Strateji düşüncə və hərbi qulluqçu: Birini digərindən ayırmaq olarmı? – ANALİZ

  Strateji düşüncə və hərbi qulluqçu:  Birini digərindən ayırmaq olarmı? –  ANALİZ
468     14:46     09 06 2021    
Hərbi qulluqçu üçün strateji analiz taktiki və əməliyyat mühakiməsi, təşkilatçılıq, planlaşdırma və döyüşçülük kimi alt çoxluqları özündə birləşdirən kompleks bir anlayışı ifadə edir. Lakin strateji analiz məmurların tətbiq etdikləri və üzərində düşündükləri digər analiz növlərindən kifayət qədər fəqlidir. Strateji düşüncə eyni zamanda yüksək özünə güvən, informasiyanı dərhal emal etmə və içində olduğu müharibənin səbəb olduğu mənəvi sarsıntıdan özünü ruhən kənarda saxlamaq kimi keyfiyyətləri tələb edir. Qısa ifadə ilə strategiya müharibənin daha ali mərhələsidir və aktiv döyüş əməliyyatlarının yüksək səviyyəli qərarvermə hissəsini təşkil edir.

Qeyd şərtsiz olaraq istənilən müharibədəki uğursuzluğun səbəbkarı strategiyadakı uğursuzluqdur. Əslində olduqca mükəmməl strategiya dizayn etmiş ola bilərsiniz, lakin məğlub olursunuzsa, bu, rəqbinizin sizdən daha iti strategiya ilə döyüşə çıxdığından xəbər verir. Əgər rəqibdən geri qalırsınızsa da, o halda nə qədər yaxşı olsanız da bu, ümumi olaraq strateji yetərsizliyinizdən xəbər verir, ən azından sözügedən rəqiblə mübarizə çərçivəsində. Bu məqalədə strateji yanaşmanın və strateji analizin təbiəti həmçinin onun niyə görə əhəmiyyətli olduğunu diqqətinizə çatdıracağıq.

İstənilən səviyyəli hərbi konfliktlərin hər birində tərəflər strategiyalarının planlaşdırılması və proqnozlaşdırılmasında onun kifayət qədər mürəkkəb sujet xəttinə və sonluğa sahib olmasına cəhd etməlidirlər. Bu ideyanın təməlində yatan prinsip sizin strategiyanızı qarşı tərəfin müəyyən etməsinə əngəl olmaqdır. Strategiyaçılar üçün müharibə məntiqli xidmətin məntiqsiz hissəsidir. Güc, gücdən doğan qorxu, şiddət bütün bunlar hərbi liderlər üçün mənasız gəlir. Lakin məhz bu liderlər sözügedən irrasionallığın yekun taleyini müəyyən edən şəxslərdir. Məhşur fransız filosoflar Deluze və Quatari tərəfindən formalaşdırılan və onların adları ilə adlandırılan bir nəzəriyyəyə əsasən, müharibə iki tərəfin iştirakı ilə ortaya çıxan bir maşın olaraq qəbul edilir. Bu nəzəriyyədə göstərilir ki, bu maşının fəaliyyət göstərməsində qarşı tərəflərdən biri idarəetməyə nəzarət edərkən, digər tərəf də qaz və əyləc pedallarını işə salır. Məhz yaxşı strategiya sahibləri bu maşında qaz və əyləc pedallarına toxunan yox, bu toxunuşları lazımınca istifadə edən və maşını öz istədiyi istiqamətə yönləndirən şəxsdir.

Strateji düşüncə tərzinin təbiəti

Taktiki və əməliyyat düşüncə tərzi şəxsi və ictimai ola bilər. Bu səviyyədə liderlik edən zabitlər əsas etibarilə müharibə içində olan insanlarla bilavasitə ünsiyyət halındadırlar və döyüş ərazisinin, yaxud əməliyyat teatrının ortaya çıxardığı şəraitdən birbaşa təsirlənirlər. Müharibə qərargahı heyətini formalaşdıran zabitlər müxtəlif millətlərin nümayəndələri olsalar və müxtəlif xidmətlərdən məsuliyyət daşısalar belə əsasən eyni hədəf, məqsədləri güdür və eyni lüğətdən istifadə edirlər. Strateji düşüncə tərzi bürokratikdir və o bürokratik mənbələrə ehtiyac duyur. Bürokratik vasitələrlə həyata keçirilən strateji düşüncə tərzi ümumi olaraq bürokratiyanın müsbət və mənfi tərəflərini nümayiş etdirir. Strateji düşüncə və planlaşdırma taktiki və əməliyyat düşüncə tərzinə nisbətdə daha az ictimai əsasladır. Ona görə ki, strateji planlama daha çox məxfi məlumatlar ehtiva etdiyindən dolayı bu düşüncə tərzi ictimaiyyət tərəfindən o qədər təsirlənmir və qərargahda qəbul edilən hər hansısa bir qərar xalqın yanaşma tərzi ilə tamamilə fərqli mənəvi xüsusiyyətlər nümayiş etdirə bilər. Lakin aktiv döyüş və əməliyyatlarda atılan addımlar birbaşa olaraq cəmiyyətdən təzyiqlər görür buna görə də burada yanaşma tərzi əsas etibarilə cəmiyyətin sahib olduğu xüsusiyyətləri təcəssüm etdirir.

Strateji yanaşma və düşüncə tərzi eyni zamanda az fərdiyyətçidir. Belə ki, burada qəbul edilən qərarlar sadəcə bir nəfərin fikri əsasında da müəyyən edilmir. Yəni siz hər hansısa bir müharibədə kiçik qərarları əsgər və ya döyüşdə birbaşa iştirak edən zabit olaraq təkbaşınıza ala bilərsiniz, lakin qərargahda işlər bir az fərqli standartlar altında gedir. Strateji düşüncə tərzi ona görə bürokratikdir ki, o, hiyerarxiya, ixtisaslaşma və təşkilatlanma əsasında ortaya çıxır.

20-ci əsrin əvvəllərində alman sosioloq Maks Veber qeyd edirdi ki, bürokratiya daha öncə ortaya çıxan köhnəliyin qalığı funksiyasını yerinə yetirən və sistemsiz siyasi mexanizmlərin seçdiyi başlıca vasitələrdəndir. Bu dövrlərdə olduqca çox mərtəbəyə sahib hiyerarxiya nizamını rədd edən bir sıra özəl qurumların əldə etdiyi ciddi uğurlar bəzi suallar ortaya çıxardı. Yoxsa həqiqətənmi piramidanın yüksəkliyi artdıqca onun effektivliyi aşağı düşür. Praktika onu göstərir ki, strateji düşüncə tərzinin formalaşmasında ciddi problemlərdən biri məhz budur ki, sadə əsgərlə general arasında piramida olduqca dik və yüksəkdir. Piramidanın ətəyindəki adi bir əsgərin onun zirvəsindəki ordu generalına çıxışı bir sıra istisnaları çıxmaq şərtilə demək olar ki, sıfırdır. Lakin bu baxımdan stereotipləri qıran və bunun nəticəsini də maksimum şəkildə görən bir sıra hərbi qüvvələr mövcuddur. Məsələn ABŞ-da əsgər-general əlaqə imkanları Rusiya ordusundakından təxminən 20 dəfə, Çindəkindən isə 14 dəfə daha yüksəkdir. Məhz bu da ordu daxilindəki psixoloji abu-havanı maksimum səviyyədə saxlayan nüanslardandır. Burada söhbət sadəcə generallardan getmir. Ordu daxilindəki bütün hərbi qulluqçular özündən aşağı rütbəli hərbçilərin onlara çıxış imkanlarını maksimum səviyyəyə çatdırmalıdırlar.

Qeyd edilməli məqam budur ki, burada vasitəçiliyin aradan götürülməsindən söz getmir, sadəcə olaraq şaquli vasitəçilik, üfüqi vasitəçiliklə əvəz edilməlidir. Yəni bir sadə əsgər leytenant, polkovnik, yaxud generalla dialoqda olduqda onun zəhmindən tərləməməli və onu rəhbər yox lider olaraq görməlidir. Bu halda həmin əsgər özündən olduqca irəli bir pillədə dayanan zabitin ondan şaquli (yəni yüksəkdə) yox, üfüqi (yəni qarşıda) mövqedə dayandığını hiss etməlidir. Çünki birinci halda müharibə iştirakçıları prinsipi aşağıdan yuxarıya doğru yüksəldiyi üçün sadə əsgər özünü şahmatdakı qurban piyada kimi hiss edəcək. İkinci halda isə müharibə iştirakçılarının prinsipinə əsasən, həmin əsgər zabitin ondan daha irəlidə dayandığını və onu qoruyub, öz arxası ilə səslədiyini hiss edəcək. Məhz ali rütbəli hərbçilərin bu düşüncəni təlqin etmələri əsgərdə öz ordusuna bir mənəvi bağlılıq formalaşdırır və bu da hərbçilər arasında döyüş ruhunu, əzmkarlığı və birliyi maksimum səviyyəyə çatdırır. Eyni zamanda bu həm də vaxt qənaətinə imkan yaradacaq. Yəni aktiv müharibə dövründə şaquli hiyerarxiyanın aşağı səviyyədə olması ordu daxilindəki koordinasiyanı yüksəldəcək, əmrlərin hədəfə çatdırılmasını sürətləndirəcək və strateji yanaşma və analiz daha da effektiv vəziyyətə gətiriləcək.

Araşdırmalar bunu göstərir ki, bəzi hərbi nailiyyətlər ordu daxilindəki bürokrasiyanı daha da şiddətləndirir. Belə ki, ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı əldə etdiyi hərbi uğurlar ordudakı ən yüksək səviyyəli generallarda eqoizmin yüksəlməsinə səbəb oldu ki, bu da onlarla piramidanın özlərindən sonrakı pilləkənində dayanan hərbi qulluqçular arasında bürokratik sərhədləri şiddətli şəkildə genişləndirdi. Nəticədə 2-ci yerdə dayanan qulluqçular da özlərindən yuxarıdakılardan eqoist münasibət gördüyündən dolayı özlərindən aşağıdakına da eyni münasibəti aşılamağa başladı və bu belə davam edərək ən sonda sıravi əsgərlərə qədər gəlib çıxdı.

İkinci Dünya Müharibəsində ABŞ ordusunun uğurlarının başlıca səbəbkarı donanma qüvvələri və dəniz piyadaları olduğu üçün sözügedən eqoizm də məhz bu komandanlıqlar daxilində baş qaldırdı. Nəticə etibarilə ordunun bu qollarındakı piramida həmin dövrdə daha da genişlənməkdə idi. İndi səsləndirəcəyimiz tarixi fakt bəlkə də olduqca utopik səslənəcək, lakin Vyetnam müharibəsindən öncəki mərhələdə ABŞ donanması və dəniz piyadaları daxilində aparılan psixoloji döyüş hazırlığı nəticələri onu göstərdi ki, o dövr üçün əldə edilən göstəricilər 2-ci Dünya Müharibəsində olan göstəricələrdən təxminən 3-4 dəfə aşağıdır. Məsələnin qəribə tərəfi isə o idi ki, həmin dövrdə quru qoşunlarının hazırlıq səviyyəsi 60 faiz, hərbi hava qüvvələrininki isə təxminən 35 faiz yüksəlmişdi. Yəni donanma və dəniz piyadaları psixoloji döyüş hazırlığı baxımından ən çox geriləyən sahələr olaraq ABŞ ordusunda o dövr üçün xüsusilə fərqlənirdi. Daha sonra ABŞ ordusunda psixoloji analizçilər problemi araşdırarkən belə bir yekun nəticəyə gəlirlər ki, İkinci Dünya Müharibəsi dövrü ilə müqayisədə digər komandanlıqların tərkibindəki canlı qüvvənin müxtəlif rütbəli üzvləri arasındakı hiyerarxiyanın şaquli meyilləri aşağı endiyi zaman, sözügedən bölmələrdə bunun tamamilə əksi müşahidə olunub. Yəni eqo, şaquli hiyerarxiya ilə düz mütənasiblik təşkil edir. Şaquli mütənasiblik isə əsgərlərin psixoloji döyüş hazırlığı ilə tərs mütənasib münasibətdədir. Bu, o dövr üçün əldə edilən ən ciddi hərbi məzmunlu elmi faktlardan biri olsa da, ABŞ rəhbərliyi Vyetnamla müharibəyə girdikdə bunu gözardı etdi və nəticəsini də çox pis yaşadı. Lakin məsələnin daha da maraqlı tərəfi budur ki, Vyetnam müharibəsi ilə bağlı aparılan araşdırmalar onu göstərir ki, ABŞ əgəri bu döyüşdə Dəniz Piyadaları komandanlığının tərkibindəki desant heyətini quru qoşunları ilə əvəz etsəydi, o halda müharibə Vaşinqtonun qeyd-şərtsiz qələbəsi ilə yekunlaşacaqdı.

Əlbəttə, bu nəticələr ilk olaraq ağlasığmaz iddialar kimi səslənə bilər, lakin qəbul etmək lazımdır ki, Vyetnam məğlubiyyətinin səbəbkarı ABŞ donanma generallarının eqosu və ondan doğan bürokratiyadır. Bütün bunlar Maks Veberin ötən əsrin əvvəllərində səsləndirdiyi iddianı praktiki olaraq sübut etdi. Bürokratiya effektivliyi minimuma endirən hiyerarxik vasitədir. Qısacası, hər hansısa bir hərbi qulluqçuya mükafat verməzdən öncə onu mənəvi olaraq da bu mükafata hazır vəziyyətə gətirmək lazımdır. Əlbəttə ki, burada təhsil çox önəmlidir. Hərb təhsili sadəcə ordu daxilində xidmət edərək qazanılmır. Bunun üçün ölkə daxilində güclü zabit hazırlayan mərkəzlər formalaşdırılmalıdır ki, orada da keçiriləcək başlıca fənnlərdən biri liderlik, idarəetmə və mənəvi dəyərlərlə bağlı olmalıdır. Bu faktdır ki, çox güclü silahlanmış bir ordu, fiziki və o silahları idarəetmək baxımından da eyni keyfiyyətlərə sahib olsa belə, taktiki və strateji idarəetmə bacarığına sahib lider olmadıqda çox aşağı səviyyədə silahlanmış və zəif silah idarəçiliyinə sahib ordu qarşısında uğursuzluğa məhkumdur.

Yuxarıda qeyd edilən ola bilsin ki, oxuyucuda hərbi rütbə bölgüsünün əslində yaxşı bir şey olmadığı hissini aşılayır ki, əslində bizim qeyd etmək istədiyimiz şey bu deyil. Belə ki, hərbi rütbə bölgüsünün olması əslində hərbçilərdə daha yuxarıya doğru irəliləmək kimi hədəflər ortaya çıxarır. Yəni əgər bir hərbçi 20 il boyunca hərbi qulluq keçsə və onun vəzifəsi və xidmət növü dəyişməz olaraq qalsa bu, istər istəməz passivliyə səbəb olacaq. Çünki artıq daha çox çalışma, özünü daha da təkmilləşdirmək üçün bir səbəb qalmır. Bu baxımdan hərbi rütbələrin, həmçinin komandanlıq daxilində müxtəlif vəzifələrin olması şəxsi heyətin təkibindəki bütün üzvlərin daha çox çalışmasına və passivliyinin aradan qaldırılmasına səbəb olur. Unutmamaq lazımdır ki, hər bir ordu generalı sadə bir əsgər olaraq xidmətə başlayır və pillə-pillə (bunların üfüqi olması məqsədəuyğundur) o yerə gəlib çatır. Əlbəttə, bunun arxasında güclü nizam-intizam, psixoloji və fiziki güc və ən əsası mənəvi təmizlik dayanır.

Strateji düşünən hərbi qulluqçular

Strategiya qurucusu kimi bir hərbçinin tuta biləcəyi 3 müxtəlif məzmunlu rol var: kadr zabiti, məsləhətçi və ümumən komandir (orduya daha sonra qoşulan zabitlər kadr zabit olmasalar da, ümumən komandir heyəti hesab olunurlar). Bunların içində ən geniş yayılanı kadr zabitləridir. Komandir heyəti arasında yalnızca olduqca yüksək üç, yaxud dörd ulduzlu üzvlər strtaegiyaçı kimi fəaliyyət göstərirlər. Buna baxmayaraq, daha aşağı rütbəli komandir heyətinin də bir sıra taktiki qərarları bəzən strategiya kimi qəbul edilir. Yuxarıda da qeyd etdiyimiz kimi Baş Qərargahın başlıca məhsulu strategiyanın formalaşdırılmasıdır. Məhz buna görə də çox ölkədə baş qərargah prezidentin ali hərbi məşvərətçi şurası rolunda çıxış edir. Baş qərargah üzvlərinin sahib olduğu vəzifə və öhdəliklər nizamnamə və təşkilat ənənələri tərəfindən aydın və dolğun şəkildə müəyyən edilmiş və müəyyən çərçivə daxilinə salınmış kimi görünə bilər, lakin təcrübə onu göstərir ki, bu mövqelərdəki rollar müəyyən mənada şəxsi, mədəni və təşkilati faktorlar tərəfindən də müəyyən edilir. Strateji düşüncə çox zaman bir-birilə rəqabətdə olan mövqelərin mövcudluğunu tələb edir. Bu situassiyadan asılı olaraq strateji qərar mərhələsini həm məlumatlandıra və sürətləndirə, həm də ləngidə bilər. Məsələn, düşünək ki, ordu daxilində bir-birilə rəqabət aparan 2 kəşfiyyat mərkəzi var. Bu halda sözügedən mərkəzlər arasında rəqabətin formalaşacağı aşkardır və nəticə etibarilə bu, strateji planlaşdırma üçün gərəkli olan informasiya bolluğunu təşviq edəcək. Lakin digər tərəfdən daha yuxarıda bir-birilə rəqabət aparan və müxtəlif maraqlara sahib olan iki tərəfin mövcud olduğunu düşünək. Bu halda siyasətin ordunun strateji planlarına inteqrasiyası demək olar ki, mümkünsüz hala gələcək. Belə ki, iki müxtəlif rol sahibinin strategiya quran rolunda çıxış edən baş qərargahı yönləndirməyə çalışması onun nizamını pozacaq. Qısacası, baş qərargaha tabe olan qurum və rolların çoxluğu müsbət, baş qərargahın özünün müxtəlif məzmunlarda bağlı olduğu faktorların sayının (birdən) çoxluğu isə mənfi olaraq qiymətləndirilməlidir.

Bu standartların qorunması əslində müharibə zamanı da yekun nəticəyə əsaslı olaraq təsir edir. Nümunə kimi Koreya müharibəsini qeyd edə bilərik. Koreya müharibəsi zamanı ABŞ Baş Qərargahında strateji planlaşdırılma yekdil bir mərkəzə əsaslanmırdı. Belə ki, müharibədə başlıca xətt müəyyən edən generallar Mək Artur və Van Flit verilən əmrlərin vahid mərkəzdən gəlməməsinin və lazım olan məlumatların olduqca gec əldə edilməsinin müharibənin taleyini həll etdiyini bildiriblər. Belə ki, o dövrdə ABŞ hökuməti İkinci Dünya Müharibəsindəki zəfərin eyforiyasından çıxmamış və Koreya müharibəsinin də eyni məzmunlu olduğunu təxmin edirdi. Məhz bu da başlanğıcda müəyyən mənada boşluğa səbəb olmuş və müharibənin sonuna qədər bunun acı nəticələri ABŞ ordusunu sarsıtmışdı. Belə ki, Koreya müharibəsi ilə bağlı əldə edilən tarixi faktlardan bu nəticəyə gəlmək olur ki, həmin dövrdə ABŞ ordusunda birbaşa olaraq strukturların zəif fəaliyyətindən dolayı azı 4 min hərbçi həlak olub. Əlbəttə ki, bu müharibənin taleyini həll etmək üçün yetərli səbəb idi. Lakin bununla yanaşı başqa bir statistika da ortaya çıxdı ki, bu da o dövrdə Pentaqonun öz qərarlarında müxtəlif mərkəzlərdən gələn təlimatlar nəticəsində dilemmalar qarşısında buraxılması ilə bağlıdır. Belə ki, Koreya müharibəsi zamanı ABŞ prezident administrasiyası və Müdafiə Nazirliyi arasındakı fikir ayrılıqlarından dolayı ordu müharibə zamanı 6 müxtəlif döyüşdən məğlubiyyətlə ayrılmışdı. Məlumata əsasən, bu döyüşlər zamanı ümumilikdə 6800 amerikalı hərbçi həlak olmuşdu ki, rəqəmin bu qədər böyük olmasına səbəb kimi strateji qərar qəbul etmədə mövcud olan ikifikirlilik göstərilir. Hətta aparılan bəzi araşdırmalara görə, Pentaqon bu dilemmalar qarşısında buraxılmasaydı, itkilərin 2 mindən daha az ola biləcəyi və bu döyüşlərdə əldə ediləcək qələbələrin də müharibənin ümumi gedişatını dəyişəcəyi ehtimal edilirdi. İstənilən halda daxili sağlam rəqabətin və yekdilliyin də strateji qərar qəbul etmənin digər önəmli faktorları olduğu aydındır.

Lakin burada vurğulanmalı bir önəmli məsələ də sözügedən yekdillik və əleyhinə olduğumuz ikifikirlilik anlayışları müzakirələrin aparılmasını minimuma endirmək məqsədi güdmür. Yəni hər hansısa strateji qərar qəbul edildikdə ilk olaraq burada geniş müzakirələr aparılmalı və müxtəlif fikirlər üzərində təxminlər aparılmalıdır. Bu bir mənada şahmatda öz gedişini planlaşdırarkən oynamadan öncə qarşı tərəfin mövqeyindən düşünmək və ona uyğun addım atmaq anlamına gəlir. Yəni hər hansısa sağlam müzakirəyə əsaslanmayan bir strataeji qərarın uğur əldə edəcəyi bir o qədər də inandırıcı görünmür. Yəni yuxarıda vurğulanan yekdillik ifadəsi daha dəqiq şəkildə müzakirədən sonrakı yekdillik anlamına gəlir. Əgər həqiqətən də Baş Qərargah rəisinin, yaxud qurumun hər hansısa bir üzvünün səsləndirdiyi istənilən fikir digərləri tərəfindən istinasız və hər hansısa əks-fikir görmədən qəbul edilirsə, bu sözügedən qurumun heyətinin aşağı keyfiyyətdə olduğunu isbat edir. Bundan əlavə qəbul ediləcək yekun qərar aparılan müzakirədən sonra hər kəs tərəfindən yekdilliklə dəstəklənməlidir. Yəni hər kəsin dəstəkləmədiyi bir qərarın qəbul edilməsi onun tətbiqi mərhələsində müəyyən problemlərə yol aça bilər.

Yekun olaraq qeyd edə bilərik ki, strateji qərar qəbul etmənin effektivliyini sarsıdacaq təsirlər, bürokratiyanın və piramidakı kəskin yüksəkliyi, çoxpilləli sistemi, ordu tərkibindəki hərbi qulluqçuların yalnızca fiziki olaraq hazırlaşdırılması və onların psixoloji, mənəvi keyfiyyətlərinin arxa plana atılması, həmçinin idarəetmədəki ikifikirlilik və strategiya qurucularının sözdə müstəqil, əməldə tamamilə asılı olmaları və s.dir.

Digər tərəfdən ordu daxilində yüksək rütbəli hərbi qulluqçuların özlərindən sonrakılarla yaxın münasibəti və onlar arasında təcrübə və fikir mübadiləsi mühitinin formalaşdırılması, üfüqi piramidanın dizayn edilməsi, qulluqçulara haqq etdikləri dəyərin (maddi və mənəvi olaraq) göstərilməsi, baş qərargaha bağlı digər qurumların çox mərkəzli olması, mədəni rəqabət mühiti və s. faktorlar strateji qərar qəbul etməni effketivləşdirir və onun tətbiqi imkanlarını genişləndirir.
Strategyvision.org

Teq: Strateji-Düşüncə   Strategiya  


Oxşar məqalələr
Son əlavə olunanlar