib edirdi. Ötən ay Ukraynanın liman şəhəri Mariupolda hamilə qadının və onun bətnindəki uşağının ölümü ilə nəticələnən doğum evinin bombalanmasından sonra Rusiya rəsmiləri AP-nin foto və mesajlarını gözdən salmağa çalışıb.

Buçadan çəkilmiş foto və videolar qlobal qınağın yeni dalğasına səbəb olub.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasındakı televiziya çıxışında rus qoşunlarının Buçada qətliamlarını sadalayıb və digər şəhərlərdə öldürülən insanların cəsədlərini əks etdirən videonu təqdim edib. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia onları “səhnələşdirilmiş teatr” adlandırıb.

Müxtəlif dillərdə olan ondan çox rusiyapərəst və ya rusiyalı rəsmi sosial media saytları Kremlin öldürülən insanların şəkillərinin və videolarının səhnələşdirildiyi və ya saxta olduğu barədə əsassız fikirlərini iddia etməyə davam edir. İspandilli “RT en Español” 18 milyon izləyicisi üçün ondan çox yazı yazıb və bildirib ki, Rusiya Kiyev yaxınlığındakı Buça qəsəbəsində mülki əhalinin öldürülməsi ilə bağlı iddiaları rədd edir.

Eyni yazıların bəziləri martın 31-də Buça meri Anatoli Fedorukun şəhərin rus işğalından azad edilməsindən bəhs etdiyi videoya istinad edərək qətllərin rus qoşunları tərəfindən törədildiyi barədə iddiaları təkzib etməyə çalışıb.

Fedoruk martın 28-də İtaliyanın “Adnkronos” xəbər agentliyinə verdiyi müsahibədə rus qoşunlarının çıxarılmasından əvvəl baş verən vəhşilikləri açıq şəkildə şərh edərək Rusiya tərəfini Buçada qətllər və zorlamalar törətməkdə ittiham edib.

“Maxar Technologies” tərəfindən peyk çəkilişləri Fedorukun küçələrdə cansız cəsədlərlə bağlı açıqlamasını təsdiqləyir, burada bir yolda ən azı 5 cəsədi görünür.

Bəzi sosial media platformaları Kremlin təbliğatını və dezinformasiyasını cilovlamağa çalışıb. “Google” RT-nin səhifəsini bloklayıb, Avropada isə “RT Sputnik”ə “Meta” texnologiya şirkəti qadağa qoyub.

Rusiya onlarla rəsmi sosial şəbəkə saytlarında müxtəlif dillərdə paylaşımlar etməklə bu blokadalardan yan keçməyin yollarını tapıb. Ekspertlər deyirlər ki, bu, dezinformasiya kampaniyasının bütün potensialından, o cümlədən müxtəlif səfirliklərin rəsmi səhifələrindən, botlardan, pullu səhifələrdən, hökumət əleyhinə olan şəxslərin yazılarından istifadə edən çox güclü təbliğat kampaniyasıdır.
Strategyvision.org

Teq: Buça   İnformasiya   Qətliam  


Oxşar məqalələr
Son əlavə olunanlar