Bu təhlükə 7-8 bal çərçivəsində qiymətləndirilir| ÇXAO SDQ haqqında məlumatları niyə gizli saxlayır?

 Bu təhlükə 7-8 bal çərçivəsində qiymətləndirilir|  ÇXAO SDQ haqqında məlumatları niyə gizli saxlayır?
1227     15:11     09 08 2021    
2015-ci ilin dekabr ayının sonunda Strateji Dəstək Qüvvələri (SDQ) Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) bir hissəsi olaraq ortaya çıxdı və "Strateji Dəstək Qoşunları" kimi təsnif edildi. Artıq altı il keçib, lakin bu hərbi qurum haqqında hələ də çox az şey məlumdur, Pekin SDQ haqqında məlumatı gizli saxlayır. Məlumdur ki, Strateji Dəstək Qüvvələrinə kəşfiyyat, kosmik tədqiqat, habelə kiber məkanda fəaliyyətlərin həyata keçirilməsi tapşırıqları verilib, lakin bu qoşunların quruluşu və vəzifələri barədə ətraflı məlumat yoxdur.

Strateji Dəstək Qüvvələri Çin ordusunun silahlı qüvvələrinin ən gənc qoşun növüdür. SDQ kosmosda və kiberməkanda potensial rəqiblərdən üstün olmaq məqsədi ilə yaradılıb. Onların əsas vəzifələri bunlardır: kosmik kəşfiyyatın təşkili və aparılması; kəşfiyyat peyklərindən, habelə radar və optik elektron kəşfiyyatından daxil olan məlumatların toplanması, təhlili və emalı; "Baydou" kimi tanınan milli radionaviqasiya peyk sisteminin, habelə strateji erkən xəbərdarlıq və kosmik monitorinq sisteminin idarə edilməsi; kiber məkanda müxtəlif əməliyyatların aparılması. Xarici Hərbi İcmal müəllifləri SDQ-nin təyinatını məhz belə görürlər.

Qeyd etmək lazımdır ki, Pekin daha mürəkkəb, dəqiq, uzaqmənzilli, ağıllı və pilotsuz silahların, o cümlədən gizli elementlərə malik stels texnologiyalı silahların yayılmasının ölkə üçün potensial təhlükə olduğunu vurğulayır. Çində kosmos və kiber sahənin gələcək həlledici döyüş sahələrinə çevrildiyi vurğulanır. Bundan əlavə, Pekin informasiya texnologiyalarının hərbi əməliyyatların aparılmasına inteqrasiya prosesini ("informasiyalaşdırmanın") daim sürətləndirir. Bu çərçivədə SDQ-nin yaradılması müasir dövrün çağırışlarına cavabdır.


ÇXAO Strateji Dəstək Qüvvələrinin fəaliyyətləri məxfiləşdirilib. Eyni zamanda, Çin hökumətinin bu gün ölkənin donanması və hava qüvvələri ilə eyni səviyyədə duran 4 və ya 5 hərbi idarəni vahid bir qurumda birləşdirmək qərarı, Pekinin kinetik olmayan müharibələrin aparılması ehtimalını çox ciddi qəbul etdiyini göstərir. Hərbi jurnalist Bill Hertzin "Asia Times" nəşrində dərc edilən "ÇXAO-nun yeni strateji dəstək qüvvələri sirr olaraq qalır" məqaləsində ÇXR-də kinetik olmayan silahlar Pekinin "kozır" kartı hesab olunur, SDQ-yə isə ənənəvi olaraq zəif strateji qüvvələrə kömək edəcək və Çin ordusunun ABŞ ordusu kimi güclü bir rəqibi məğlub etməsinə imkan verəcək bir güc kimi baxılır.

Çin Silahlı Qüvvələrinin Strateji Dəstək Qüvvələri Pekin nöqteyi-nəzərindən çox vacib olan strateji imkanları - kiber məkanda, elektronikada, kəşfiyyat və məlumat sahəsində üstünlükləri özündə cəmləşdirən qurumu özündə ehtiva edir. Bu qüvvələr, ÇXAO-nun Baş Qərargahına deyil, birbaşa Çin KP Mərkəzi Komitəsinin Hərbi Şurasına tabedir. Lakin SDQ-nin və Çin ordusunun bölgə komandanlığının necə bir-birinə uyğunlaşdırıldığı, habelə hərbi qarşıdurma vəziyyətində onlara hansı rolun verildiyi dəqiq bilinmir.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzi (YATM) mütəxəssislərinin fikrincə, Pekin Strateji Dəstək Qüvvələrinin köməyi ilə radioelektron mübarizə sferasından kiber məkana, süni zəka imkanlarından tutmuş inkişaf etmiş silah növlərinə qədər bütün yüksək hərbi texnologiyalardan daha fəal istifadə edə biləcək. Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanan hesabatda deyilir: "ÇXAO-nun Strateji Dəstək Qüvvələri, kiber məkanda ölkənin döyüş effektivliyini artırmaq üçün təyin olunub, Çinin "Big Data" sahəsindəki araşdırmaları isə gələcəkdə fayda əldə etməyə kömək edəcək".

Geniş mənada "böyük məlumatlar" barədə, çoxlu miqdarda informasiya və bunun nəticəsində meydana gələn dəyişiklikləri təhlil etmək üçün texniki imkanların yaranması ilə birbaşa əlaqəli sosial-iqtisadi fenomen kimi danışılır. YATM-da SDQ ilə əməkdaşlıq edən İnformasiya Texnologiyaları Universitetinin tədqiqatçılarının geniş miqyaslı kiber hücumlardan qorunmaq üçün süni zəka imkanlarından istifadə etdiyinə inanılır.


Strateji Dəstək Qüvvələrinin sinəyə taxılan emblemi

Çin mütəxəssisləri "koqnitiv elektron müharibə"də maşın təlimindən və süni intellektdən - aviasiya və digər silah sistemlərinin müharibə zonasına girəndə bütün mövcud elektron təhlükələri tez bir zamanda aşkarlamaq və özlərini effektiv şəkildə müdafiə etmək bacarığından istifadə etmək üçün çalışırlar. Həmçinin, Çin silahlı qüvvələri gələcəkdə istənilən radiotexniki siqnalı tez və effektiv şəkildə izləməyə imkan verəcək işləri maliyyələşdirir.

ÇXR-in artan hərbi gücünü müşahidə edən əksər Qərb analitikləri SDQ-ni daha çox xatırladır və bu qoşunlar haqqında çox az şeyin məlum olduğu barədə xəbərdarlıq edirlər. Strateji Dəstək Qüvvələri haqqında ən ətraflı məlumat ABŞ və Çinin Hərbi və İqtisadi Əlaqələrin Qiymətləndirilməsi Komissiyasının illik hesabatında təqdim edildi. Bildirilir ki, 2015-ci ilin dekabrında yarandığı gündən SDQ kosmosda, kiber məkanda, eləcə də informasiya və elektronika sahəsində ÇXAO-nun əməliyyatlarını keçirməyə başlayıb.

2015-ci il islahatları zamanı ÇXAO-nun Baş Qərargahı yenidən təşkil edildi, bundan sonra radio və radiotexniki kəşfiyyat xidmətləri (ÇXAO Baş Qərargahının Üçüncü İdarəsi), eləcə də radioelektron mübarizə xidməti (ÇXAO Baş Qərargahının Dördüncü İdarəsi) SDQ-nin tərkibinə daxil edildi. Hazırlanan hesabata görə, hərbi kəşfiyyat xidməti (ÇXAO Baş Qərargahının İkinci İdarəsi) də SDQ-yə daxil edilib. Çinin hərbi kəşfiyyatı məlumatları toplayır, emal və təhlil edir, hərbi kəşfiyyatı həyata keçirir və xüsusi əməliyyatlar yerinə yetirir. Çox güman ki, SDQ Çin silahlı qüvvələrinin bütün qoşun növləri ilə sıx işləyərək hazırda hərbi kəşfiyyat və müşahidə aparmaqla bərabər "informasiya" müharibəsi problemləri ilə ciddi məşğul olur.


ABŞ kəşfiyyatının nümayəndələri hesab edirlər ki, ÇXAO Baş Qərargahının İkinci və Üçüncü idarələri ABŞ şirkətlərinə və hökumət qurumlarına kiber hücumlarda iştirak edirlər. 2014-cü ilin mayında ABŞ Ədliyyə Nazirliyi uçüncü idarə ilə əlaqəli olan 5 nəfər SDQ hakerinə ittiham irəli sürdü. SDQ-nin yönəldilə bilən enerji silahlarının inkişaf edən modellərinin hazırlanmasında iştirak etdiyi də güman edilir. Mümkün kiber müharibələrdə, onlar ehtimal olunan düşmən şəbəkələrinin işinə fəal müdaxilə edərək kəşfiyyat, müdafiə və hücum əməliyyatları həyata keçirə biləcəklər.

Hesabatda deyilir ki, iki Pentaqon analitiki kosmosda mümkün bir müharibədə, ÇXAO Strateji Dəstək Qüvvələrinin hücum əməliyyatlarını həyata keçirəcəyini və kosmik qrupun işinin mühəndis təminatı üçün fəaliyyət göstərəcəyini düşünür. Bu işlər ərazidə yerləşməyə kömək etmək, sabit rabitə, naviqasiya və s. ibarət ola bilər. SDQ, həmçinin ballistik raketlərin və kosmik aparatların buraxılışını izləməklə kosmik kəşfiyyat və müşahidə ilə də məşğul olacaq.

ABŞ analitikləri SDQ-nin hücum imkanlarını üç növ peyk əleyhinə raketlərdən, eləcə də istiqamətlənən yerüstü enerji silahlarından istifadə imkanları ilə də əlaqələndirirlər. Çin ordusunun düşmən peyklərinə yaxınlaşaraq onlara zərər verə bilən peykləri olduğuna inanılır. Çin bu cür peyklərin 6 dəfə sınağını keçirib. ABŞ tərəfinin fikrincə, SDQ-nin əsas vəzifəsi giriş və manevrlərin məhdudlaşdırılması və qadağan olunması konsepsiyasına bənzəyir, bu qüvvələr Çin ərazisi və Çin sahilləri yaxınlığında düşmənə (əsasən ABŞ ordusuna) qarşı mübarizədə Çin qüvvələrinə dəstək verməyə diqqət yetirəcəklər. Eyni zamanda, ABŞ və Çin arasındakı hərbi və iqtisadi əlaqələrin qiymətləndirilməsi üzrə ABŞ komissiyasının üzvləri, yaradılan SDQ-nin Pekinin hərbi gücünü artırması və ölkənin Hind-Sakit Okean bölgəsində ABŞ ilə daha səmərəli qarşı-qarşıya gəlməsinə imkan verməsi ilə razılaşırlar.


Digər bir amerikalı analitik, "İrs" fondundan olan Din Çenin fikrincə, Strateji Dəstək Qüvvələrinin ÇXAO-nun bir hissəsi olaraq görünməsi, Pekinin gələcək döyüşləri qazanmaq üçün zəruri olacaq "informasiya üstünlüyünü" əldə etmək istəyini əks etdirir. Əvvəllər ABŞ-ın Sakit Okean Donanmasının kəşfiyyatına rəhbərlik edən, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş birinci dərəcəli kapitanı Ceyms Fanell qeyd edir ki, SDQ-nin fəaliyyəti barədə hələ çox az məlumat var və bütün işləri sirr pərdəsinə bürünüb: "Si Jinping iki il əvvəl ÇXAO Strateji Dəstək Qüvvəsini yaratdı, bu gün onlar hələ də kölgədə olsalar da, artıq ordunun kinetik olmayan müdafiə və hücum əməliyyatlarını dəstəkləyirlər. Spektral tədqiqat peykləri, sintez edilən aperturalı yeni radarlardır, bütün bunlar ÇXR-in dəniz ərazilərinə daha effektiv nəzarət edilməsinə və ya kiber müharibə mütəxəssislərinin inteqrasiyasını həyata keçirməyə imkan verir. Yuxarıda göstərilənlərin hamısı sayəsində Çin ordusunun döyüş qabiliyyəti hər gün artır və SDQ bu işdə ona fəal kömək edir".

ÇXR Strateji Dəstək Qüvvələri tərəfindən kiber hücumlardan qorunmaq Vaşinqton və müttəfiqləri üçün çətin iş olacaq. Onlar da ÇXAO-nun müdafiəsini yara biləcək kiber hücum silahlar yaratmalı və inkişaf etdirməlidirlər. Ceyms Fanell qeyd edir ki, Pentaqonun büdcəsinə Çindən gələn kiber təhdidlərə qarşı çıxmaq üçün xərc maddələri daxil edilməlidir.

ABŞ-da ənənəvi olaraq Rusiya Federasiyası və Çindən ola biləcək kiber hücumların ehtimalının çox yüksək olduğunu düşünürlər. Bu mövzuda xəbərlər mütəmadi olaraq informasiya məkanında görünür.

Məsələn, 30 noyabr 2017-ci ildə ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbərinin səlahiyyətlərini icra edən Elayn Dyuk, Konqresin Nümayəndələr Palatasında çıxışı zamanı "Rusiya və Çindən gələn kiber təhlükə" ilə bağlı fikirlərini bildirdi. Onun sözlərinə görə, əgər on ballıq şkala ilə hesablasaq, o zaman bu təhlükə 7-8 bal çərçivəsində qiymətləndirilə bilər.


2017-ci ilin əvvəlində ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klapper, Konqresdə çıxış edərək, Çinin ABŞ-a qarşı kiber casusluğunu dayandırmadığını qeyd etdi. Onun sözlərinə görə, Pekindən gələn kiber casusluq fəaliyyətində bir qədər azalma olsa da, bu hələ də davam edir. Ceyms Klapperin hesabat ilə Konqresə çağrılmasının səbəbi, çinlilərin ABŞ kəşfiyyatına aid olanlarla birlikdə, həssas məlumatlara sahib 22 milyon sənədi oğurlaması barədə məlumatların yayılmasından ibarət idi.

Sovet İttifaqının dağılması Çinin böyük strategiyasının prioritetlərini əhəmiyyətli dərəcədə dəyişdirdi. Artıq Çin qitədə birinci dərəcəli təhdiddən qurtulduğu üçün strateji planlaşdırmada diqqətini dənizə yönəltdi. Tayvan və ABŞ-a fokuslandı. Çox güman ki, bu, Pekinin Taybey ilə arasında olacaq hər hansı ciddi qarşıdurmanın, Vaşinqtonun müdaxiləsinə səbəb olacağı ehtimalından irəli gəlir. Belə bir müdaxiləni dayandırmaq üçün Çin əslində "dolayı fəaliyyət strategiyasının" milli variantına müraciət edib. Belə bir strategiyanın bir hissəsi olaraq, güc daha çox diplomatiyaya tabedir və burada ümumiyyətlə düşməni əzmək əvəzinə, onu çəkindirmək taktikasına üstünlük verilir. ABŞ ilə rəqabət apara biləcək okean donanmasını tez bir zamanda meydana gətirə bilməyən Çin, digər silah sistemlərinə güvənir.

Sahildən güclü hava hücumundan müdafiə sisteminin yaradılması, yaxın okean zonasının böyük bir "hörümçək" donanmasının yaradılması, nüvə başlığı olmayan çoxsaylı qanadlı və ballistik raketlərin inkişafı və yerləşdirilməsi, Çinin Sakit okeanın qərbindəki demək olar ki, bütün ABŞ bazalarını hücum altında saxlamağa imkan verir və Tayvan sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin hərəkətlərinə əhəmiyyətli dərəcədə maneə törədir.

Digər silah sistemlərinə üstünlük verilməsi çərçivəsində, məlumatın, ona nəzarətin və yayılmasının getdikcə daha çox əhəmiyyət kəsb etdiyi dünyada Strateji Dəstək Qüvvələrinin yaradılması da tam əsaslı görünür.


Onların yaradılması, Çinin 13-cü beş illik planı (2016-2020) çərçivəsində güclü bir kiber gücə çevrilməsi məqsədlərinə də uyğundur. Yeni beş illik planın bir hissəsi olaraq, Çin kiber məkana nəzarət etmək üçün texniki imkanlarını artırmaq, həmçinin çoxtərəfli, şəffaf və demokratik beynəlxalq internet idarəetmə sistemini təşviq etmək niyyətindədir. Bundan əlavə, Çin "suveren bir onlayn məkanda düşmənlərə qarşı mübarizəni gücləndirəcək və internetdəki ictimai proseslərə nəzarəti artıracaq".

Çin hərbi tarixçilərinin fikrincə, 2049-cu ilə qədər dövr üçün hesablanan ÇXAO-nun islahatlarında informasiyalaşdırılmaya böyük əhəmiyyət verilir. İslahatların əsas məqsədi informasiya texnologiyalarından istifadə edərək hərbi münaqişələrdə effektiv fəaliyyət göstərə biləcək və məlumatlandırılan silahlı qüvvələrin yaradılmasıdır. ÇXAO-nun mövcud mərhələdə modernləşdirilməsinin əsas məzmunu, silahlı qüvvələrin informasiya texnologiyaları ilə təchizatı və kompüterləşdirilməsi, birgə əməliyyatlar zamanı bütün qoşun növlərinin qarşılıqlı əlaqəsini yaxşılaşdırmaqla döyüş qabiliyyətlərini gücləndirməkdən ibarətdir. Çin rəhbərliyi davam edən hərbi islahatların son məqsədini nüvə çəkindirmə vəzifələrini səmərəli icra edəcək, müasir yüksək texnoloji müharibələrdə (lokal miqyasda) və antiterror əməliyyatlarında uğurla fəaliyyət göstərən silahlı qüvvələrin yaradılmasında görür.

Çin və xarici hərbi analitiklər bu gün SDQ-nin fəaliyyət göstərəcəyi üç əsas fəaliyyət sahəsinə kosmik istiqaməti (kosmik kəşfiyyat, naviqasiya və peyk rabitəsini təmin etmək), elektron istiqaməti (REM, maneə yaratmaq, ehtimal olunan düşmənin komanda və idarəetmə sistemlərinin səmərəliliyinin azalması, habelə öz qoşunlarının düşmən tərəfindən oxşar hərəkətlərdən qorunması) və kiber məkanı (düşmənin kompüter şəbəkələrinə hücumları, həmçinin öz milli şəbəkə qaynaqlarının müdafiəsini) aid edirlər. ÇXAO-nun Strateji Dəstək Qüvvələri, ölkənin quru qüvvələrinin, dəniz qüvvələrinin və hava qüvvələrinin, habelə davam edən islahatların bir hissəsi olaraq ləğv edilən digər müxtəlif bölmələri, bu tip problemlərin həlli üçün əvvəllər ayrılıqda işləyən əksər hissə və bölmələri bir araya gətirdi. Məlumata görə, SDQ-nin ayrı bir vəzifəsi isə sülh və müharibə dövründə Çinin siyasi və hərbi rəhbərliyinin informasiya təminatından ibarət olacaq.
Strategyvision.org

Teq: ÇXAO   SDQ   Kiber-silah  


Oxşar məqalələr
Son əlavə olunanlar