Fransa milli kvant texnologiyasında böyük irəliləyiş yolunda

 Fransa milli kvant texnologiyasında böyük irəliləyiş yolunda
1268     10:55     06 01 2022    
Fransa yeni çoxsektorlu, qabaqcıl hesablama platforması ilə və inkişaf etməkdə olan texnologiya sahəsində tədqiqat və inkişaf səylərini dəstəkləmək üçün bir neçə il ərzində milyardlarla avro sərmayə qoyaraq kvant texnologiyasında irəliləyiş əldə etmək istəyir.

Fransa hökuməti yanvarın 4-də keçirilən tədbirdə milli hibrid kvant hesablama platformasının istifadəyə verildiyini elan edib.

Addım Fransa prezidenti Emmanuel Makronun bir il əvvəl başladığı ölkənin kvant texnologiyası strateji planına əsasən atılıb. Plan 2021-2025-ci illər arasında kvant texnologiyalarının inkişafı üçün 1,8 milyard avro (2 milyard dollar), dövlətin isə 1 milyard avro (1,13 milyard dollar) ayırmasını nəzərdə tutur. Qalan vəsait sənaye proqramları, Avropa maliyyələşdirməsi və müvafiq startap investisiyalarından gələcək. Fransa hökuməti 2030-cu ilə qədər bu sektorda təxminən 16.000 yeni iş yeri yaratmağa ümid edir.

Fransa hökumətinin bəyanatına görə, ilkin 70 milyon avroya başa gələcək (61,9 milyon dollar) yeni “hibrid kvant hesablama” platforması ənənəvi sistemləri və kvant kompüterlərini birləşdirməyə imkan verəcək. Bu sistemlər daha sonra tədqiqat institutlarının, startapların və sənaye tərəfdaşlarının beynəlxalq ictimaiyyəti üçün əlçatan olacaq.

Çərşənbə axşamı günü yarım günlük tədbirdə Fransanın bir çox nazirliklərini təmsil edən liderlər iştirak ediblər. Ölkənin Müdafiə naziri Florens Parli bildirib ki, kvant texnologiyasının mənimsənilməsi Fransanın milli müdafiəsi üçün “tamamilə strateji maraqdır”.

“Hər kəs bəzi kvant texnologiyaları ilə mümkün olan GPS-ə ehtiyac olmadan avtonom naviqasiyanın faydalarını təsəvvür edə bilər. Biz bilirik ki, bu, sabahkı münaqişələrdə həlledici olacaq”, - deyə o qeyd edib.

Parli bildirib ki, kvant əsaslı sensorlar peyk siqnallarına etibar etməyə ehtiyac duymayacaq, lakin “Yerin cazibəsindəki kiçik dəyişiklikləri” ölçməklə işləyə bilən mürəkkəb silah və naviqasiya sistemləri üçün “analoqu olmayan” dəqiqlik səviyyəsini təmin edəcək.

Rabitə sahəsi (kəşfiyyat məqsədləri üçün kriptoqrafik alqoritmləri sındırmaq da daxil olmaqla) kvant kompüterləri üçün hərbi maraqların əsas sahəsidir. Fransa kvant texnologiyası və hesablama şirkətləri üçün inkişaf edən mərkəzə çevrilməyə can atır. Fransada yerləşən “Atos” adlı informasiya texnologiyaları şirkəti yüksək performanslı hesablamaları daha tez və səmərəli şəkildə dəstəkləmək üçün kvant hesablamalarında dəyər görür.
Strategyvision.org

Teq: Fransa   Kvant  


Oxşar məqalələr
Son əlavə olunanlar