Soyuq Müharibə Dövründə Hibrid Müharibə - I YAZI

 Soyuq Müharibə Dövründə Hibrid Müharibə -  I YAZI
932     13:53     06 03 2023    
“Soyuq Müharibə dövründə meydana gələn yeni şərtlər, əldə edilən texnoloji üstünlüklər və digər nailiyyətlər öz növbəsində hibrid müharibəyə yeni forma verdi. Bu səbəbdən dolayı müasir və qədim dövr hibrid müharibələrini bir-birindən ayırarkən Soyuq Müharibə dövrünün meydana gətirdiyi taktikaları öyrənmək zəruridir”.

Hibrid Müharibənin qədim tarixi olsa da, o, Soyuq Müharibə dövründə heç vaxt olmadığı qədər təkmilləşib və genişlənməyə başlayıb.


“CNA Corporation”un tədqiqatçısı və eyni zamanda “Wilson” Mərkəzi Kennan İnstitutunun əməkdaşı Maykl Kofman deyir ki, Soyuq Müharibə bipolyar sistemdən doğan bir rəqabət idi. Burada həm iqtisadi, həm də hərbi üstünlüklərə sahib iki supergüc beynəlxalq siyasətə yön vermək uğrunda mübarizə aparırdı: “Həmin vaxtlarda mövcud olan güc ayrılığı kimi, onların universalist ideologiyaları bu rəqabəti qaçılmaz etmişdi”

Qeyri-ənənəvi müharibə, xüsusi qüvvələr, partizan döyüşçülərindən istifadə və pozucu taktikalara, digərləri arasında təxribat, dezinformasiyaya əl atmaq Sovet hərbi düşüncəsinin mərkəzi elementi idi. Lakin bu taktikalar Soyuq Müharibə dövründə dünyanın müxtəlif yerlərindəki məhdud “proksi münaqişələr”də həm ABŞ, həm də SSRİ tərəfindən istifadə edildi. Soyuq Müharibə tarixinə qısa bir baxış keçirsək görərik ki, informasiyanın təsiri əhəmiyyətli rola malik olub. Hər iki tərəf əks tərəfin ismarıclarının öz xalqını özünə qarşı çevirə biləcəyindən ehtiyat edirdi. Üstəlik, o, özlüyündə informasiyadan istifadəni bir növ müharibə aktına çevirmişdi.

Sovet İttifaqında konservatizm və millətçiliyin azaldığı, SSRİ-nin Leonid Brejnev, Yuri Andropov və Konstantin Çernenko tərəfindən idarə olunduğu 1960-1980-ci illərdə hibrid müharibə və informasiya müharibəsi böyük vüsət almağa başladı. Sovet İttifaqı dezinformasiya sahəsində çox aktiv idi. SSRİ pozuntu, dezinformasiya və saxtakarlığı, xüsusi qüvvələrin istifadəsi ilə birləşdirmə təcrübəsinə malik idi. Hələ 1930-cu illərdə Sovet İttifaqı informasiya müharibəsi nəticəsində süni Qərb aclığı ilə bağlı məlumatları uğurlu şəkildə yaymışdı.


SSRİ-nin məxfi polisi DTK-nın Qərbi zəiflətmək üçün “aktiv tədbirlər” görməkdən məsul xüsusi departamenti var idi. “Aktiv tədbirlər” şipyonluq və əks-kəşfiyyatdan fərqli məna daşıyırdı. Buraya yalan məlumatların tirajlanması, xarici ölkələrdə mediaya nəzarət cəhdləri, xarici kommunist partiyalar, Kommunist Partiyası Beynəlxalq Şöbəsinin nəzarətində olan cəbhə təşkilatlarının istifadəsi, təhdid, siyasi təsir və s. daxildir.

SSRİ həm də Sovet rejiminə qarşı olanlara sui-qəsdlər törətməkdə də təcrübəli idi. Ukrayna millətçi lideri və sosial-demokrat Simon Petlura SSRİ-nin qurulmasından sadəcə dörd il sonra Parisdə qətlə yetirildi. SSRİ Əfqanıstan, Afrika, Mərkəzi və Latın Amerikasında rejim dəyişikliklərində hibrid müharibədən geniş miqyasda istifadə edirdi. O, ərzilərin ələ keçirilməsinin sürətlənməsi, yaxud milli azadlıq qruplarının yetişdirilməsi üçün xarici ölkələrə Xüsusi Təyinatlı Qüvvələr yerləşdirirdi.

Sovetlərin hibrid əməliyyatlarının geniş məqsədləri vardı. Bunlara (1) SSRİ daxilindəki milli azadlıq hərakatları və dissident qrupların daxilinə sızmaq və onları zəiflətmək, eyni zamanda onların qərb sponsorları ilə əlaqələrini kəsmək, (2) NATO və Avropa Birliyini parçalamaq və zəiflətmək, (3) Avropadakı ABŞ ordusu və nüvə mövcudluğuna qarşı müxalifliyi qızışdırmaq, (4) Latın Amerikası və inkişaf etməkdə olan ölkələr ərazisində ABŞ, Britaniya və Fransa ilə nüfuz dairələri üzərində mübarizə aparmaq və s. daxildir.

İlk və güman ki, ən önəmli məqsəd SSRİ-yə qarşı ən böyük daxili təhdidin qarşısını almaq idi. Söhbət vətənlərinin SSRİ-dən ayrılaraq müstəqil olmalarını istəyən milliyyətçi hərəkatlardan gedir. Ən böyük milliyyətçi təhdid Ukrayna və üç Baltik dövlətlərindən gəlirdi. 1960-cı illərdən 1980-ci illərə qədər Sovet propaqandası və ideoloji kampaniyaları Ukrayna və Baltik dissidentlərini, millətçilərini hədəf aldı. Eyni zamanda onların “Nasist birlikçiləri”, “burjua millətçiləri”, “Qərbin və İsrail kəşfiyyat agentliklərinin cəsusları” kimi portretini formalaşdıraraq gözdən salmağa çalışıldı. Özünün cənub-şərqindəki ukraynalı millətçilərə qarşı 1944-1947-ci illər arasında şiddətli mübarizə aparan və “Vistula Əməliyyatı” çərçivəsində 15 min ukraynalıya qarşı etnik təmizləmə aparan Polşa kommunist rejimi həm də Ukrayna millətçiliyinə hücum etdi.


Sovetlər DTX-nın nəzarətində olan Xarici Mədəni Əlaqələr Cəmiyyəti vasitəsilə bu ideoloji kampaniyalar üzərində böyük vəsaitlər xərcləyirdi. Eyni zamanda Sovet nailiyyətləri və Sovet millətləri siyasətinin alqışlanması üçün onları “Nasist birlikçiləri” kimi təqdim edir, Qərb kəşfiyyat xidmətləri ilə əlaqələri haqqında ideoloji tiradalar və hekayələr tirajlayırdılar.

Sovet rejimi sadist, qatil və Nasizm ortaqlarını ifadə etmək üçün “Banderite” ifadəsindən ortaya çıxardı. “Banderite” İkinci Dünya Müharibəsi dövründə mübahisəli millətçi lider olmuş ukraynalı Stepan Banderanın tərəfdarlarına deyilən sözdən gəlirdi. Az qala Ukraynanın muxtariyyətini dəstəkləyən hər kəs bununla damğalanırdı.

Rus millətçiləri isə heç vaxt Sovet rejimi tərəfindən hücuma məruz qalmadılar. Çünki onlar müstəqil dövlət istəmirdilər. Buna görə də bir çoxları onların “millətçi” adlandırılmasını düzgün hesab etmir. Rusiyadakı dissidentlər və milli müxalifət Ukraynada, 3 Baltik ölkəsi və digər qeyri-rus respublikalarındakı milli demokratlar və millətçilərdən fərqli anlayışlar idi. 1991-ci ilin avqustunda Rusiya SFSR SSRİ-dən müstəqilliyini elan etmədi. Hər il qeyd edilən “Rusiya Günü” isə 1990-cı ilin iyununa qəbul edilən Rusiya Suverenlik Bəyannaməsinin ildönümü ilə əlaqədardır.

Sovetlərin digər bir hədəfi isə Avropa və Trans-Atlantik məkanda əlaqələri parçalamaq idi. Sovet İttifaqı sülh hərakatları və nüvə silahlarının azaldılmasını təşviq edirdi. ABŞ kəşfiyyatının o dövrə aid məlumatlarında Sovet ittifaqının Avropada “Nüvə Tərki-silahı üçün Kampaniya” (CND) kimi təşkilatları maliyyələşdirdiyi bildirilib. Həmin kampaniyada bu günün və o vaxtın Leyborist partiyasının bir çox görkəmli nümayəndələri birləşmişdi. 1986-cı ildə Sovet İttifaqı Dünya Sülh Şurası öz konqresini Danimarkada həyata keçirdi. Bu həmin təşkilatın NATO-ya üzv ölkədə keçirdiyi ilk tədbir idi. Sovet strateqləri Avropada ayrılmanı yaratmaq üçün separatçı qrupları dəstəkləmə, anti-AB populist millətçilərə “Brexit” kimi referendumlara əl atma fikrini yeritmə kimi yollara əl atırdı. NATO hər zaman Sovet təhlükəsizliyinə qarşı əsas təhdid kimi görülüb. Buna görə də, Sovetlərin “aktiv tədbirlər”inin başlıca hədəflərindən biri də bu alyans olub.


SSRİ ideoloji səbəblərdən daha çox siyasi səmərədən dolayı millətçilər, separatçılar, anarxistlər və solçu ekstremistləri dəstəkləyirdi. SSRİ-nin belə qrupları yetişdirmək üçün 40-a yaxın təlim bazası vardı. Macarıstan, Çexoslovakiya, Bolqarıstan və ADR-də yerləşən bu bazalara illik 200 milyon dollar vəsait xərclənirdi. SSRİ bu regionla paralel olaraq, Afrika, Mərkəzi və Latın Amerikası regionlarındakı milli azadlıq hərakatlarına da dəstək verirdi.

Sovet İttifaqı əsasən dezinformasiya, yalan hekayələr və konspirasiya nəzəriyyələrindən istifadə edirdi. Soyuq Müharibə dövründə SSRİ-nin 10 mindən çox dezinformasiya əməliyyatları həyata keçirdiyi ehtimal edilir.

Nəticə etibarilə, SSRİ 1987-ci ilin sonuna qədər Ukrayna millətçilərini həbsə atmağa və edam etməyə davam etdi. Onun bu tipli fəaliyyətləri yalnız 80-ci illərin sonlarından etibarən səngiməyə başladı.

Təbii ki, ABŞ və Sovet İttifaqı arasındakı bu ideoloji və siyasi düşmənçilik Qərb tərəfinin də hibrid müharibə texnikalarından istifadə etməsinə səbəb olurdu. Əsas propaqanda isə kommunist təhdidi ətrafında cəmlənmişdi. Kommunizm yoluxucu xəstəlik kimi təsvir edilirdi. Posterlər və qəzetlərdə Sovet kommunizmi “qırmızı təhdid” kimi insanlara çatdırılırdı. Bu propaqandanın hədəf kütləsi eyni zamanda Amerika sərhədləri daxilini də əhatə edirdi.

Aşağıda belə propaqanda nümunələrindən bir neçəsi ilə tanış ola bilərsiniz:

1. “Bu sabahdır?” Amerikanın kommunizmlə necə ola biləcəyini göstərən poster Xristian Təhsil Cəmiyyəti Dərnəyi tərəfindən hazırlanıb.


2. “Qırmızı Təhdid” 1949-cu ildə rejissor Robert Sprinqsten tərəfindən hazırlanmış film üçün hazırlanmış poster


(Ardı var...)
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar