Hind-Sakit Okean regionunda silahlanma yarışı kritik həddə: Dünya yeni müharibənin astanasındadır?

 Hind-Sakit Okean regionunda silahlanma yarışı kritik həddə:  Dünya yeni müharibənin astanasındadır?
1651     11:51     25 09 2021    
Hind-Sakit Okean regionun Çinin artan hərbi gücünə qarşı silahlanma yarışı sürətlənir. Region ölkələri son illərdə bir çox müdafiə alqı-satqısına və müdafiə məhsulunun inkişafına yönəlib.

Regiondakı ən son inkişaf ABŞ, Britaniya və Avstraliyanın AUKUS adlı təhlükəsizlik paktıdır. Müqaviləyə əsasən, Avstraliya üçün 8 ədəd nüvə enerjisi ilə işləyən sualtı gəmi inşa ediləcək. Yeni razılaşma ilə 2016-cı ildə Fransa ilə 90 milyard dollar dəyərində imzalanan sualtı gəmi müqaviləsi ləğv edilib.

Avstraliyanın verdiyi rəsmi açıqlamaya görə, ölkənin “Hobart” sinfinə məxsus esmineslərində istifadə üçün “Tomahawk” qanadlı raketləri tədarük ediləcək.


Eyni zamanda satın alınacaq digər silah sistemləri belədir:

- F/A-18F “Super Hornet” döyüş təyyarələri üçün uzun mənzilli gəmi əleyhinə raket (LRASM)
- F-35A və F/A-18F döyüş təyyarələri üçün 900 km-ə qədər uçuş məsafəsi olan JASSM raketləri
- Amerika Birləşmiş Ştatları ilə hipersəs sürətə malik raket qabiliyyətlərinin inkişafı
- Quru Qoşunları üçün 400 km məsafəyə zərbələr endirə bilən idarə olunan raketlərin tədarükü
- 5 milyard dollara 29 ədəd “Boeing” istehsalı AH-64E “Apache” hücum helikopterlərinin tədarükü


Tayvan

Tayvan administrasiyasının son açıqlamasında adanın müdafiə qabiliyyətini inkişaf etdirmək üçün önümüzdəki 5 ildə təxminən 9 milyard dollar xərcləyəcəyi bildirilib. Tayvanın da bu proqram çərçivəsində uzaq mənzilli və qanadlı raketlər alması gözlənilir.

Proqram çərçivəsində yeni raketin də ortaya çıxacağı gözlənilir. Tayvan mətbuatının yazdığına görə, bu raket 1200 km-ə qədər uçuş məsafəsinə malik olacaq və mövcud “Hsiung Sheng” qanadlı raketinin təkmilləşdirilmiş versiyası olacaq.


ABŞ hökuməti 2020-ci ildə Tayvana 100 ədəd “Harpoon” sahil müdafiə sistemi, raketlər, sensorlar, artilleriya batareyaları və dörd PUA daxil olmaqla silah sistemlərinin satışına razılıq verib. Bütün bu müqavilələrin dəyəri təxminən 5 milyard dollar olub.

Yalnız keçən ay Vaşinqton Tayvana 750 milyon dollara 40 ədəd haubitsanın satışını təsdiqləyib.

Cənubi Koreya

Asiya ölkələri arasında ən son inkişafları açıqlayan ölkə Cənubi Koreyadır. Yarımada ölkəsi həm Şimali Koreya, həm Çinin təhdidləri ilə üzləşir. Bütün bu təhdidləri nəzərə alaraq, Cənubi Koreya yerli müdafiə sənayesində böyük sürət qazanıb.

Cənubi Koreya bu yaxınlarda sualtı qayıqdan atılan ballistik raketin sınağını keçirib. Yarımada nüvə silahı olmayan, ancaq sualtı gəmidən ballistik raket buraxa bilən dünyada ilk ölkə olaraq tarixə düşüb. Bu sınaqla Cənubi Koreya sualtı qayıqdan ballistik raket buraxma qabiliyyətinə malik dünyanın səkkizinci ölkəsi olub. Bu qabiliyyəti olan digər ölkələr aşağıdakılardır: ABŞ, Rusiya, İngiltərə, Fransa, Hindistan, Çin və Şimali Koreya.

Sınaqdan keçirilmiş raketin yerli istehsal olan “Hyunmoo-2B” ballistik raketinin bir variantı olduğu bildirilir. Bu raketin uçuş məsafəsi 500 kilometrlə məhdudlaşır və eyni zamanda bu raketdə adi döyüş başlıqlarından istifadə edilə bilər. Mənbələrə görə, Cənubi Koreya raketini “Hyunmoo 4-4” adlandırıb.

Keçən il 800 km uçuş məsafəsinə və 2 ton döyüş başlığına malik olan “Hyunmoo-4” ballistik raketi hazırlanıb. Döyüş başlığındakı çəki artımı vacib məqamdır. Cənubi Koreya “Hyunmoo-4” raketi ilə beton binaları və yeraltı tunelləri hədəf ala biləcək. Bu məqamda xatırladaq ki, ABŞ keçən il Cənubi Koreyaya qarşı raket inkişaf məhdudiyyətlərini tamamilə ləğv edib.

Cənubi Koreya da səsdən sürətli qanadlı raket hazırlayır. Raketin Cənubi Koreya sularına yaxınlaşan düşmən dəniz qüvvələrinə cavab vermək üçün hazırlandığı qeyd olunur. Cənubi Koreya Müdafiə Nazirliyi raketin inkişaf prosesinin son bir il ərzində tamamlandığını qeyd edib. Raketin yaxın günlərdə inventara daxil olacağı gözlənilir.

Cənubi Koreyanın gələcək kosmik proqramlarında istifadə edəcəyi raketin qatı yanacaq mühərriklərinin sınağı da iyul ayında keçirilib. Cənubi Koreya kosmik proqramı ilə kosmosa casus peyklər buraxmağı hədəfləyir.

Şimali Koreya

Şimali Koreya lideri Kim Çen In 2019-cu ilin iyul ayında etdiyi ziyarət zamanı yeni bir sualtı gəmini yoxlayıb. Sualtı gəminin təfərrüatları gizli olsa da, bu sualtı gəminin daşıya biləcəyi silahlar arasında ballistik raketlərin olduğu təxmin edilir.


2019-cu ildə elan edilən başqa bir inkişafda Şimali Koreyanın sualtı qayıqdan atılan ballistik raketi uğurla atdığı açıqlanıb. Nüvə silahına da sahib olan Şimali Koreya raket inkişaf etdirmə səylərini tam sürətlə davam etdirir.

Çin

Bölgədə hərbi güc baxımından ən çox yüksələn ölkə heç şübhəsiz Çindir. Çinin ölümcül silahları arasında DF-26 ballistik raketi var ki, bu da 4000 km uzaqlıqdakı hədəfə nüvə başlığı ilə zərbələr endirə bilər.

Çin PUA sahəsində də çox sürətlə irəliləyir. Qitələrarası ballistik raketləri və hipersəs raketləri inkişaf etdirməyə davam edir.

Yaponiya

Yaponiya müdafiə sahəsində gündən-günə güclənməyə davam edir. Ölkənin Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün təxminən 50 milyard dollarlıq büdcə tələb edib. Nazirliyin xalis tələb olunan büdcəsi 49.93 milyard dollar təşkil edir. Nazirliyin tələb etdiyi büdcə ötən illə müqayisədə 2,6% artım deməkdir. Bu artım 2014-cü ildən bəri ən böyük illik artımdır.

Yaponiya havada, quruda və dənizdəki elementlərini gücləndirməyə davam edir. Yaponiya Baş naziri Yoşihida Suqa Çinin hərbi təsirinin artdığını və bölgədəki status-kvonun birtərəfli dəyişə biləcəyini bildirib. Bu, Yaponiya üçün risk yaradır.

“Çinin Hind-Sakit Okean bölgəsindəki artımının gətirdiyi dəyişən güc balansı və pandemiyanın səbəb olduğu daxili diqqətin artması qeyri-müəyyənliyi artırır. Arxa planda Çinin hərbi gücü ilə status-kvonun dəyişdirilməsi ölkəmizin sülhü və firavanlığı üçün risk yarada bilər”, - deyə o qeyd edib.
Strategyvision.org

Teq: Hind-Sakit-okean   Silahlanma  


Oxşar məqalələr
Son əlavə olunanlar