Lider, təcrübəçi və nəzəriyyəçi - Hər üçünü bacaran şəxs mahir strateqdir

  Lider, təcrübəçi və nəzəriyyəçi  - Hər üçünü bacaran şəxs mahir strateqdir
1404     15:03     26 06 2021    
Vətən Müharibəsi zamanı qazanılan qələbəni psixoloji və strateji gedişlərlə bütünləşdirsək, burada Əsgərimizin şücaəti ilə yanaşı Ali Baş Komandanın yüksək iradə və bacarıqlarına şahidlik edərik. Döyüşlərin bitməsindən sonra taktika və strategiyalar, qəhrəmanlar və strateqlər haqqında çoxsaylı araşdırmalar yazılıb, habelə dünyanın beyin mərkəzlərində ciddi analizlər aparılaraq yeni təcrübələr qazanılıb. Bu yazıda strateji düşüncədən və tarixdə iz qoymuş strateqlərdən bəhs edəcəyik.

Fərqli insanlar eyni vəziyyətlərdə müxtəlif davranış sərgiləyirlər. Bəziləri çətin tapşırıqların öhdəsindən uğurla gəldiyi bir halda, digərləri bunu həyatlarının ən böyük probleminə çevirir. Bəziləri daha az resurs və imkanlarla daha çətin tapşırıqların üstəsindən gəlirlər, bəiləri isə resurs və imkanlar çox olsa da, bunu bacarmırlar.

Strateji düşüncəyə malik insan bütün amilləri nəzərə alaraq və ehtimalları hesablayaraq sistemli düşünmək qabiliyyətinə sahibdir. Yunan dilindən tərcümədə “strateq” idarəetmə incəsənəti mənasını verir. Qədim Afinada sərkərdələr strateq adlandırılırdı. E.ə. VI əsrin sonlarından hər il on strateq seçilirdi. Bu vəzifələri tutmaq hüququna yalnız ilk üç dərəcədən olan varlı və zəngin vətəndaşlar malik idilər. Strateqlər polisin (şəhərin) siyasətinə böyük təsir göstərir və onu idarə edirdilər.

Bəzən strateqlərin anadangəlmə bu xüsusiyyətlərə malik olduğu iddia edilir. Bu bəzən doğru olsa da, həmişə belə deyil.

Strateqlər üçün bəzi ümumi xarakterik xüsusiyyətlər mövcuddur:

1. Uzaqgörənlik qabiliyyətinə sahib olmaq. Döyüşə başlamazdan əvvəl hadisələrin növbəti inkişaf səviyyəsini və nəticələri xəyali olaraq təsəvvür edən bilən adamlar ən yaxşı strateq hesab olunur.

2. Ehtiyat planları mövcud olur. Strateq həmişə hər ehtimalı nəzərə alıb qurduğu plandan əlavə plan qurur.

3. Keçmiş təcrübələrdən məharətlə istifadə edir. Hərbi strateq rəhbərlik etdiyi ordunun və ya komandanın əvvəllər iştirak etdiyi döyüşlərdə yol verdiyi səhvlər və ya əksinə uğur qazandığı taktikları öyrənib, səhvlərə bir daha yol verməmək üçün addımlar atmalı, uğurlu taktikalardan istifadə etməlidir.

4. Strateqlər daha az fərdiyyətçi olur və bu onlara komandaya liderlik etmək üçün kömək edir.

Makedoniyalı İskəndər strateji insanın təcəssümü idi. Bir strateq kimi yalnız dahi və qətiyyətli deyildi, həm də siyasi uzaqgörənlik və cömərdlik nümayiş etdirirdi. Əslində, o, siyasi və hərbi sahə arasındakı boşluğu birləşdirən yeganə adama bənzəyirdi.

Klassik müharibələrlə bağlı ən çox istinad edilən hərbi alimlərdən biri olan Karl fon Klauzevits üçün müstəsna nailiyyətlərdə üzə çıxan, ağıl və temperamentə sahib fərddir.

ABŞ Ordusu Müharibə Kollecində strateqlər üçün üç rol nəzərə alınır: lider, təcrübəçi və nəzəriyyəçi. Hər üçünü bacaran şəxs strateq hesab olunur.

Bəzi ekspertlər isə strategiyaların bəzən peşəkar şəxslər tərəfindən ortaya qoyulmadığını iddia edirlər. Laurens Fridman kimi araşdırmaçılar strateqləri hadisələrə öz iradələrini tətbiq edən liderlər kimi təsəvvür edir. Bunun üçün mütləq hansısa sahənin peşəkarı olmaq vacib deyil.

Ümumiyyətlə müasir dünyada, texnoloji inqilabın kulmanisiya nöqtəsinə çatdığı bir vaxtda mahir strateqin kim olduğunu müəyyənləşdirmək çətindir. Bəzən bu sahənin alimləri strateji düşüncəyə malik şəxsin daşıyacağı keyfiyyətlərin o qədər çox olduğunu deyirlər ki, belə bir şəxsi tapmaq, demək olar ki, mümkünsüzdür.

Bu gün qarşılaşdığımız problemlərin mürəkkəbliyi və daim dəyişən təbiəti tək bir şəxsin geniş biliyə, uzaqgörənliyə, dahiliyə, nüfuza sahib olmasını mümkünsüz edir. Ola bilsin ki, bu keyfiyyətlərin bəziləri müəyyən şəxslərdə olsun, amma bu o mənaya gəlmir ki, həmin şəxslər dövləti, komandanı, ordunu idarə edə, rəqiblərlə mübarizədə uğurlu ola biləcək.

Müasir dövrdə mahir strateq daxili və xarici məsələlərə diqqət yetirən, böyük strategiyalar hazırlayan və ya hazırlanmasında iştirak edən liderlərdir. Qeyd olunan lider bacarıqlı olmalı və düşməni məğlub edəcək qədər yaxşı performans göstərməlidir. Nisbi qələbə yox, mütləq qələbə qazanmalıdır.

Sahənin alimləri qeyd edir ki, Qərb cəmiyyətlərində strategiya sahəsində bu cür statusu əldə etmək olduqca çətindir. Bu cəmiyyətlərdə siyasi və hərbi qurumlar arasındakı mövcud və daim artan uçurum bir şəxsin strateq olmasını çətinləşdirir, bəlkə də mümkünsüz edir.

Qərbdə hərbi sahədə mahir strateq olmaq dövlətin siyasi quruluşuna qarşı çıxmaq deməkdir. Yoxlama və tarazlıq (“checks and balances”) sistemi bu cəmiyyətlərdə strateqlərin ortaya çıxmasına imkan vermir. Amma yenə də Qərbdə Çörçill, Eyzenhauer, Tetçer kimi şəxslərin adlarını çəkmək mümkündür.

Usta strateq fikri ardıcıllıq tələb edir. Fərd hər zaman nümunəvi bir strategiya hazırlaya bilərmi? Böyük strateq sayılan fərdlər belə müəyyən dövrlərdə dəhşətli strategiyalar hazırlayıblar. Çingiz Xan və Makedoniyalı İskəndər misilsiz uğurlara imza ata bilərdimi, bu uğurlarda böyük rol oynayan generallar və məsləhətçilər olmasaydı?.

Strategiya təbiətcə adaptiv və təkamülçüdür. Liderlərin strateji düşüncələrə sahib olmaları lazım olsa da, sistemin rolu olduqca böyükdür. Bu gün şərq cəmiyyətləri mahir strateq olmaq potensialına sahib liderlər istehsal etmək üçün daha əlverişlidir.

Tarixən məşhur və uğurlar əldə edə bilən mahir strateji düşüncəyə malik aşağıdakı şəxslərin adlarını çəkmək mümkündür:

1. Çingiz Xan

Çingiz Xan bəlkə də tarixdəki məşhur şəxslərdən daha çox ərazi fəth edib. Bəşər tarixinin ən böyük dövləti olan Böyük Monqol İmperiyasını quran Çingiz xan bunu tamamilə eqoist düşüncələrdən uzaq bir vəziyyətdə həyata keçirib. Məsələn o, kiminsə onun şəklini çəkməsini istəməyib, ölümündən sonra abidəsinin qoyulmasından imtina edib.

2. Hannibal

Hannibal bütün zamanların ən yaxşı hərbi strateqlərindən biri ola bilər. Hannibal yalnız strategiyalar yaratmaq, onları həyata keçirməklə məşğul olmayıb, o həm də hərbi liderlik üçün ideal nümunə hesab oluna bilər. O, hər manevrdə adamları ilə birgə idi, heç vaxt adamlarından istəmədiyi riski götürməmələrini istəyirdi, təvazökarlıqla adamları ilə bir yerdə yatardı.

3. Napoleon

Tarixin ən böyük hərbi strateqlərindən biri Napoleonun hərbi təchizat, taktika və müharibə planlaşdırmada inqilablar etdiyi məlumdur. Napoleonun klassik müharibələrə və Roma tarixinə olan heyranlığı onu tarixin ən dahi hərbi strateqlərindən birinə çevirdi.

4. Səlahəddin Əyyubi

İkinci və Üçüncü Səlib yürüşləri zamanı xristianlara qarşı mübarizə aparan Səlahəddin Əyyubi Yaxın Şərqdəki insanlar üçün Qüds və Levant şəhərlərini yenidən azad edib müsəlmanlara geri qaytaran şəxs kimi tanınır. O, düşmənlərinə səxavətli və cəngavərliyi ilə də məşhurdur. Səlib yürüşlərinə qarşı məhdud imkanlar şəraitində müsəlmanları birləşdirməyi bacarmışdı.

5. Makedoniyalı İskəndər

Makedoniyalı İgəndər atasının Makedoniya İmperatorluğunu 15 ildən az bir müddətdə Cənubi Balkan yarımadasından Misirə və Hindistana qədər genişləndirdi. Aristotelin nəzarəti altında böyüyən İsgəndər gənc yaşlarından farslarla müharibələrdə iştirak edirdi.

6. Sun Tzu

Tarixçilər Sun Tzunun həyatı barədə tam əmin olmasa da, onun Çində eramızdan əvvəl 5 və 4-cü əsrlərdə bacarıqlı hərbi general, strateq və filosof olduğunu qəbul edir. O, Şərq və Qərb hərbi düşüncəsinə təsir edən hərbi nəzəriyyə, taktika və fəlsəfə haqqında 13 fəsildən ibarət önəmli kitab yazıb

7. Yuli Sezar

Yuli Zezar Roma İmperiyası tarixinin ən yaxşı hərbi generalı və liderlərindən biri hesab olunur. İştirak etdiyi müharibələrdə istifadə etdiyi taktikalar, qurduğu strategiyalar hələ də müasir dövrdə bir çox şəxslər tərəfindən öyrənilir.
Strategyvision.org

Teq: Strateq   İlham-Əliyev   Vətən-Müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar